Məhkəmə qərarları › İş №2-1(112)-6582/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6582/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6582/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X5 qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “soyadın sonlugunun dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı qızı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək soyadının sonluğunun dəyişdirilərək “Rəhimli” əvəzinə “Rəhimov” müəyyən edilməsi və dəyişdirmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Nərimanov rayon qeydiyyat şöbəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək soyadının “Rəhimli”dən “Rəhimov”a dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır. xx.xx.2013-cü ildə şəxsiyyət vəsiqəsini yeniləyərkən, soyadının sonluğu “Rəhimov”dan “Rəhimli”yə dəyişdirilmişdir. Dəyişikliyə uyğun olaraq, ona AZ-İİİ 070642 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin ailələrində soyadın sonluğunu dəyişən yeganə şəxs oldugundan bu hal sənədləşmə zamanı çoxsaylı çətinliklərə səbəb olur. Belə ki, ailəsilə xaricdə olarkən və ya viza tələb olunan ölkələrə səyahət edərkən soyadların fərqli olması ailələri üçün problemlər yaradır, vizanın verilməsində imtinaya səbəb olur, atası uzun illərdi ki, Rusiya Federasiyasında yaşayır və soyadında olan fərq onun yaşlı valideyninin yanında uzun müddət ərzində olmasına imkan vermir. Məsələ ilə bağlı o, Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin dövlət orqanı tərəfindən ona imtina məktubu verilərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun soyadı “Rəhimov”dan “Rəhimli”yə dəyişdirilərək Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ona 09 aprel 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 070642 saylı yeni doğum haqqında şəhadətnamə verilmiş və AA ******* saylı şəxsiyyət vəsiqəsi almışdır. Soyadının geriyə dəyişdirilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona ünvanlanan 05/Q-1318/15 saylı xx.xx.2019-cu il tarixli məktubla xahişi təmin edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilən imtina qanunsuz sayılmalı və yuxarıda qeyd edilən dəyişikliklərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etdi ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə uyğun olaraq soyad sonluğu “Rəhimovdan”dan “Rəhimliyə” dəyişdirilmiş və ona doğum hqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı “li”,”li”, “lu”, “lü”, “zadə”, “soy”, “gil”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Soyad sonluğunun “Rəhimov”a dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən iddiaçıya doğum haqqında akt qeydində yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçıya məxsus olan AZ-İİİ № 070642 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuşdur, atası X3, anası X1r. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-1318/15 saylı, xx.xx.2019-cu il tarixli məktubdan aydın olur ki, Yasamal rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydində adın dəyişməsi ilə bağlı ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı “li”,”li”, “lu”, “lü”, “zadə”, “soy”, “gil”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Soyad sonluğunun “Rəhimov”a dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən doğum haqqında akt qeydində yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2013-cü il tarixində şəxsiyyət vəsiqəsini yeniləyərkən, soyadının sonluğu “Rəhimov”dan “Rəhimli”yə dəyişdirilmişdir. Dəyişikliyə uyğun olaraq, ona AZ-İİİ 070642 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bundan başqa iddiaçının dediyinə görə ailələrində soyadın sonluğunu dəyişən yeganə şəxs odur və bu hal sənədləşmə zamanı çoxsaylı çətinliklərə səbəb olur. Məhkəmə həmçinin, iddiaçının hazırkı soyadının dəyişdirilməsi səbəblərini tutarlı üzürlü sayır və qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət olmadığını nəzərə alaraq, soyadın “Rəhimov”dan “Rəhimli”yə dəyişdirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının soyadının “Rəhimli”dən “Rəhimov”a dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçının soyadının “Rəhimli”dən “Rəhimov”a dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişiklik edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar