Məhkəmə qərarları › İş №2-1(112)-6582/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6582/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6582/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyası Dağıstan Respublikasının Dağıstan Dövlət Universiteti tərəfindən ona verilmiş 31 may 2003-cü il tarixli, HBC ******* nömrəli diplom üzrə aldığı “Hüquqşünaslıq” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasının Dağıstan Dövlət Universitetinin Bakı şəhərində fəaliyyət göstərmiş filialının Hüquq fakültəsinə (əyani forma) qəbul olunmuş, 5 il həmin Universitetdə təhsil almış və 2003-cü ildə həmin Universitetin “Hüquqşünas” fakültəsinə (əyani forma) fakültəsini bitirmişdir. İddiaçı hər il universitetə təhsil haqqı ödəmişdir (buna dair qəbzləri məhkəməyə təqdim etmişdir). Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti (Mahaçkala şəhəri) tərəfindən iddiaçıya 31 may 2003-cü il tarixdə ИВС ******* nömrəli “Hüquqşunaslıq ” ixtisası üzrə diplom, ДИС ******* nömrəli diploma əlavəsi verilmişdir. Diplom Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il X1 uyğun olaraq təsdiq edilərək apostil möhürü vurulmuşdur. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya Azərbaycan Respublikası 05 mart 2004-cü il tarixdə qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiya razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən rəsmi sənəd apostil möhürü ilə təsdiq edilmişdirsə, sənədin təqdim edildiyi dövlətdə sənədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təstiq edilməsi tələb olunmur. Lakin Konvensiyanın tələblərinə baxmayaraq, Təhsil Nazirliyində diplom qeydiyyatdan keçirilmədən həmin diplomla işləmək mümkün olmadığına görə iddiaçının o vaxtdan öz ixtisası üzrə işləməyi mümkün olmamışdır. İddiaçı bununla bağlı Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə elektron müraciət etmişdir. Müraciətə cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 11 yanvar 2024-cü il tarixli, NA00021706 saylı imtina qərarı verilmişdir. İmtina üçün əsas iddiaçının təhsil aldığı müəssisənin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi göstərilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə - “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmin qərarda təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərdə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrdə aid diplomların etibarsız sayılmasının rədd olunduğu göstərilmişdir. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmışdır və onların etibarlıq statusu təsdiq edilmişdir. Təqdim edilən diplomdan görünür ki, iddiaçı təhsil müəssisəsini 2003-cü ildə bitirmişdir. Məhkəmənin qərarına əsasən iddiaçının diplomun tanınmalıdır, vətəndaşın vəziyyətini hər hansı bir formada ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Bundan başqa, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyi də belədir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırki vəziyyətdə diplomlar tanınmalıdır. Eyni təhsil müəssisəsi ilə bağlı Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1471/2023 saylı qərarını məhkəməyə təqdim edilmişdir.

3. “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, Ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nm 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra-Qaydarlar) təsdiq edilmişdir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərofdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Qaydaları 4.1.1-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi lələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Yekun olaraq bildirilir ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Rusiya Federasiyası, Dağıstan Dövlət Universiteti Bakı filialı tərəfindən verilmiş MBC ******* nömrəli xx.xx.2003-cü il tarixli diplom üzrə “Hüquqşünaslıq” ixtisası üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınmasının cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ИВС ******* nömrəli Diploma əsasən Dövlət attestasiya komissiyasının 31 may 2003-cü il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Arayışa əsasən 1981-ci ildə anadan olmuş İddiaçı 1198-ci ildə Dağıstan Dövlət Universitetinə qəbul olunmuş və hazırda əyani şöbənin İ kursunda qeyri-dövlət xətti ilə təhsil alır. Təhsil müddəti 2003-cü il 31.Vİİİ tarixə qədər davam edəcəkdir.

7. İddiaçı tərəfindən Dağıstan Dövlət Universitetinin Azərbaycan Respublikası Beynəlxalq Bankı Nərimanov filialındakı bank hesabına təhsil haqqı ödənilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur.

8. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ИВС ******* nömrəli Diploma əsasən, Dövlət attestasiya komissiyasının 31 may 2003-cü il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

12. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının təhsil aldığı müəssisənin təhsil fəaliyyət göstərməsi üçün müvafiq lisenziya əldə etməməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

13. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsilin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.

14. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

15. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

16. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

17. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

18. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1471/2023 nömrəli iş üzrə qəbul etdiyi qərara əsaslanır: - Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən - təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə - “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. - Qeyd olunmalıdır ki, qətnamə ilə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, onların yarımçıq qalmış həmin təhsil bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirmək hüququ tanınmışdır. - Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının rədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almalı idi. - Bununla bağlı nəzərə almaq lazımdır ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır.

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, hazırki iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetini 31 may 2003-cü il tarixdə, yəni universitetin fəaliyyətinin dayandırılması barədə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007ci il tarixli qətnaməsi qəbul edilənədək bitirmişdir.

21. Odur ki, xx.xx.2003-cü il tarixində təhsilini başa vurmuş iddiaçı təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

22. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2003-cü il tarixində verilmiş ИВС ******* nömrəli bakalavr diplomu üzrə aldığı “hüquqşünaslıq” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar