Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-659/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «müvafiq iş illəri sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 31 may 1973-cü il tarixdən əmək fəaliyyətinə başlayaraq “Masallı rayon Şaumyan sovxozu”da 1 nömrəli briqadaya fəhlə kimi işə qəbul edilmişdir. 1974-cü ildən “X8”nda 3 nömrəli kirəmid sexinə fəhlə işinə qəbul edilmişdir. Digər iş yerləri barədə də əmək kitabçasında məlumatlar qeyd edilmişdir. Son olaraq 1 noyabr 1980-ci il tarixdə “UMM İ MF Trest Fundamentstroy” Tikinti İdarəsinə bənna işinə qəbul edilmişdir. Həmin İdarə “Bakıbaştikinti” İdarəsinin 16 saylı Tikinti İdarəsinin nəzdində olan “SU-16” tikinti İdarəsi ilə birləşmiş və iddiaçı 18 iyun 2008-ci il tarixədək həmin İdarədə işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Ona cəmi 130 manat yaşa görə pensiya təyin edilmişdir. Ona əmək pensiyası təyin olunarkən 31 may 1973-cü il tarixdən 18 iyun 2008-ci il tarixədək olan əmək stajının nəzərə alınmadığı iddiaçıya məlum olduqda o, yazılı ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 1 dekabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üçün 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışı əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilən araşıyışda qeyd edilir ki, “Bakıbaştikinti” İdarəsi 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının verilməsindən imtinasını əsassızdır. Çünki “Bakıbaştikinti” İdarəsinin 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsinə görə iddiaçı məsuliyyət daşımır. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası var. Göstərilənlərə əsaslanaraq, İddiaçı 16 iyul 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun həmin Fondun Sosial Ödənişlərin Təyinatı Mərkəzi ilə əvəz olunmasını, iddia tələbinin «31 may 1973-cü il tarixdən 18 iyun 2008-ci il tarixə qədər iş stajı nəzərə alınmaqla 16 iyul 2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yığılan pensiya məbləğinin hesablanaraq ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə iddia iıə bağlı ünvanlanmış 25 aprel 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı 4 noyabr 2021-ci il tarixdə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı, imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi 7 aprel 1979-cu il tarixli ИТ-İ № ******* saylı və 30 sentyabr 1978-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçalarının surətlərinə əsasən iddiaçının sığorta stajı 7 il 1 ay təşkil edir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 iyul 2021-ci il tarixli BA- 03441-2021 saylı arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 16 saylı Tikinti İdarəsinin 1980 – 2008-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. Buna görə də, həmin dövrlərin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx xxxx 1956-cı il təvəllüdlü Вəhram Oruc oğlu Bədəlovun yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu 16 iyul 2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. İddiaçının mübahisələndirilən sığorta stajı 1 boyabr 1980-ci il tarixdən 18 iyun 2008-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsində işlədiyi dövr, ümumilikdə 27 il 07 ay 17 gün təşkil edir. İddiaçı Вəhram Oruc oğlu Bədəlov 1 noyabr 1980-ci il tarixdən 18 iyun 2008-ci il tarixədək BBTİ 16 saylı Tikinti İdarəsində işlədiyi dövr barədə əmək kitabçasında müvafiq qeydlər edilmiş, lakin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə və İPM-in 12, 58.7, 81, 83-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 7, 26, 37-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. O, əlavə olaraq qeyd etdi ki, müvafiq dövrlərdə iddiaçı ilə birlikdə Bakı Baş Tikinti İdarəsinin strukturlarında işləmiş iki şəxsin notarial qaydada təsdiq edilmiş ərizələri məhkəməyə təddim olunmuşdur, həmin şəxslərdən biri (X5) əmək pensiyasının təyin edilməsini cavabdeh tərəf təkzib etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Yasamal rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göründüyü kimi, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və pensiya təyinatından imtina edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçıya münasibətdə aşağıdakı şərtlərlər hər hansı biri ödənilmədiyindən, ona yaşa görə pensiya təyinatı qanunvericiliyə ziddir: 1) 25 il sosial sığorta stajının toplanması (iddiaçının sosial sığorta stajı 7 il 1 ay təşkil edir); 2) Sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı yuxarıda qeyd olunan (1980 – 2008-ci illər) müddətində əmək fəaliyyəti bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Məhkəmə xüsusilə diqqqətə çəkir ki, İddiaçı 1980 – 2008-ci illərdə “Bakıbaştikinti” İdarəsinin strukturlarında işləməsi ona məxsus əmək kitabçasında öz təsdiqini tapır. Əmək kitabçasında müvafiq möhür X2 Birliyinə məxsusdur. Eləcə də, məhkəmə icraatında “Bakıbaştikinti” İdarəsinin strukturlarında işləmiş şəxslər kimi X4 və X6 notarial qaydada təsdiqlənməklə təqdim olunmuş ərizələrində müvafiq dövrlərdə İddiaçı ilə ilə birlikdə işlədiklərini göstərmişlər və onlardan birinin – X4 (digərinin pensiya yaşı tamam olmamışdır) əmək pensiyasının sözügedən İdarədəki iş stajı sığorta stajına daxil edilməklə təyin edilməsi halı cavabdeh tərəfindən təkzib olunmamışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən DSMF-yə ünvanlannış 15 noyabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, 19 iyun 1996-cı il tarixdə D-1279 nömrə ilə dövlət qeydiyyatına alınmış X3 5 iyul 1995-ci il tarixdə D-545 nömrə ilə dövlət qeydiyyatına alınmış “Bakıbaştkinti” İdarəsinin X1 bazasında yaradılmış və onun hüquqi varisidir. Hazırkı tarixə olan uçot məlumatlarına əsasən X2 Birliyinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin hazırkı iddiaçının vəkilinə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, X2 Birliyinin 3 saylı ETK 19 dekabr 1995-ci il tarixdə D-913 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 1980 – 2006-cı illər üzrə iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmə qeyd edir ki, tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1980 - 2006-cı illər (1 yanvar 2006-cı il tarixədək) illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxilib-edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Odur ki, iddiaçının 1980 - 2006-cı illərdəki (1 yanvar 2006-cı il tarixədək) iş fəaliyyəti ilə birlikdə 25 ildən artıq sığorta stajı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 7 il 1 ay sığorta stajını qəbul edir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 16 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarına əsasən İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. İddiaçının tələbində göstərdiyi digər dövrlərə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan onun 1973 – 1980-ci illərdəki iş stajını mübahisələndirmədən iddiaçının sığorta stajı kimi qəbul etdiyindən, habelə 2006 – 2008-ci illər üzrə əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirildiyindən və sözügedən dövr üzrə həmin haqların ödənilməsi təsdiqini tapmadığından, iddiaçının sığorta stajına iş stajının 1973 – 1980-ci illər üzrə hissəsinin növbəti dəfə daxil edilməsi, 2006 – 2008-ci illər üzrə hissəsinin isə daxil edilməsi qanuna ziddir. Odur ki, iddia tələbi həmin hissədə əsaslı sayılmamalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 16 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu səbəbdən də, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 16, 24, 58-ci maddələriunin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. Keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsinə gəldikdə isə, iddiaçı pensiya hüququnun yarandığı vaxtdan üç ildən artıq vaxt keçməmiş cavabdeh inzibati orqana müraciət etdiyindən, ona ödənilməmiş pensiya məbləği «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq “pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 13, 52-ci maddələrinin tələblərini rəhbər tutaraq və həmin Məcəllənin 68-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı 2008 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 16 iyul 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənlməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı 2008 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 16 iyul 2021ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənlməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-659/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-659/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver