Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-658/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində “Para Bokt” və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb olunmaqla) «kredit borcunun restrukturizasiya olunaraq müvafiq kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «kredit borcunun restrukturizasiya olunaraq ona müvafiq kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ilk devalvasiya barədə 21 fevral 2015-ci tarixili qərarından sonra ABŞ dollarının rəsmi məzənnəsi 34,6% artaraq 0,7862 manat səviyyəsindən 1,0500 manata, həmin ilin dekabrın 21-də isə daha 48% artaraq 1,5500 manata çatmışdır. Belə ki, ilk devalivasiya və ikinci devalivasiya dövrlərində, 2019-cu il mart ayının 27-dən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin (cəmi 10.000 ABŞ dollarından artıq olmamalıdır) hər 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il dekabrın 21-nə olan əsas kredit borcunun qalıq məbləğinin (cəmi 10.000 ABŞ dollarından artıq olmamalıdır) hər 1 ABŞ dollarına 0,60 manat restrukturizasiya edilərək kompensasiyalar hesablanaraq ödənilməsinə start verilmişdir. Əgər hər iki tarixdə xarici valyutada əsas kredit borcu mövcud olmuşdursa, bu zaman hər iki tarixə hesablanmış kompensasiya məbləğləri cəmlənməklə fiziki şəxslərə ödənilib. İddiaçı 2015-ci ilin fevral və dekabr aylarında hər iki devalivasiya dövrünə düşdüyü üçün, 9.900 dollar ekvivalentində olan kredit borcuna görə ödənilən kreditə görə, ödənişlərin restrukturizasiya olunaraq sözügedən bu kompensasiyadan yararlanmaq istəsə də, 2019-cu ilin aprel ayında kompensasiyanı almaq üçün cavabdehə müraciət etmişdir. Lakin həmin dövrlərdə adında 10.217,32 ABŞ dolları açıq kredit qalması səbəbi ilə ona kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. İddiaçı adında açıq qalan kredit borcunun silinməməsi və aktiv borc kimi qalmasının "xxxx" ASC-in səhvi nəticəsində yarandığını bildirsə də, bu hər hansı nəticə verməmişdir. 9 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən KİA MOTORS avtosalonundan avtonəqliyyat vasitəsinə görə 3.000 manat ödəniş etmiş və həmin avtomobilə ödənilməli olan məbləğin qalan hissəsini isə, Unibank KB-nin ASC ilə 9 iyul 2010-cu il tarixli 176 AQ/10 nömrəli kredit müqaviləsinə əsasən hər ay 413 dollar ödəmək şərti ilə 48 aylıq kredit müqaviləsi bağlayaraq almışdır. 12 aprel 2011-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində AB N 370732 saylı 9 iyul 2010-cu il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən mühərrik nömrəli G4EEAH336957, ban nömrəsi KNADG411AB6723357, qara rəngli, KİA RİO markalı, **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X1 qanunsuz sahibliyindən alınaraq hazırkı İddiaçı qaytarılması barədə qətnamə çıxarılmışdır. "xxxx" ASC onu *İddiaçı) məhkəməyə cavabdeh qismində vermiş və "xxxx" ASC-nin xeyrinə ondan 14.455,16 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bu tutmanın ipoteka predmeti olan AB N 370732 saylı qeydiyyat şəhadətnaməli KİA RİO markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi və avtomobilin açıq xərrac yolu ilə satılması qət edilmişdir. Hesab olunur ki, onun devalvasiya tarixinə 9.900 ABŞ dolları borcu olduğundan, o, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn hüquqlardan istifadə etmək hüququna malikdir. Göstərilənlərə əsaslanaraq, iki devalivasiya dövrünə düşdüyü üçün, 9.900 ABŞ dolları ekvivalentində olan kredit borcu, PARA BANK-a ödədiyi kredit borcuna görə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndləri tətbiq edilməklə həmin ödənişlərin restrukturizasiya edərək hesablayıb iddiaçıya kompensasiya ödənişinin verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə iddia ilə bağlı ünvanlanmış 16 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə həmin Fərman çərçivəsində yaradılmış məlumat binasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12 iyul 2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncunun birinci və ikinci devalvasiya günlərinə (21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərə) əsas kredit borcu 10.271,32 ABŞ dolları olmuşdur. Sözügedən Fərmanla fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi yalnız devalvasiyaların baş verdiyi günlərə banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Göründüyü kimi borclu İddiaçı sözügedən kredit müqavilələri üzrə əsas borcları devalvasiya günlərinə 10.000 ABŞ dollarından artıq olduğundan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının əhatə dairəsinə düşməmişdir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmə “Para Bokt” və "xxxx" ASC-ni inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmaqla məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər (nümayəndələri) gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Hazırkı məhkəmə araşdırılması ilə müəyyən olunur ki, İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə kredit borcunun restrukturizasiya olunaraq ona müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina emişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının krediti üzrə devalvasiya tarixlərinə ümumi qalıq borcu 10.000 ABŞ dollarından artıq olmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Qeyd olunmalıdır ki, İddiaçı ”Unibank KB” ASC ilə bağladığı 12 iyul 2010-cu il kredit müqaviləsi üzrə qalıq borcunun birinci və ikinci devalvasiya günlərinə 10.000 ABŞ dollardan çox olduğu, daha dəqiq deəsək 10.271.32 ABŞ dolları təşkil etdiyi müəyyən olunur ki, bu hal ona Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil edilməsini istisna edir. Belə olan halda, iddiaçı sözügedən Fərman çərçivəsində kredit borcları restrukturizasiya olunacaq fiziki şəxslərin sırasına daxil edilə bilməz. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd saymır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində “Para Bokt” və "xxxx" ASC cəlb olunmaqla) «kredit borcunun restrukturizasiya olunaraq müvafiq kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində “Para Bokt” və "xxxx" ASC cəlb olunmaqla) «kredit borcunun restrukturizasiya olunaraq müvafiq kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-658/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-658/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver