Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-659/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, məluat vərəqinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/017Ş N-li xx.xx.2022-ci il tarixli “Başqa işə keçirilməsi haqqında” əmrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən 2012-ci ilədək keçmiş MTN orqanlarında müxtəlif vəzifələrdə, xx.xx.2012-ci ildən tarixdən Azərbaycan Respubliaksının Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. 2018-ci ildən DGK-nın X4sinin rəis müavini vəzifəsində xidmət etmiş, xx.xx.2021-ci ildə DGK sədrinin müvafiq əmri ilə (N 1000/678Ş) DTİ-nin rəis müavini vəzifəsində saxlanılmaqla Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində DGK-nın nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən DGK sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120.1.3-cü bəndi ilə “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” tutduğu vəzifədən azad olunmuşdur. İddiaçıya pensiya təyin olunması üçün müvafiq qaydada məlumat vərəqinin tərtib olunması zamanı məlum olmuşdur ki, 2021-ci ilin 01 noyabr tarixindən DGK sədrinin əmri ilə Türkiyə Respublikasına ezam olunduqdan sonra, 2022-ci il 07 yanvar tarixində onun DGK X4sinin rəis müavini vəzifəsindən azad edilərək DGK-nın Akademiyasının İnformasiya Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə keçirilməsinə dair əmr verilmişdir. Xidmətə xitam verilməsinə dair xx.xx.2023- cü il tarixli əmrin surəti iddiaçıya kadrlar idarəsindən məlumat üçün verildikdə, onun məzmununda bu barədə xəbər tutmuşdur. Qeyd edir ki, başqa vəzifəyə keçirilməsi ilə əlaqədar əmrin verilməsi barədə ona hər hansı məlumat verilməmiş, belə əmr iddiaçıya təqdim olunmamışdır. Türkiyə Respublikasında Səfrlikdə nümayəndə qismində işlədiyi bütün müddət ərzində DGK- nın X4sinin rəisinin müavini vəsiqəsi üzərində olmuş, həmin vəzifənin saxlanıldığını düşünmüşdür. DGK Akademiyasında heç bir vaxt işləməmişdir. DGK X4sinin rəisi vəzifəsindən, özünün məlumatı və razılığı olmadan başqa işə keçirilməyi qanunsuz olmuşdur. Bu qanunsuzluğun nəticəsidir ki, ona verilən şifahi məlumata görə pensiya təyin olunması üçün məlumat vərəqi tərtib edilərkən sonuncu iş yerində pul təminatının (vəzifə maaşı və əlavələr) məbləği DGK Akademiyasının Baş müəlliminin vəzifə maaşı və əlavələrinə uyğun göstərilməkdədir. Beləliklə, DGK-nın sədrinin xx.xx.2022-ci il tarixli qanunsuz əmri iddiaçının əmək hüququnun əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Məlumatı olmadan onun DGK X4sinin rəisinin müavini vəzifəsindən başqa işə keçirilməyinə dair verilmiş əmr qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyevin imzaladığı xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında Əmrin ləğv edilməsi barədə; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmağıma dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli Əmrinin məzmunun dəyişdirilməsi barədə: 1 .Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmunun dəyişdirilərək: “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” kimi yazılması; Ona təyin olunmuş yaşa görə əmək pensiyasını almalı olduğu əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanması üçün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı və hər cür əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya orqanına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində 1996-cı ildən 2012-ci ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, xx.xx.2012-ci ildən tarixdən 20.11 2023-cüil tarixədək Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/404Ş nömrəli əmri ilə X4sinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Dövlət Gömrük Komitəsinin xx.xx.2021 -ci il tarixli 1000/678Ş nömrəli əmri ilə X4sinin rəis müavini vəzifəsində saxlanılmaqla Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. Pensiya təyin olunması üçün müvafiq qaydada məlumat vərəqinin tərtib olunması zamanı xx.xx.2022-ci İİ tarixdən X4sinin rəis müavini vəzifəsindən azad edilərək Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə keçirilməsinə dair əmr verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edirik ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asıh olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, AR İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü AR İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - AR İPM ) 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin normanın tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı" xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, nonneganti. incumbitprobatio’' (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. AR İPM-nin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. AR İPM-nin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. AR İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 73cü maddəsində nəzərdə tutulmuş müddətdə inzibati aktdan inzibati qaydada şikayət verilə bilər. Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı Dövlət Gömrük Komitəsinin 07.01 2022-ci il tarixli 1000/017Ş nömrəli əmrin qəbulundan təqribən 1 (bir) il 9 (doqquz) ay sonra qeyd olunan əmri mübahisələndirmişdir. Bu səbəbdən də iddiaçının Dövlət Gömrük Komitəsinə qarşı hazırki iddia tələbi mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-009351/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: - Dövlət Gömrük Komitəsinin xx.xx.2012-ci il tarixli 100/416Ş nömrəli əmri ilə İddiaçı 1967-ci il təvəllüdlü, ali təhsilli, ştat cədvəlinə müvafiq maaşla, Komitənin Sumqayıt Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/049Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 2-ci bəndinə əsasən Komitənin Sumqayıt Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi İddiaçı Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2016-cı il tarixli 100/801Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 2-ci bəndinə əsasən İddiaçı (Tovuz Gömrük İdarəsi / Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsi, Şöbə Rəisi GXP) tutduğu vəzifədən azad edilərək Avtonəqliyyat Baş Gömrük İdarəsi / Gömrük Hüquqpozmalarına qarşı X6 rəisinin müavini vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/404Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən İddiaçı (Avtonəqliyyat Baş Gömrük İdarəsi / Gömrük Hüquqpozmalarına qarşı X6 rəisinin müavini GXP) tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi/X4sinin İdarə rəisinin müavini vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/1449Ş nömrəli əmrindən çıxarışa əsasən «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 50-ci maddəsinə əsasən İddiaçı (X4si, İdarə rəisinin müavini) vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Səbəb: Təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar. - Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/1450Ş nömrəli Əmrindən çıxarışa əsasən İddiaçı (Komitənin sərəncamında olan) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi / X4sinin İdarə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli Əmri ilə Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli Əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinə əsasən İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi /X4si, İdarə rəisinin müavini GXP) tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası / İnformasiya Texnologiyalari və X3 baş müəllimi vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli Əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Gömrük işçisi: İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası / informasiya texnologiyaları və texniki elmlər kafedrası, Baş müəllim, Gömrük xidməti polkovniki) Səbəb: pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə, xx.xx.2023-cü il tarixdən. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-015632/2024 nömrəli məktubu ilə Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı 2021, 2022 və 2023-cü illər üzrə aldığı əmək haqqı və digər gəlirləri barədə ətraflı məlumat məkhəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-016428/2024 nömrəli məktubu ilə Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı 2022-ci və 2023-cü illər üzrə əmək məzuniyyətinə çıxması barədə təqdim etdiyi ərizələrin və əmək məzuniyyətinə çıxması barədə əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının xx.xx.2024-cü il tarixli 3-33-5500/2-001101/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/678Ş nömrəli 1 noyabr 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. O, 20 noyabr 2023-cü il tarixinədək bu vəzifədə işləmişdir. Həmin tarixdə İddiaçı təqaüdə çıxması ilə bağlı Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə xidmətinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının xx.xx.2024-cü il tarixli 3-33-5500/2-001292/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanının (xx.xx.2024-cü il tarixədək olan redaksiya) 2-ci bəndində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunduqları qeyd olunmuşdur. Sözügedən normativ hüquqi aktın tələblərinə əsasən Komitənin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Komitənin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. Cəfərov X2 xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmri ilə X4sinin rəis müavini vəzifəsindən azad edilərək X1 Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında ezamiyyədə olduğundan Komitənin Akademiyasında tədris prosesində iştirak etməmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki” kimi ehtiyata buraxıldıqdan sonra pensiya təminatı üçün həmin vəzifənin aldığı pul təminatına uyğun yeni məlumat vərəqinin tərtib edilərək pensiya təyin edən orqana göndərilməsidir. Qeyd edilən hüquqi marağına xidmət edən hazırkı iş üzrə mübahisələndirilən iddia aşağıdakı tələblərdən ibarətdir: - xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında Əmrin ləğv edilməsi; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmağıma dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli Əmrinin məzmunun dəyişdirilməsi barədə: 1.Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmunun dəyişdirilərək: “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” kimi yazılması; - “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı və hər cür əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya orqanına göndərilməsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdehin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmrinin dəyişdirilməsi mübahisələndirmə haqqında iddiadır. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsi nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq sosial müdafiə orqanına göndərilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən əmrlərin nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçının Komitəyə müraciət etmədən xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrin qəbulundan təqribən 1 (bir) il 9 (doqquz) ay sonra həmin əmri mübahisələndirməklə iddia müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən hazırkı iş üzrə təqdim edilən əmrlərin surətlərindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli xidmətə xitam verilməsi haqqında əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İddiaçı iddia ərizəsini xx.xx.2023cü il tarixdə məhkəməyə təqdi etməklə həmin əmrə münasibətdə iddia müddətini ötürməmişdir. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrin mövcud olmasını isə iddiaçı məhz xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli xidmətə xitam verilməsi haqqında əmrlə tanış olarkən, yəni ən tezi xx.xx.2023-cü il tarixdə məlumatlı olduğu müəyyən olunur. Məhkəmə sorğusuna cavabında cavabdeh orqan sözügedən xx.xx.2022-ci il tarixli əmrin iddiaçıya təqdim edilməsini və ya tanış olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrin qəbul edildiyi vaxt iddiaçının (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında ezamiyyədə olması işin mübahisələndirilməyən halıdır. “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı halda cavababdeh iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli əmrdən daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin əmrin təqdim və ya elan edilməsinin sübut olunmadığını nəzərə alaraq məhkəmə iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlir. İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir. Həmin Əsasnamənin 52-ci maddəsinə əsaəsn gömrük orqanının vəzifəli şəxsinin həmin gömrük orqanında, həmin yerdə yerləşən digər gömrük orqanına və ya digər yerə xidmətə keçirilməsinə gömrük orqanının vəzifəli şəxsinin razılığı əsasında yol verilir. Həmin Əsasnamənin 53-cü bəndinə əsasən Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər: 1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi; 2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi; 3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslərin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə: səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə; intizam tənbehi qaydasında. Həmin Əsasnamənin 54-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmət üzrə başqa işə keçirilməsi, keçirilməyə əsas göstərilməklə əmr ilə rəsmiləşdirilir. Əmr gömrük orqanının vəzifəli şəxsinə imza etdirməklə elan olunur. Təqdim edilən inzibati icraat materiallarından görünür ki, Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli Əmri ilə Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında olmuşdur. İddiaçının Türkiyə Respublikasında olduğu müddət ərzində cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli Əmri ilə İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi /X4si, İdarə rəisinin müavini GXP) tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası / İnformasiya Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə keçirilmişdir. Cavabdeh iddiaçının həmin əmr barədə məlumatlı olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməməklə bərabər həm də iddiaçının ölkədə olmadığı, Türkiyə Respublikasında gömrük attaşesi vəzifəsini icra etdiyi vaxtda onun buradakı X4 rəisinin müavini vəzifəsindən İnformasiya Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə keçirilməsinə razılığını təsdiq edən ərizəni təqdim etməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh Dövlət Gömrük Komitəsi xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasınən İnformasiya Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə təyin etsə də iddiaçı nə faktiki, nə də hüquqi cəhətdən həmin vəzifəni icra etmək iqtidarında olmamışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının xx.xx.2024-cü il tarixli 3-33-5500/2-001292/2024 nömrəli məktubu ilə də bildirilmişdir ki, Cəfərov X2 xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmri ilə X4sinin rəis müavini vəzifəsindən azad edilərək X1 Texnologiyaları və X3 baş müəllimi vəzifəsinə keçirilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında ezamiyyədə olduğundan Komitənin Akademiyasında tədris prosesində iştirak etməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, iddiaçı barəsində başqa vəzifəyə keçirilmə barədə mübahisələndirilən xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmr onun razılığı olmadan qəbul olunduğundan iddiaçı üçün qanunsuz inzibati akt hesab olunur. Bu halda iddiaçı barəsində olan qanunsuz əliverişsiz inzibati aktın ləğv edilməsini, eləcə də həmin akta müvafiq olan sonrakı növbəti inzibati aktın-xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmrinin dəyişdirilməsini cavabdehdən tələb etməkdə haqlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların: -2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. -5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. -6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. -7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında əmri ləğv edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmağıma dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli Əmrinin məzmunu dəyişdirilərək: 1 .Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmununun: “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” kimi dəyişdirilməsi, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasını almalı olduğu əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanması üçün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı və hər cür əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya orqanına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında əmri ləğv edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmağıma dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmrinin: 1 .Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmununun “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” məzmununa dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasını almalı olduğu əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanması üçün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X4sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı, əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya təyinatı orqanına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-659/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-659/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver