Məhkəmə qərarları › İş №2-1(112)-658/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-658/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-658/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Seyid oğlunun, üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Seyid oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs - X9) "bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Seyid oğlu (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 08 dekabr 2004-cü il tarixli, 8843 saylı torpaq sahəsinin istifadəyə verilməsi müqaviləsinə əsasən 577Ə saylı, Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,12 hektar bağ sahəsinin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 iş üzrə məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 08 dekabr 2004-cu il tarixli, 8843 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 577Ə saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Qeyd edilən torpaq sahəsi on doquz ilə yaxın müddətdir ki, iddiaçının istifadəsindədir. Həmin bağ sahəsinin adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Əvvəlki müraciətinə cavab olaraq bağ sahəsinin ayrılması barədə sənədin idarənin arxivində aşkar edilməməsi əsas gətirilərək müraciətindən imtina edilmiş, sonuncu müraciətinə isə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və iddiaçıya **********00 xaricolma nömrəli, xx.xx.2023cü il tarixli imtina məktubu ünvanlanmışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən 8843 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilə barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamış, həmçinin göstərilən sahə bağçılıq-yoldaşlıq təsərrüfatları üçün ayrılmış ərazidə yerləşir. Bundan əlavə, sənəd üzrə torpaq sahəsi 1200 kv.m. qeyd edilsə də, faktiki 1153 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə digər şəxs X4 müraciəti mövcuddur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək bildirmişdir ki, öz torpaq sahəsinin yerini səhv bilmişdir və bu səbəbdən əvvəllər iddiaçının torpaq sahəsinə iddia etmişdir. X8 onun atasıdır. Onun atası vəfat edib. Lakin, hazırda onun iddiaçının istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı tələbi yoxdur. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış saylı 08 dekabr 2004-cü il tarixli, 8843 nömrəli müqaviləyə əsasən Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində 0,12 hektar torpaq sahəsi olan 577Ə №-li bağ iddiaçının istifadəsinə verilmişdir. Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin sxemi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubla iş üzrə müvafiq sənədlərin surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 aprel 2025-ci il tarixli məktubla mütəxəssis rəyi daxil olmuşdur. Mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,1153 ha təşkil edir. İddia olunan sahənin sərhədləri mişar daşı ilə sərhədlənib (darvaza yoxdu, giriş sərbəstdir). Torpaq sahəsində tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmayıb. Göstərilən sahə bağçılıq-yoldaşlıqları üçün nəzərdə tutulmuş ərazilərə aiddir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağçılıqlara ayrılmış ərazilərdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə digər fiziki şəxsin müraciti olmuşdur. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-5381/2022 nömrəli işdən görünür ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/595 saylı qərarı ilə X2 istifadəsinə ayrılmış Bakı şəhəri Şüvəlan bağ massivində yerləşən 103 nömrəli 0,12 hektar bağ sahəsinə dair hüquqların X7 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5381/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış saylı 08 dekabr 2004-cü il tarixli, 8843 nömrəli müqaviləyə əsasən Əzizbəyov rayonu Şüvəlan qəsəbəsi ərazisində 0,12 hektar torpaq sahəsi olan 577Ə №-li bağ iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən 8843 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilə barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamış, həmçinin göstərilən sahə bağçılıq-yoldaşlıq təsərrüfatları üçün ayrılmış ərazidə yerləşir. Bundan əlavə, sənəd üzrə torpaq sahəsi 1200 kv.m. qeyd edilsə də, faktiki 1153 kv.m təşkil edir və göstərilən torpaq sahəsinə digər şəxs X4 müraciəti mövcuddur. Qeyd edilməlidir ki, cavabdehin əsaslandığı hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı tərəfindən 8843 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilə məhkəməyə təqdim edilmişdir. Həmin müqavilənin arxiv nüsxəsinin cavabdehdə olmaması isə iddiaçının təqsiri deyildir və bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Eyni zamanda cavabdeh iddiaya etirazında bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatları üçün ayrılmış ərazidə yerləşməsi ilə bağlı ümumi fikir bildirmiş, lakin konkret hansı bağçılıq yoldaşlığına ayrılması ilə bağlı məlumat verməmişdir. Cavabdehin qeyd etdikləri mücərrəd xarakter daşımışdır. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir. İş üzrə üçüncü şəxs X9 (X4 oğlu) məhkəmə iclasında həmin torpaq sahəsi ilə bağlı hər hansı iddiasının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə mütəxəssis rəyində torpaq sahəsinin faktiki olaraq 0,1153 hektar təşkil etdiyi qeyd edilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 08 dekabr 2004-cü il tarixli, 8843 saylı torpaq sahəsinin istifadəyə verilməsi müqaviləsinə əsasən 577Ə saylı, Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,1153 hektarlıq bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 08 dekabr 2004-cü il tarixli, 8843 saylı torpaq sahəsinin istifadəyə verilməsi müqaviləsinə əsasən 577Ə saylı, Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,1153 hektarlıq bağ sahəsi üzərində İddiaçı Seyid oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar