Məhkəmə qərarları › İş №2-1(112)-6588/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6588/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6588/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinatın ötən dövr üzrə ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əvvəlki üç il üçün Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinə baxmayaraq, veteran vəsiqəsi ona 20 oktyabr 2023-cü il tarixində verilmişdir. Müharibə veteranı vəsiqəsinin ona vaxtında verilməməsi səbəbindən qanunvericlikdə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti də ala bilməmişdir. Müharibə veteranı vəsiqəsini aldıqdan sonra Prezident təqaüdünün verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qanunvericiliyin tələblərini pozaraq, müharibə veteranı vəsiqəsininin 20 oktyabr 2023-cü il tarixində verildiyini əsas kimi göstərərək, müharibə veteranı vəsiqəsini aldığı tarixdən Prezident təqaüdünü təyin etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə X2 təqaüdünün 20 oktyabr 2023-cü il tarixindən təyin edilməsi ilə bağlı qərarının əsassız olması və əvvəlki dövrlər üçün də Prezident təqaüdünün ödənilməli olması barədə müraciəti təmin edilmədiyindən və sosial təminat almaq hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddiaçya ünvanlanan xx.xx.2023-cü il tarixli imtinada bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş min) manat (2006cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü ii tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2023-cü il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, veteran vəsiqəsi xx.xx.2023-cü il tarixində verildiyindən sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən (veteran vəsiqəsinin verildiyi tarixdən) müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təyin edilmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona müharibə veteranı adı verildiyi tarixədək əvvəlki 3 il üçün prezident təqaüdünün hesablanaraq ödənilməsini tələb etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən vətəndaşa xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müharibə veteranı statusunu aldığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən təqaüd təyin edildiyini, əvvəlki 3 il təqaüd ödəməkdən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin-müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adını almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə, 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” xx.xx.2023-cü il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir.

5. Azərbaycan Respublikası Müharibə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 090545 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır.

6. İddiaçının müavinət işində olan altsistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü (müharibə veteranlarına) təyin edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

10. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

13. Sosial müavinətlərlə əlaqədar olan münasibətlərin hüquqi tənzimi həm qanun əsasında («Sosial müavinətlər haqqında» 7 dekabr 2006-cı il tarixli qanun), həm də qanunqüvvəli aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasmm Konstitusiyasının 38-ci maddəsində hər kəsin sosial təminat hüququ ilə yanaşı sosial müavinətlərin ən mühüm növlərinin təqdim edilmə əsasları da (məs., xəstəlik, əmək qabiliyyətini müvəqqəti itirmə, işsizlik) təsbit edilmişdir. Həmin maddənin İİİ hissəsində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

14. Pensiya kimi sosial müavinətlər də sosial təminatın bir növü kimi qanunla nəzərdə tutulmuş qaydada vətəndaşlara təyin olunan pul ödənişləridir. Lakin müavinətə anlayış verərkən ilk növbədə onu məhz pensiyalardan fərqləndirən aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır: - Müavinət almaq hüququ vətəndaşın əmək fəaliyyəti ilə bağlı ola da bilər (məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuşa görə müavinətlər) və ya belə fəaliyyətdən asılı olmaya da bilər (işsizlik müavinəti, əlilliyə görə müavinət, yaşa görə müavinət və s.). Pensiya isə hər bir halda şəxsin əmək fəaliyyəti ilə əlaqədar olaraq təqdim edilir. - Təyin olunma məqsədinə görə müavinətlər bəzi hallarda itirilmiş əmək haqqını bərpa etmək məqsədi daşıyır və onun məbləği əmək haqqı əsasında müəyyən edilir, digər hallarda isə müavinət əlavə maddi yardım rolu oynayır və qəti məbləğlə müəyyən olunur (məsələn, uşağın doğulması ilə əlaqədar ödənilən müavinətlər). Pensiyanın məqsədi isə pensiya almaq hüququ olan vətəndaşların yaşayışına təminat verən yeganə mənbə rolunu oynamaqdır. - Subyektlərinə görə pensiya işləməyən vətəndaşlar üçün nəzərdə tutulur, müavinətlər isə hamıya, həm işləyənlərə, həm işləməyənlərə ödənilir.

15. «Sosial müavinətlər haqqında» qanunda ilk dəfə olaraq sosial müavinətə leqal anlayış verilmişdir. Belə ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

16. Həmin Qanunun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: - 4.0.1.6. Bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.

17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

18. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - 55,0 min manat müavinət müəyyən edilmişdir (Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir).

19. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur).

20. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir.

21. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh tərəfindən həmin tarixdən aylıq 80 manat məbləğində (ömürlük) müharibə veteranları üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı təqaüdün ona əvvəlki dövr üçün ödənilməsini tələb edir.

23. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə əvvəlki üç il üçün ödəmələrin aparılmasını nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

24. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı statusunun verildiyi xx.xx.2023-cü il tarixdən həmin dövrdə qüvvədə olan “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən təsis edilmiş müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Qeyd olunan Fərmanda həmin ödənişin təyin edilməsi, ödənilməsi müddətləri və qaydası konkret olaraq müəyyən edilmişdir və təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi nəzərdə tutulmamışdır.

25. Beləliklə, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

26. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar