Məhkəmə qərarları › İş №2-1(112)-6582/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6582/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6582/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı, "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə “hamiləliyə və doğuma görə hesablanmış müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı, "xxxx" ASC üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.11.2020-ci il tarixdən 07.03.2021-ci il tarixədək hamiləliyə və doğuma görə 126 təqvim günü müddətinə sosial məzuniyyət üzrə hesablanmış 4.197 manat məbləğində müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərə görə 30.000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-də elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsində işləyir. Ərizəsi və təqdim etdiyi SN00006 seriyalı 488966 nömrəli əmək qabliyyətinin olmaması vərəqəsinə əsasən "xxxx" ASC-nin 935 saylı 02.11.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 125-cı maddəsinin 1-ci bəndinə əsasən mənə 02.11.2020-ci il tarixdən 07.03.2021-ci il tarixədək hamiləliyə və doğuma görə 126 təqvim günü məzuniyyət verilmişdir. Həmin əmrə əsasən hamiləliyə və doğuma görə müavinət hesablanmış və 4.197 manat müəyyən edilmişdir. Hesablanmış müavinətin ödənilməsi üçün sığortaedən kimi "xxxx" ASC tərəfindən cavabdehə haqq-hesab cədvəlləri göndərilmişdir. Lakin hər dəfə həmin sənədlər cavabdeh tərəfindən əsassız olaraq geri qayratılmışdır. Məzuniyyət pulunun ödənilməməsi ilə bağlı aidiyyəti üzrə ərizə ilə müraciət etmiş, cavabdeh 05.05.2021-ci iİ tarixli **********3 saylı məktubu ilə bildirmişdir ki, onlara təqdim edilən sənədlərdə uyğunsuzluq olduğundan icra olunmadan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən Filiala ünvanlanmış 19.04.2021-ci il tarixli ********** nömrəli müraciətə 05.05.2021-ci il tarixli **********3 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, sığortaedən, "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, ona aid 02.11.2020-ci il tarixdən 07.03.2021 -ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 488966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlləri dəfələrlə “X1 Sistemi”nin “Sığorta” altsisteminə daxil edimiş (daxil olma tarixi 24.12.2020-ci il, geri qaytarılma tarixi 24.12.2020-ci il; daxil olma tarixi 29.12.2020-ci il, geri qaytarılma tarixi 30.12.2020-ci il; daxil olma tarixi 27.01.2021-ci il, geri qaytarılma tarixi 28.01.2021-ci il; daxilolma tarixi 18.02.2021-ci il, geri qaytarılma tarixi 20.02.2021-ci il; daxilolma tarixi 03.03.2021-ci il, geri qaytarılma tarixi 12.03.2021-ci il; daxil olma tarixi 07.04.2021-ci il, geri qaytarılma tarixi 09.04.2021-ci il; daxil olma tarixi 27.04.2021-ci il, geri qaytarılma tarixi 28.04.2021-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: aylar üzrə əmək haqqı arayışı daxil edilməyib; aylar üzrə əmək haqlarında olan fərqin səbəbi əlavə edilməyib; iş rejimi dəqiqləşdirilməyib; əvvəlki iş yerinə dair əmək haqları haqq-hesab cədvəlinə daxil edilməyib; 2019-cu ilin dekabr ayı əldə etdiyi qazanc dəqiqləşdirilməyib; əlavələr düzgün daxil edilməyib. Qeyd olunan uyğunsuzluqlar sığortaedən tərəfindən aradan qaldırıldıqdan və haqq- hesab cədvəli sığortaedən tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə müvafiq düzəlişlər olunub daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacağı bildirilmişdir. Göründüyü kimi, sığortaedən, "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə daxil edilərək yenidən müraciət edilməsi barədə məlumat verilməsinə baxmayaraq yuxarıda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmamışdır. 09 iyul 2021-ci il tarixdə, məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənəvi zərərlə bağlı tələbinin tələblər sırasından çıxarılması xahiş etmişdir. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı növbəliiş rejimi ilə normadan artıq işləmişdir. Bu baxımdan əmək haqqı müxtəlif aylar üzrə fərqli hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə, Qazaxıstan Respublikası, Taldı Kürqan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş, SN 00006 seriyalı 488966 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən İddiaçı 02.11.2020-ci il tarixdən 07.03.2021-ci ilədək işdən azad edilmişdir; "xxxx" ASC-nin sədrinin 02.11.2020-ci il tarixli, 935-ş nömrəli əmrinin surətindən görünür ki, elektron idarəetmə və müasir texnologiyalar departamentinin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri İddiaçı Azərbaycan Respublikası Əmək Məcələsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən 02.11.2020-ci il tarixdən 07.03.2021-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) sosial məzuniyyət verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 05.05.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq göstərilmişdir ki, sığortaedən, "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, ona aid 02.11.2020-ci il tarixdən 07.03.2021 -ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 488966 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlləri dəfələrlə “X1 Sistemi”nin “Sığorta” altsisteminə daxil edimiş (daxil olma tarixi 24.12.2020-ci il, geri qaytarılma tarixi 24.12.2020-ci il; daxil olma tarixi 29.12.2020-ci il, geri qaytarılma tarixi 30.12.2020-ci il; daxil olma tarixi 27.01.2021-ci il, geri qaytarılma tarixi 28.01.2021-ci il; daxilolma tarixi 18.02.2021-ci il, geri qaytarılma tarixi 20.02.2021-ci il; daxilolma tarixi 03.03.2021-ci il, geri qaytarılma tarixi 12.03.2021-ci il; daxil olma tarixi 07.04.2021-ci il, geri qaytarılma tarixi 09.04.2021-ci il; daxil olma tarixi 27.04.2021-ci il, geri qaytarılma tarixi 28.04.2021-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: aylar üzrə əmək haqqı arayışı daxil edilməyib; aylar üzrə əmək haqlarında olan fərqin səbəbi əlavə edilməyib; iş rejimi dəqiqləşdirilməyib; əvvəlki iş yerinə dair əmək haqları haqq-hesab cədvəlinə daxil edilməyib; 2019-cu ilin dekabr ayı əldə etdiyi qazanc dəqiqləşdirilməyib; əlavələr düzgün daxil edilməyib. Haqq-hesab cədvəli sığortaedən tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə müvafiq düzəlişlər olunub daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxılacaqdır; Haqq-hesab cədvəllərinin statusu ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən “X1 Sistemi”nin “Sığorta” altsisteminə 12.07.2021-ci il tarixdə daxil edilmiş sonuncu haqq-hesab cədvəlinin qaytarılma səbəbləri kimi əlavələrin məbləğinin və aylıq əmək haqqının düzgün daxil edilməməsi göstərilmişdir. Aylar üzrə hesabat vərəqlərindən, arayışlardan və "xxxx" ASC-nin 14.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 18 dekabr 2019-cu il tarixinə qədər 4 №-li Regional Sukanal İdarəsinin X3 kompyuter operatoru vəzifəsində çalışmış, 19 dekabr 2019-cu il tarixdən "xxxx" ASC-nin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsinə təyin olunmuşdur. İddiaçı əmək haqqı aşağıdakı qaydada hesablanmışdır: - 2019-cu ilin noyabr ayı üzrə 440,00 manat; - 2019-cu ilin dekabr ayı üzrə 547,52 manat (261,49+286,03); - 2020-ci ilin yanvar ayı üzrə 1237,67 manat; - 2020-ci ilin fevral ayı üzrə 831,92 manat; - 2020-ci ilin mart ayı üzrə 1565,43 manat (1515,43 + 50); - 2020-ci ilin aprel ayı üzrə 801,13 manat; - 2020-ci ilin may ayı üzrə 1273,17 manat; - 2020-ci ilin iyun ayı üzrə 976,38 manat; - 2020-ci ilin iyul ayı üzrə 932,21 manat; - 2020-ci ilin avqust ayı üzrə 1071,60 manat; - 2020-ci ilin sentyabr ayı üzrə 801,13 manat; - 2020-ci ilin oktyabr ayı üzrə 801,13 manat. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır; 6-cı maddəsinə əsasən, sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: ... hamiləliyə və doğuma görə müavinət; ... 6-cı maddəsinin ikinci hissəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin: 28-ci hissəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır; 65-ci hissəsinə əsasən, hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir; 67-ci hissəsinə əsasən, hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır; 72-ci hissəsinə əsasən, hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. İşin mübahisəsiz hallarına görə, iddiaçı 18 dekabr 2019-cu il tarixinə qədər 4 №-li Regional Sukanal İdarəsinin X3 kompyuter operatoru vəzifəsində çalışmış, 19 dekabr 2019-cu il tarixdən "xxxx" ASC-nin Çağrı mərkəzi və innovativ həllərin tətbiqi şöbəsinin Qaynar xətt qrupunun dispetçeri vəzifəsinə təyin olunmuşdur və 02.11.2020-ci il tarixdən 07.03.2021-ci ilədək hamiləliyə və doğuşa görə məzuniyyətdə olmuşdur. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının vəzifə maaşının aylıq 705,00 manat olmaqla müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancı müəyyən edilərkən həmin aylıq vəzifə maaşının əsas kimi götürülməli olmasıdır, çünki işçiyə ödənilən mükafatlar əmək haqqına əlavə kimi qeyd edilməklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı çox göstərilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasının (etirazının) dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, aylar üzrə hesabat vərəqlərindən görünür ki, iddiaçının aylıq vəzifə maaşı 705,00 olsa da, istehsalat təqvimi üzrə işləməli olduğu saatdan artıq (bayram günləri, artıq iş saatı) işləmiş, həmin saatlara görə, o cümlədən gecə vaxtı yerinə yetirilən işlərə görə əmək qanunvericiliyinin tələbinə uyğun olaraq əlavə əmək haqqı hesablanmışdır. Məsələn: 2020-ci ilin yanvar ayı üzrə iddiaçı 144 saat (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş 2020-ci iln istehsalat təqviminə əsasən 2020-ci ilin yanvar ayı üzrə iş vaxtı norması 144 saat olmuşdur) aylıq iş vaxtı normasına görə 705,00 manat, 12 saat bayram günlərinə görə 117,50 manat, 36 saat artıq iş saatına görə 352,51 manat və bunların 32 saatını gecə vaxtı işlədiyinə görə əlavə 62,66 əmək haqqı hesablanmış və həmin məbləğlərdən tutulmalar aparılmışdır. Qeyd edilən əlavə saatlara görə əmək haqqının ödənilməsi işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində də nəzərdə tutulmuşdur. İddiaçının istirahət və iş günü hesab edilməyən bayram günləri, artıq iş saatı və gecə vaxtı işləməsi çalışdığı dispetçer vəzifəsi üzrə əmək funksiyasının xüsusiyyətlərinə də uyğundur. Həmçinin, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının çalışdığı vəzifə üzrə aylıq iş qrafiklərində həmin əlavə saatlar öz əksini tapmışdır. İddiaçıya hamiləliyə və doğuma görə hesablanmalı olan müavinətin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə iddia qismən əsaslı olmaqla aşağıdakı qaydada hesablanmalıdır. İddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi 2020-ci ilin noyabr ayından etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancının ümumi məbləği olan 11.279,29 manatı (440,00 manat + 547,52 manat + 1237,67 manat + 831,92 manat + 1565,43 manat + 801,13 manat + 1273,17 manat + 976,38 manat + 932,21 manat + 1071,60 manat + 801,13 manat + 801,13 manat) həmin dövrdəki 241 iş gününə bölməklə orta gündəlik qazancının 46,80 manat olması müəyyən edilir və müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında olması əsas kimi götürüldükdə həmin 46,80 manat müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki 83 iş gününə vurulması ilə ümumi müavinətin məbləği olan 3.884,40 manat (46,80 manat x 83 gün) əldə olunur. (iş günlərinin sayı müvafiq illər üzrə təsdiq edilmiş istehsalat təqvimlərinə əsasən müəyyən edilmişdir) Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan qismən təmin edilməli, İddiaçı hamiləliyə və doğuma görə 3.884,40 manat (üç min səkkiz yüz səksən dörd manat, qırx qəpik) müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hamiləliyə və doğuma görə 3.884,40 manat (üç min səkkiz yüz səksən dörd manat, qırx qəpik) müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar