Məhkəmə qərarları › İş №2-1(112)-6579/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6579/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6579/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “arayışa düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının (inzibati aktın) əsassız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəmənin 2-1(112)-8104/2021 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli (etibarsız hesab edilmiş) tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktın) əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əlillik qrupu qrafasında yazılmış 2.2 İkinci dərəcəli əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verən hal) (F20-F20.9) sözlərinin Əlillik qrupu qrafasında 2.2 İkinci dərəcəli əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiy funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar” sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında "Yüngül işlərdə işləyə bilər ”sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Mahkamasinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-1918/2023 nomrali qarardadı ila İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyinə qarşı «cavabdehin inzibati aktının əsassız hesab edilmasi va iddiaçının əlilliyi ilə bağlı müvafiq malumatlarda dayişiklik edilmasi» tələbinə dair iddiası mümkünsüz hesab edilmişdir. Hazırkı iddia tələbinin predmeti həmin iş üzrə iddia tələbini premdeti ilə eynidir. Ona görə də, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6579/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Həmin işdə iddia tələbinin predmeti (əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” sözlərinin qeyd edilməsi) iddiaçının hazırkı iddia tələbi ilə eynidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi ilə bağlı məhkəmənin qərardadı olduğundan hazırkı tələbə baxılması prosessual cəhətdən mümkün deyil. İddiaçının eyni tələbinə qeyd edilən qərardadla artıq qiymət verilmiışdir. İddiaçı narazı qaldığı təqdirdə həmin qərardadı mübahisələndirə bilər. Lakin eyni tərəflər arasında eyni predmet üzrə iki məhkəmə mübahisəsinin olması hüquqi müəyyənlik prinsipi baxımından yolveriməzdir. Göründüyü kimi iddiaçı hüquqi marağına uyğun olaraq arayışa düzəliş edilməsi digər inzibati iş üzrə də mübahisələndirmişdir. Hazırkı iddia iddiaçının hüquqi marağına xidmət etmədiyindən və onun hüquqi marağı məhkəmənin icraatında olan 2-1(112)-1918/2023 saylı inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.(6.1-ci bənd) İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.(6.2-ci bənd) İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd) Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd) Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar