Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6579/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 21.09. 2021-ci il tarixli **********6 nömrəli Qərarı ləğv edilməsi, iddiaçının pensiyasından əsassız tutulmuş məbləğlərin bərpa olunmaqla ona birdəfəlik olaraq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun əmək fəaliyəti 03 mart 1968-ci ildən başlanılmışdır. 05 aprel 2004-cü ildə o 52 yaşına çattığı üçün “Vətəndaşların pensiya təminatı haqqında” 305 №-li 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 13 (a) maddəsinə uyğun olaraq “əmək şəraitinə görə güzəştli şərtlərlə” 255.000 (iki yüz əlli beş min) manat əmək haqqından 255.000 (iki yüz əlli beş min) manat miqdarında yaşa qörə güzəştli şərtlərlə ömürlük pensiya təyin olunmuşdur. O, əmək fəaliyətini öz köhnə iş yerində “Bahar Enerji Limited” şirkətinin “QUM ADASİ” X3 İdarəsində davam etdirmişdir və xx.xx.2011-ci il tarixdə işdən azad olunmuşdur. İş dövründə əmək haqqından Dövlət sosial fonduna pensiya üçün tutmalar ödənilmişdir. xx.xx.2011-ci il tarixindən 370,40 manat pensiya məbləği, xx.xx.2021-ci il tarixindən sonra 689,93 manat məbləğinə çatdırılmışdır. Hazırda mübahisələndirilən 21 sentyabr 2021-ci il tarixli **********6 nömrəli Qərarında cavabdeh qeyd edir ki, vətəndaşın əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırması zamanı xx.xx.2006-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək fərdi hesabın söğorta hissəsində qeydə alınmış pensiya kapitalı 13252.48 manat hesablanmalı olduğu halda, 13325,92 manat pensiya kapitalı hesablandığından xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi, eyni zamanda xx.xx.2013-cü il tarixindən isə heç bir səbəb olmadan pensiyanın üzərinə 140 manat əlavə edilərək hesablanması səbəbindən 17232.50 manat məbləğində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. İddiaçı hesab edir ki, cvabdeh inzibati orqanın Qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalı və onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş pensiya almaq hüququ bərpa olunmalıdır. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə. Həmin Qanunun 104-cü maddəsinə əsasən, (Pensiyaçının sui-istifadə etməsi nəticəsində artıq ödənilmiş pensiya məbləğinin tutulması) Pensiyaçının sui-istifadəyə əl atması (qəsdən düzgün məlumat yazılmayan sənədlər təqdim etməsi, əmək haqqını və ya başqa gəlirini gizlətməsi, ailə üzvlərinin tərkibindəki dəyişikliklər haqqında məlumat verməməsi) nəticəsində artıq ödənilmiş pensiya məbləği sosial təminat orqanlarının qərarı ilə tutulur. Başqa əsaslara görə tutulan məbləğlərdən əlavə, bu halda pensiyadan tutulan məbləğ pensiyaçıya ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Qanunvericilikdə müəyyən edilmiş bütün tutulan məbləğ pensiyaçıya veriləcək pensiya məbləğinin 50 faizindən artıq ola bilməz. Borc ödənilib qurtarmamış pensiya verilməsi dayandırılarsa borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi A.Ağayeva iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. İddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13252,48 manat hesablanmalı olduğu halda, 13325,92 manat hesablandığından xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixə kimi, eyni zamanda xx.xx.2013- cü il tarixdən isə heç bir səbəb olmadan pensiya məbləğinin üzərinə 140 manat əlavə edilərək hesablanması səbəbindən 17232,50 manat məbləğində əmək pensiyasının artıq ödənildiyi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2021-ci il tarixli **********6 nömrəli iddiaçının pensiya məbləğinin dəyişdirilməsi, 17232,50 manat məbləğin bölünərək Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə Qərar qəbul etmişdir. Bununla əlaqədar bildirir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmçinin məhkəmələrdə formalaşmış hüquqi mövqeyə görə inzibati orqan təsnifatına aid edilən Cavabdeh tərəfindən “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərar qəbulu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin tələbləri çərçivəsində inzibati orqanın özünün səlahiyyətindədir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərarlar icra sənədi qüvvəsinə malikdir. İnzibati akt əsasında tərtib olunmuş qərarların icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu kateqoriyadan olan işlər üzrə məhkəmə qərarı tələb olunmur. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə uyğun olaraq (əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz) iddiaçının yaşa görə əmək pensiyasından artıq ödənilmiş məbləğ tutulur. İddiaçıya təyin olunmuş 713.38 manat yaşa görə əmək pensiyası məbləğindən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli Qərarına əsasən hər ay 137.86 manat məbləğində tutulma həyata keçirilir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - İnzibati orqanın xx.xx.2021-ci il tarixli, **********9 saylı “Artıq ödənilmiş pensiyası məbləğinin tutulması haqqında” iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmiişdir ki, 01.01,2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2004-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə tələblərinə əsasən əmək pensiyasının ödənişi davam etdirirlir. Müraciətə cavab olaraqbildirilir ki, xx.xx.2006-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 13252,48 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2011 -ci il tarixindən 370,40 manat müəyyən edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasınln məbləği xx.xx.2021-ci il tarixindən isə 689,93 manat məbləğinə çatdırılmışdır. Əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı xx.xx.2006-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13252,48 manat hesablanmalı olduğu halda, 13325,92 manat pensiya kapitalı hesablandığından xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü ıl tarixinə kimi, eyni zamanda 01,09.2013-cü il tarixindən isə heç bir səbəb olmadan pensiyasının üzərinə 140 manat əlavə edillərək hesablandığından iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğinin artıq hesablanaraq ödənildiyi aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarı ilə idiaçıya təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və müraciətinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır:
Başlanğıc Məbləğ Son tarix tarix Hesablamayadək olan Hesablandıqdan xx.xx.2011 xx.xx.2 371.42 sonra olan 370.40 xx.xx.2012 011 xx.xx.2 394.52 392.95 xx.xx.2013 xx.xx.2 397.97 396.33 xx.xx.2013 013 xx.xx.2 552.92 411.33 xx.xx.2014 013 xx.xx.2 563.79 418.80 xx.xx.2015 014 xx.xx.2 570.27 423.26 xx.xx.2016 015 xx.xx.2 589.09 436.19 xx.xx.2016 016 xx.xx.2 599.09 446.19 xx.xx.2017 016 xx.xx.2 659.74 487.87 xx.xx.2018 017 xx.xx.2 697.35 515.68 xx.xx.2019 018 xx.xx.2 718.27 531.15 xx.xx.2020 019 xx.xx.2 837.50 619.33 xx.xx.2021 020 xx.xx.2 932.98 689.93 021 Bu səbəbdən, xx.xx.2011 -ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 17232,50 manat vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasııından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı qəbul etmişdir. - Məhkəmənin sorğusuna əsasən inzibati orqanın xx.xx.2022-ci il tarixli “pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” məktubu ilə cavabdeh İddiaçı 114983 saylı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli, **********6 saylı etiraz məktubu. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı qəbul edilmiş və qərara əsasən, vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdiriliş, xx.xx.2011 -ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 17232,50 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı həmin qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına dair razılığının olmaması və müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən, ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının pensiyasından əsassız tutulmuş məbləğlərin bərpa olunmaqla ona birdəfəlik olaraq ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilməsi” hissəsində təmin edildiyindən və qərar ləğv edildiyindən, İPM-in 70.3-cü maddəsinə uyğun olaraq həmin qərarla iddiaçının pensiyasından əsassız tutulmuş məbləğlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” məktubundan görünür ki, cavabdeh tərəfindən artıq ödəmə kimi hesablanmış 17232,50 manat vəsaitin tutulması, bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulma qaydasında həyata keçirildiyindən, tutulan həmin məbləğlərin eyni qaydada iddiaçıya qaytarılması təmin edilməlidir. Mövcud qanunvericilikdə birdəfəlik ödəmə nəzərdə tutulmadığından, iddia tələbi müvafiq məbləğin birdəfəlik ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilməli, iddiaçının pensiyasından əsassız tutulmuş məbləğlərin bərpa olunaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ləğv edilsin, iddiaçının pensiyasından əsassız tutulmuş məbləğlərin bərpa olunaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev