Məhkəmə qərarları › İş №2-1(112)-659/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-659/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-659/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X5 hərbi xidmət etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin həmin Filialdan ona 25 yanvar 2021-ci il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Ümumi iş stajı 25 ildən çox olmaqla, o cümlədən 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. Zərərli sahələrdə işləməyinə dair müvafiq arayışlar almışdır. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilir. Belə olan halda onun konstitusion hüquqları pozulur və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının 17.12.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********8 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23791,99 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 23.06.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 25.06.2016-cı il ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan A № 786553 saylı, 19.07.1978-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1975-ci ildə Bakı şəhər 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 19.07.1978-ci ildə bu məktəbin tam kursunu bitirərək dəmir-beton və polad kontruksiyalarını quraşdırıcı peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 17.04.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, 20.05.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 07.04.1979-cu il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 26.07.1978-ci ildə “Qlavbakstroy” 1 saylı ev tikinti kombinatında quraşdırma sahəsinə 3 (üçüncü) dərəcəli dəmir beton kontruksiyalarının quraşdırıcısı kimi qəbul edilmiş, 09.04.1979-cu ildə işdən azad edilmişdir. 08.07.1981-ci ildə polad dəmir beton kontruksiyalarının quraşdırılması üzrə 3 dərəcəli kontruksiyaların quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 29.07.1982-ci il tarixdə 16.07.1982-ci ildə işdən azad edilməsi barədə 15.06.1982-ci il tarixli 76 nömrəli əmr etibarsız sayılmış, 16.05.1983-cü ildə işdən azad edilmişdir. 13.06.1983-cü ildə üçüncü dərəcəli quraşdırıcı qəbul edilmiş, 02.08.1983-cü ildə işdən azad edilmişdir. 16.08.1983-cü ildə üçüncü dərəcəli baş quraşdırıcı qəbul edilmiş, 13.03.1984-cü ildə işdən azad edilmişdir. 28.03.1984-cü ildə 3 dərəcəli elektrik tökməçi kimi qəbul edilmiş, 15.06.1985-ci ildə işdən azad edilmişdir. 25.06.1985-ci ildə 7 saylı trestin Tİ-75-də 3 dərəcəli quraşdırıcı kimi qəbul edilmiş, 04.05.1987-ci ildə 4 dərəcəli çilingər quraşdırıcı verilmiş, 01.06.1988-ci ildə işdən azad edilmişdir. 01.06.1988-ci ildə Azərbaycan SSR RN 7 saylı trestinin TƏS TQİ-nə Tİ-75 köçürülmə ilə 5 dərəcəli elektrik quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 02.01.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 02.01.1990-cı ildə 75 №-li Tİ-də 5 dərəcəli quraşdırıcı çilingər işinə qəbul edilmiş, 15.02.1993-cü ildə işdən azad edilmişdir. 15.02.1993-cü ildə Sənayemənziltikinti trestinin “MDB” sahəsinə köçürülmə yolu ilə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmiş, 01.06.1994-cü ildə işdən azad edilmişdir. 01.06.1994-cü ildə 5 dərəcəli quraşdırıcısı işinə qəbul edilmiş, 30.08.1994-cü ildə işdən azad edilmişdir. 01.09.1994-cü ildə X3 idarəsində İstismar və keyfiyyət neft qaz quyularının qazılması üzrə 3 dərəcəli qazmaçı köməkçəsi qəbul edilmiş, 18.04.1995-ci ildə qazmaçı köməkçisi 4-cü dərəcə keçirilmiş, 05.06.1995-ci ildə işdən azad edilmişdir. 08.05.2006-cı ildə 11 saylı Əli-Bayramlı (çeşidləmə) məntəqəsinə 2 yol montyoru işinə qəbul edilmiş, 21.07.2009-cu ildə işdən azad edilmişdir. 01.07.2010-cu ildə 06 saylı müəssisənin Saatlı yol sahəsinə keçirilmiş, 17.02.2016-cı ildə işdən azad edilmişdir. 17.02.2016-cı ildə Şirvan Çeşidləmə məntəqəsinə 5-ci dərəcəli yol montyoru işinə qəbul edilmiş, 09.08.2018-ci il tarixdən yol montyoru 4a dərəcə hesab edilmişdir. İddiaçı halhazırda həmin vəzifədə işləyir. İş materiallarına əlavə edilmiş X4 filialı tərəfindən İddiaçı verilmiş 08.07.2019-cu il tarixli, 305 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, X9 filialında mühafizə olunan TQİnin 7 №-li trestin və 78 №-li Tİ-nin 7 №-li trestin 1988-1990-cı illərin əmrlər kitabında sizin işləməyiniz barədə aşağıdakı kimi əmrlər vardır: 55 nömrəli, 31.07.1988-ci il tarixli, 66 nömrəli, 02.12.1989-cu il tarixli, 3/л nömrəli, 03.01.1990-cı il tarixli. İş materiallarına əlavə edilmiş "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli Saatlı yol sahəsinin 26.10.2020-ci il tarixli, 273 nömrəli və 19.11.2021-ci il tarixli, 169 nömrəli arayışlarında göstərilmişdir ki, verilir "xxxx" QSC İnfrastruktur Departamentinin 8 Nömrəli Saatlı yol sahəsinin 4 saylı Şirvan Çeşidləmə məntəqəsində Yol montyoru işləyən İddiaçı ondan ötrü ki, o həqiqətən Azərbaycan dəmir yolunda 08.05.2006-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 08.05.2006-cı il tarixdə (əmr № 22; 08.05.2006) Əli- Bayramlı Çeşidləmə məntəqəsinə 2-ci dərəcəli yol montyoru işinə qəbul edilmişdir; 01.11.2006-cı il tarixdən (əmr № 52; 01.11.2006) 3-cü dərəcəli yol montyoru işinə keçirilmişdir; 04.09.2007-ci il tarixdən (əmr № 37; 04.09.2007) 4-cü dərəcəli yol montyoru işinə keçirilmişdir; 01.07.2010-cu il tarixdən (əmr № 101/K; 01.07.2010) 6 saylı müəssisənin Saatlı yol sahəsinə keçirilmişdir; 01.08.2014-cü il tarixdən (əmr № 63; 31.07.2014) 5-ci dərəcəli yol montyoru işinə keçirilmişdir; 17.02.2016-cı il tarixdən (əmr № 123; 17.02.2016) şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir; 17.02.2016-cı il tarixdən (əmr № 112; 17.02.2016) Şirvan Çeşidləmə məntəqəsinə 5-ci dərəcəli yol montyoru işinə qəbul edilmişdir; 09.08.2018-ci il tarixdən (Qeyd № 014/29; 09.08.2018) ştat cədvəlində edilmiş dəyişikliyə əsasən yol montyoru 4a dərəcə hesab edilmişdir. İddiaçı hal-hazırda həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXVİİİ fəsil. Nəqliyyat, kod 23001000-19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 21.4 - Dəmiryol nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol montyorları güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18.03.2021-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10964,65 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 12827,34 manat olmaqla cəmi pensiya kapitalı 23791,99 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09.06.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 01.01.2006-cı il tarixinədək hesablanmış əmək stajı 26.07.1978-09.04.1979-cu il, 08.07.1981-16.07.1982-ci il, 29.07.1982-16.05.1983-cü il, 13.06.1983-02.08.1983-cü il, 16.08.1983-13.03.1984-cü il, 28.03.1984-15.06.1985-ci il, 25.06.1985-01.06.1988-ci il, 01.06.1988-02.01.1990-cı il, 02.01.1990-15.02.1993-cü il, 15.02.1993-30.08.1994-cü il, 01.09.1994-05.06.1995-ci il tarixləri arasındakı dövr ərzində olmaqla cəmi 14 il 4 ay 20 gün təşkil edir. Eyni zamanda bildirilir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10964,65 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 13294,20 manat olmaqla cəmi pensiya kapitalı 24258,85 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 14 il 4 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 10964,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 13294,20 manat pensiya kapitalı qeydə alınmışdır. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36200,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “X8” trestinin 06.04.2021-ci il tarixli, SOCAR**********80020115X00062 nömrəli və 04.06.2021-ci il tarixli, SOCAR**********80020115X00133 nömrəli arxiv arayışlarında qeyd olunmuşdur ki, verilir İddiaçı, təvəllüdü xx.xx.1959-cu il, ondan ötrü ki, o həqiqətən X3 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin 29.09.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli-Bayramlı Qİİ-si, qazma sexi kimi Qobustan KQİİ-nin tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X8” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “X8” trestinin tabeliyinə verilmişdir. “X8” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi 03.09.2012-ci il tarixdən Abşeron Qİİ-in tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05- 000034 saylı əmrinə əsasən “X8” trestinin X10 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X8” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” 27.03.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərir. 01.09.1994-cü ildən 18.04.1995-ci ilədək X3 İdarəsinə neft, qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 3-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə işə qəbul edilib (Əmr № 144-k, 31.08.1994-cü ildə); 18.04.1995-ci ildən 05.06.1995-ci ilədək Neft, qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı-köməkçisi peşəsinə keçirilib (Əmr № 40-k, 21.04.1995-ci ildə); 05.06.1995-ci ildən Azərbaycan Respublikası ƏM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib (Əmr № 79-k, 05.06.1995-ci ildə). Ümumi iş stajı - 9 ay, 4 gündür. Əsas: Fond 5, Siyahı 1, İş 80, 82. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297 kodu ilə qazmaçılar güzəştli şərtlərlə iş stajı 09 ay 04 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 02.07.2021-ci il tarixli, **********249400 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Qlavbakstroy” 1 saylı evtikmə kombinatı və “SİTQ” tresti barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, İdarədə olan reyestrdə “Qlavbakstroy” 1 saylı evtikmə kombinatı və “SİTQ” tresti adlı kommersiya qurumları aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 23.07.2021-ci il tarixli, 01/3-1689 nömrəli məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Qlavbakstroy” 1 saylı ev tikinti kombinatına və “SİTQ” trestinə dair məlumat mövcud deyildir. Bununla yanaşı nəzərinizə çatdırılır ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02.08.2021-ci il tarixli, **********83 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 12.09.2003-cü il tarixli, 263 nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 27.12.2005-ci il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilir ki, sorğuda qeyd edilmiş digər müəssisə “SİTQ” tresti barədə hər hansı bir məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 25.01.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21659,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və 01.07.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 10 il 22 gün ümumi sığorta stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01.01.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını 25.06.2016-cı il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, təhsil barədə sənəd və əmək kitabçasına əsasən 01.09.1975-19.07.1978-ci illərdə təhsil dövrü 02 il 10 ay 19 gün, 17.04.1979-20.05.1981-ci illərdə hərbi xidmət dövrü 02 il 01 ay 04 gün, 26.07.1978- 09.04.1979-cu illərdə 08 ay 14 gün, 08.07.1981-16.05.1983-cü illərdə 01 il 10 ay 09 gün, 13.06.1983-02.08.1983-cü illərdə 01 ay 20 gün, 16.08.1983-13.03.1984-cü illərdə 07 ay 08 gün, 28.03.1984-15.06.1985-ci illərdə 01 il 02 ay 18 gün, 25.06.1985-01.06.1988-ci illərdə 02 il 11 ay 07 gün, 01.06.1988-02.01.1990-cı illərdə 01 il 07 ay 02 gün, 02.01.1990- 15.02.1993-cü illərdə 03 il 01 ay 14 gün, 15.02.1993-01.06.1994-cü illərdə 01 il 03 ay 17 gün, 01.06.1994-30.08.1994-cü illərdə 03 ay, 01.09.1994-05.06.1995-ci illərdə 09 ay 05 gün, 08.05.2006-21.07.2009-cu illərdə 03 il 02 ay 14 gün, 01.07.2010-17.02.2016-cı ilədək 05 il 07 ay 17 gün, 17.02.2016-25.06.2016-cı ilədək (57 yaşı tamam olduğu günədək) 04 ay 09 gün işləmişdir. Yuxarıda qeyd edilən iddiaçının 25.06.2016-cı il tarixədək 28 il 07 ay 17 gün ümumi iş stajı topladığı müəyyən olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının yuxarıda qeyd edilən əmək fəlaiyyəti dövrlərindən 26.07.1978- 09.04.1979-cu illərdə, 08.07.1981-16.05.1983-cü illərdə, 01.09.1994-05.06.1995-cı illərdə, 08.05.2006-21.07.2009-cu illərdə və 01.07.2010-25.06.2016-cı illərdə işlədiyi dövrü, cəmi 12 il 06 ay 07 gün olmaqla onun güzəştli iş stajına hesablayır. Belə ki, iddiaçı 26.07.1978-09.04.1979-cu illərdə və 08.07.1981-16.05.1983-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatında quraşdırma sahəsində 3-cü dərəcəli dəmir beton konstruksiyalarının quraşdırıcısı vəzifəsində işləmişdir. Məhkəmə araşdırması gedişində adıçəkilən X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının fəaliyyət göstərmədiyi, sonuncunun özəlləşərək bazasında sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı müəyyən olunmuşdur. Məhkəmə hüquqi varisi olaraq adıçəkilən "xxxx" ASC-nin məlum olan hüquqi ünvanına iddiaçının işlədiyi peşələrə dair güzəştli arayışın verilməsi ilə bağlı sorğu göndərmiş, lakin məhkəmə sorğuları müəssisə tərəfindən cavablandırılmamışdır. Hazırkı iş üzrə iddiaçının 1 nömrəli Evtikmə kombinatında işlədiyi dövrün güzəştli pensiyaya çıxmaq hüququ verən zərərli iş olması barədə arayışın əldə edilməsinin mümkün olmaması qeyd edilən dövrün güzəştli iş stajına daxil edilməsinə mane hesab olunmur. Belə ki, iddiaçının işlədiyi dəmir beton konstruksiyalarının quraşdırıcısı peşəsinin adı bilavasitə istər işlədiyi dövr üzrə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22900000 bölməsində XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri yarımbölməsində 2290000a—14612 kodu altında polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar vəzifəsinə, istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar koduna uyğundur. Başqa sözlə, iddiaçının bilavasitə işlədiyi sahə tikinti sahəsi olmaqla, əmək kitabçasında qeyd edilən işlədiyi peşənin adı siyahıda göstərilən polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinin adı ilə eynidir. Məhkəmə qeyd edilən 26.07.1978-09.04.1979 və 08.07.1981-16.05.1983-cü illərə aid əmək fəaliyyəti ilə bağlı güzəştli arayışın əldə edilməsinin mümkün olmamasını, iddiaçının əmək kitabçasında qeyd edilən həmin dövrdə işləmiş olduğu evtikmə kombinatında polad dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifəsinin ad və sahəsinin bilavasitə siyahıda göstərilən vəzifənin ad və sahəsi ilə birəbir eyni olduğunu və cavabdeh orqanın isə həmin dövrün zərərli iş stajına hesablanmasını istisna edəcək şərti (əksini) sübuta yetirə bilmədiyini əsas götürərək hesab edir ki, qeyd edilən dövr iddiaçının güzəştli iş stajına hesablanmalıdır. İddiaçının 08.05.2006-25.06.2016-cı il tarixədək (57 yaşının tamam olduğu günədək) işlədiyi "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli Saatlı yol sahəsində yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğundur. Bu barədə işəgötürənin güzəştli arayışı təqdim olunmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçının zərərli işdə işlədiyi müddətin qısa bir hissəsi, yəni 01.09.1994-05.06.1995-cı illərdə işlədiyi qazmaçı köməkçisi vəzifəsi həmin dövr üzrə qüvvədə olan 1 nömrəli Siyahıda (1100000a-11297) göstərildiyindən, 1 nömrəli Siyahıda əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan sahələri əhatə etdiyindən, iddiaçının xüsusi stajı müəyyən olunarkən qazmaçı köməkçisi vəzifəsində işlədiyi 09 ay 05 günlük müddət də 2 nömrəli Siyahı üzrə işlədiyi güzəştli stajına daxil edilməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının ümumilikdə 12 il 06 ay 07 gün xüsusi iş stajı olmuşdur. Beləliklə, iddiaçı 57 yaşının tamam olduğu 25.06.2016-cı il tarixədək həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 25.06.2016-cı il ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 25.06.2016-cı il ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar