Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6585/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 21.08.197l-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1955-ci il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. 21.08.1971-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil almışdır. 15.11.1976-cı il tarixdən 19.08.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 01.03.2012-ci il tarixdə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin ona əmək pensiyası təyin edilərkən təhsil aldığı müddət nəzərə alınmamışdır. O, cavabdehə müraciət edərək 21.08.1971-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh onun təhsil müddətinin əmək stajına daxil edilmədiyini əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla onun müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Onun 21.08.1971-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı müddətdə qüvvədə olan qanunvericilik normalara əsasən təhsil müddət sosial sığorta stajı kimi hesab olunur. Buna görə də cavabdehin imtinası əsassız hesab olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı 14 aprel 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, 1 mart 2012-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi təhsil müddəti əmək stajına daxil edilmir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus A-İ seriyalı 016183 nömrəli 30.06.1978-ci il tarixdə verilmiş diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1971-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 29.06.1978-ci il tarixdə avtomobil nəqliyyatı ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 01 mart 2021-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, 1 mart 2012-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən Sizə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi təhsil müddəti əmək stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyanızın ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Texniki Universitetinin 06.01.2021-ci il tarixli 022- 269 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 366-U saylı 21.08.1971-ci il tarixli əmrə əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) əyani şöbəsinə qəbul olmuşdur (qr.№ 161a).75-U(p) saylı 02.07.1976-cı il tarixli əmrə əsasən İddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Mexanika" fakültəsinin “Avtomobil nəqliyyatı" ixtisası üzrə tam kursu bitirərək, ona A-İ seriyalı № 016183 saylı mühəndisi-mexanik diplomu verilmişdir (qeydiyyat nömrəsi 218). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli Qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. İş materiallarında olan İddiaçı pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 1 mart 2012-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1971-ci ildən 1976-cı ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 21.08.1971-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetinin əyani şöbəsində təhsil amlışdır. İddiaçıya 57 yaşının tamam olduğu 01 mart 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiya təyin edilərkən təhsil müddəti sığorta stajına daxil edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, iddiaçının təhsil aldığı dövrün qanunvericiliyinə əsasən iddiaçının təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş pensiya yenidən hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 01 mart 2012-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin həmin tarixdə iddiaçının ali təhsil almasını təsdiq edən sənədlər (diplom, əmək kitabçasında təhsil dövrü ilə əlaqədar qeyd) cavabdehə təqdim edilsə də, iddiaçının təhsil müddəti onun sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının təhsil müddəti onun sosial sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalı və yaranmış pensiya fərqi həmin tarixdən hesablanaraq ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir: “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərildiyi kimi, qeyd olunan məsələ ilə bağlı əvvəllər Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixinədək pensiya hüququ yaranmış şəxslər barəsində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir. Kassasiya instansiyası məhkəməsi bu qənaətini Konstitusiyanın normativ hüquqi aktların qüvvəsinin geriyə tətbiqinin yolverilməzliyi prinsipini müəyyən edən 149-cu maddəsinin Vİİ hissəsi, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsi ilə əsaslandırırdı. Lakin sonradan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməlidir. Ali Məhkəmə sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin vətəndaşların hüquqi vəziyyətinin son dərəcədə pisləşməsinə də səbəb olmadığı qənaətinə gələrək mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır. ... Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. ... Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. ... Lakin hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. ... Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd edilən qərardadının “şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər” müddəası fərziyyələrə əsaslanmaqla pensiya təminatı ilə bağlı işlərin qanunvericiliyə uyğun həll edilməsinə mənfi təsir göstərə bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarları qəbul edilərkən həmin Kollegiyanın “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadının hər hansı fərqləndirmə etmədən bu tərzdə tətbiq edilməsi nəticəsində ərizəçilərin Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən pensiya təyin edilərkən və ya yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi məhkəmələr tərəfindən birmənalı tətbiq edilməməli, aidiyyəti inzibati orqanlara müraciət edilməməsinin səbəblərini əks etdirən sübutlar tam və ətraflı araşdırılmalı, onlara əsaslı hüquqi qiymət verilməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul edilməlidir. Hazırki iş üzrə araşdırılan sübutlarla müəyyən edildi ki, iddiaçıya 01 mart 2012-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilərkən həmin tarixdə iddiaçının ali təhsil almasını təsdiq edən sənədlər (diplom, əmək kitabçasında təhsil dövrü ilə əlaqədar qeyd) cavabdehə təqdim edilmişdir, lakin iddiaçının təhsil müddəti onun sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının təhsil müddəti onun sosial sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalı və yaranmış pensiya fərqi həmin tarixdən hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 21.08.197l-ci il tarixdən 02.07.1976-cı il tarixədək Azərbaycan Texniki Universitetində təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6585/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6585/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver