Məhkəmə qərarları › İş №2-1(112)-6587/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6587/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6587/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin yerinin müəyyən edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və həmin tarixdə imzalanan 1003 saylı torpaq icarəsi müqaviləsi əsasında İddiaçı qanuni istifadəsində ümumi sahəsi 1200 kv.m olan, 1003 nömrəli bağ sahəsinin faktiki yerləşmə yerinin müəyyən edilməsi, koordinatlarını və xəritədə yerləşmə yerinin təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və həmin tarixdə imzalanan 1003 saylı torpaq icarəsi müqaviləsi ilə, ümumi sahəsi 1200 kv.m olan 1003 nömrəli bağ sahəsi iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Həmin bağ sahəsi tərəfindən abadlaşdırılmış, hasara alınmış, darvaza qoyulmuş, elektrik enerjisinin sayğacı quraşdırılmış və icarə haqqı ödənilmişdir. Obyektiv səbəblərə görə müəyyən vaxt həmin sahəni ziyarət etmək imkanı olmamışdır və bir neçə vaxt bundan əvvəl həmin bağa getdiyində nə yerini, nə darvazanı, nə də ki sayğacı tapa bilməmişdir. Bununla əlaqədar cavabdeh Kürdəxam Bələdiyyəsinə müraciət etmişdir, sözügedən bağ sahəsinin faktiki yerləşmə yerini müəyyən edib, koordinatlarını və xəritədə yerləşmə yerinin ona təqdim edilməsini xahiş etmişdir, lakin cavabdeh sahənin koordinatlarının və yerinin təyin olunmasının qeyri mümkünlüyünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə 1003 saylı icarə müqaviləsi əsasında 1200,0 kv metr torpaq sahəsi xx.xx.2016-cı il tarixdək 10 il müddətinə icarəyə verilmişdir. 1003 saylı müqavilənin ayrılmaz hissəsi olan plan- sxemdə bağ nömrəsi qrafikasında "Nəzərdə tutulan bağ" göstərilmişdir hansı ki, bu səbəbdən ayrılmış 1200,0 kv metr torpaq sahəsinin koordinatlarının və yerinin təyin olunması qeyri mümkündür. Bələdiyyənin Vergi və ödənişlər şöbəsinin məlumatına əsasən İddiaçı tərəfindən 2013-cü ildən bu günə qədər torpaq icarə haqları ödənilməmişdir. Məktuba əlavə edilmiş: Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1003 nömrəli qərarından görünür ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 1200 kv.m torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 1003 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 1200 kv.m torpaq sahəsi xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı icarəyə verilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının hazırkı iddia ərizəsi ilə irəli sürdüyü tələblərə dair subyektiv hüququnun mövcud olması üçün müvafiq torpaq sahəsinə dair hər hansı hüququ sübuta yetirilməlidir. İddiaçı bu hüququnu onunla Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə əlaqələndirmişdir. Bu baxımdan məhkəmə tərəfindən ilk növbədə Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, müqavilə 10 il müddətinə, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək bağlanılmışdır. Bu da o deməkdir ki, icarə müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Müqavilə müddətinin avtomatik uzadılması ilə bağlı heç bir müddəa yer almamışdır. Belə olan halda məhkəmə tərəfindən araşdırılmalı məsələ bələdiyyə və fiziki şəxs arasında torpaq icarə müqaviləsinin avtomatik uzadılıb-uzadılmamalı olmasıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Yuxarıda qeyd edilən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu sözügedən münasibəti tənzimləyən normativ hüquqi aktlardan olmaqla həmin Qanunda icarə müqaviləsinin prolonqasiyası ilə bağlı müddəa yer almamışdır. Digər tərəfdən icarə münasibətlərinin müqavilə əsasında yarandığı və hüquqların dövlət qeydiyyatına alınmalı olduğu qeyd edilmişdir. İcarə müqaviləsinin prolonqasiyasının araşdırılması zamanı “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununu müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. İcarə qanunvericiliyi İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. ... Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. ...

4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. ... Göründüyü kimi “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsində icarə müqaviləsinin nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edildiyi göstərilsə də, torpaq icarəsi ilə bağlı münasibətlərə şamil edilə bilməz. Belə ki, həmin Qanunun 2-ci maddəsinə əsasən, torpaq icarəsi ilə bağlı münasibətlərə “İcarə haqqında” Qanun tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 56.5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; .... Göründüyü kimi torpaq icarə müqaviləsi icarə müqaviləsinin bir növü olmaqla onun tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində xüsusi normalar öz əksini tapmışdır. Belə olan halda xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə qeyd olunan 10 il müddət bitdikdən sonra xitam verilmiş sayılır. İş materiallarından da görünür ki, torpaq icarə müqaviləsinin müddətinin uzadılması və onun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsi barədə heç bir sübut təqdim edilməmiş və ya məhkəmənin sorğuları əsasında əldə edilməmişdir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Digər tərəfdən İddiaçı adından məhkəməyə daxil olmuş iddia ərizəsində onun iddiaçının səlahiyyətli nümayəndəsi X3 tərəfindən imzalandığı göstərilmişdir. İddia ərizəsinə etibarnamənin kserosurəti əlavə edilmiş, İddiaçı ilə yaxın qohum olmasını təsdiq edən sənəd (sənədlər) və ya vəkil orderi əlavə edilməmişdir. Məhkəmə həmçinin vurğulayır ki, “iddia ərizəsini imzalamaq” səlahiyyətinin etibarnamədə göstərilməsi belə özlüyündə yetərli deyildir. Qeyd edilənlə yanaşı, nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti təmsil etdiyi fiziki şəxsin yaxın qohumu və ya vəkil olması halında mövcud olur. Hazırkı iş üzrə X2 iddiaçının nümayəndəsi kimi səlahiyyəti yoxdur. Beləliklə, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 19-cü maddəsinin qeyd hissəsinə əsasən, ... Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia ərizəsində göstərilənlər iddiaçının iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin yerinin müəyyən edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar