Məhkəmə qərarları › İş №2-1(112)-6589/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6589/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6589/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün xidməti rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün xidməti rəyin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyət iclası xx.xx.2020-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia tələbindən görünür ki, hazırkı mübahisə inzibati orqanla polis nəfəri arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı qeydiyyat və yaşadığı ünvan İmişli rayonu, Qızılkənd kəndidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında cavabdeh inzibati orqanın Bakı şəhərində yerləşməsini nəzərə alaraq hazırkı işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş ərazı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İş materilallarından görünür ki, polis nəfəri olmuş İddiaçı inzibati orqana qarşı xidmət hüquq münasibətlərindən yaranmış hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə İmişli şəhəri Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və İPM-in 8.1-ci, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi üçün xidməti rəyin verilməsi”tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6589/2020 saylı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar