Məhkəmə qərarları › İş №2-1(112)-6590/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6590/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6590/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək avtomobil üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İsrail Respublikasından şəxsi istifadəsi üçün maşın gətizdirmişdir. Maşın 18.03.2021-ci il tarixində ölkəyə gətirilmiş, bütün gömrük xərcləri ödənilmiş və maşın iddiaçının adına rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsindən sonra maşının üzərində BDYPİ tərəfindən qeydiyyat hərəkətləri həyata keçirilməli idi. Lakin BDYPİ-nin əməkdaşı avtomobilin ban nömrəsinin qabaq sağ oturacağının alt hisəsinə sonradan yazılmasını arqument gətirərək (hansı ki, istehsalçı zavod tərəfindən həmin hissədə ban nömrəsinin yazılışı ümumiyyətlə nəzərdə tutulmayıb) maşını qeydiyyata almamışdır. Nəqliyyat vasitəsi ABŞ üçün istehsal olunmuş Toyota Avalon 2014-cü il modelidir və bu model maşınlarda istehsalçı zavod tərəfindən V.İ.N kod deyilən ban nömrəsi damğa “бирка” şəklində maşının qapılarında “стойка” deyilən hissədə, alın şüşənin sol aşağı hissəsində, “капот” “багаж” hissədə eləcə də mühərrikdə nəzərdə tutulmuş qaydada zavod üsulu ilə vurulmuş və bir qayda olaraq bir-biri ilə uyğunluq təşkil edir. Sonradan maşın İsrail dövlətində istismar olunduğuna görə maşının köhnə sahibi İsrail qanunvericiliyinə uyğun olaraq qabaq sağ oturacağın alt hissəsinə qeyri-zavod üsulu ilə maşının öz V.İ.N kodunu yazdırıb. Nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması barədə DİN-nin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış və qəbul edilən qərara əsasən avtomobil üzərində mülkiyyət hüququnun tanınması məqsədi ilə BDYPİ-nə və ya mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı avtomobilin qeydiyyata alınması üçün 21 aprel 2021-ci il tarixində BDYPİ-nə müraciət etmiş və 05 may 2021-ci il tarixdə ona avtomobilin dövlət qeydiyyatına alınması üçün eləcə də həmin nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin təmin edilməsi ilə bağlı məhkəmə orqanına müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 23.07.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Toyota Avalon” markalı, 2014-cü il buraxılışı, ban nömrəsi 4T1BD1EB8EU026015, mühərrik nömrəsi: X049249 olan avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 13.02.2020-ci il tarixli, 51321 nömrəli invoysdan görünür ki, İddiaçı 5300 USD qiymətinə 13.02.2020-ci il tarixdə 4T1BD1EB8EU026015 ban nömrəli avtomobili almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Azərbaycan Respublikasına gətirilən Nəqliyyat vasitəsi üçün 18.03.2021-ci il tarixli, 728563 nömrəli vəsiqədən görünür ki, ABŞ istehsalı olan, 2014-cü il buraxılışlı 4T1BD1EB8EU026015 ban nömrəli Toyota Avalon markalı minik avtomobili İddiaçı adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, model ML236TR21 Toyota Avalon minik, buraxılış ili 2014, ban 4T1BD1EB8EU026015, rəngi ağ mirvari, nəqliyyat vasitəsinin sahibi İddiaçı, ünvan ünvan 18563AMBGİ, verilmə tarixi 12.04.2021-ci il, verilib AR DİN BDYPİ qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyatı hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 09.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Səbail rayonu N saylı hərbi hissədə qeydiyyatda olan İddiaçı özünə məxsus olan «Toyota Avalon» minik markalı, X049249 mühərrik nömrəli, 4T1BD1EB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı avtomobili qeydiyyat üçün 19 mart 2021-ci il tarixdə BDYPİ-nə təqdim etmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin ban nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhə doğurmuş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinə göndərilmiş və material üzrə araşdırma aparılmışdır. «Toyota Avalon» minik markalı, 4T1BD1EB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ-nin Qİİ-nin X1 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. «Toyota Avalon» minik markalı, 4T1BD1EB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı olmaqla 07 ildir ki, istismardadır. Toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, «Toyota Avalon» minik markalı, X049249 mühərrik nömrəli, 4T1BD1EB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «4T1BD1EB8EU026015» ban nömrəsini göstərən hərf və rəqəmlər kustar üsulla ban üzərinə həkk edilmişdir. Lakin bununla belə avtomobilin ön alın şüşəsi altında ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «4T1BD1EB8EU026015» ban nömrəsi, həmçinin birka üzərində qeyd edilmiş «4T1BD1EB8EU026015» ban nömrəsi göstəricisi eynilik təşkil edir. Bundan başqa avtomobilin arxa sağ və sol qapısının çərçivəsində yapışqanlı kağız üzərində olan «4T1BD1EB8EU026015» ban nömrəsi də digərləri ilə eynilik təşkil edir. Avtomobilin mühərrik nömrəsi də zavod üsulu ilə vurulmuşdur. İddiaçı avtomobili İsrail dövlətindən aldığını və ban nömrəsinin də İsrail dövlətində kustar üsulla vurulmasını qeyd etmişdir. Göründüyü kimi avtomobilin əsas göstəricisi olan ban nömrəsinə müdaxilə edilmişdir. Lakin bu müdaxilənin harada və kim tərəfindən hansı məqsədlə edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Avtomobilin üzərində olan birkalar, yəni yapışqanlı kağız üzərində olan göstəricilər digər göstərici olmaqla avtomobilin əsas ban nömrəsinin eyniləşdirilməsi üçündür. Lakin ban nömrəsinin özü avtomobilin banına (gövdəsinə) istehsalçı zavod tərəfindən zavod üsulu ilə həkk edilir ki, bu da izlənilən detal xüsusiyyətinə malik olmaqla avtomobilin əsas göstəricisi hesab edilir. Göründüyü kmi «Toyota Avalon» markalı avtomobilin əsas göstəricisi olan ban nömrəsinə müdaxilə olunmaqla kustar üsulla vurulmuşdur. Beləliklə, adıçəkilən qərarla X2 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, «Toyota Avalon» minik markalı, 4T1BD1EB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı avtomobillə bağlı BDYPİ-nə və ya üzərində mülkiyyət hüqununun tanıması məqsədi ilə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 05 may 2021-ci il tarixli, 46108Y-3221 nömrəli iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, "Toyota Avalon" markalı, 2014-cü il buraxılışlı, ban nömrəsi: 4T1BD1EB8EU026015, mühərrik nömrəsi: X049249 olan nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu ilə olması səbəbindən iddiaçının xahişinin yerinə yetirilməsi, həmin nəqliyyat vasitəsinin DİN-in Baş X4i İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınması qeyrimümkün hesab edilir. Odur ki, avtomobilin dövlət qeydiyyatına alınması üçün göstərilənlərə, eləcə də məhkəmədə həmin nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etmək iddiaçıya tövsiyə olunmuşdur. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı ABŞ istehsalı «Toyota Avalon» minik markalı, X049249 mühərrik nömrəli, 4T1BD1EB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı avtomobili İsrail dövlətindən almış, avtomobil Azərbaycan Respublikasında gömrük qeydiyyatına alınmış, daha sonra avtomobil qeydiyyata alınması üçün BDYPİ-nə təqdim edilmişdir. Avtomobilə texniki baxış keçirilən zaman avtomobilin ban nömrəsi qeyri-zavod üsulu ilə olması müəyyən edildiyindən cavabdeh nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətləri həyata keçirilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri-zavod üsulu olmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində də müəyyən olunmuşdur ki, «Toyota Avalon» minik markalı, X049249 mühərrik nömrəli, 4T1BDİEB8EU026015 ban nömrəli, 2014-cü il buraxılışlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “4T1BD1EB8EU026015” ban nömrəsini göstərən hərf və rəqəmlər kustar üsulla ban üzərinə həkk edilmişdir. Lakin bununla belə avtomobilin ön alın şüşəsi altında ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş “4T1BD1EB8EU026015” ban nömrəsi, həmçinin birka üzərində qeyd edilmiş “4T1BD1EB8EU026015” ban nömrəsi göstəricisi eynilik təşkil edir. Bundan başqa avtomobilin arxa sağ və sol qapısının çərçivəsində yapşqanlı kağız üzərində olan “4T1BD1EB8EU026015” ban nömrəsi də digərləri ilə eynilik təşkil edir. Avtomobilin mühərrik nömrəsi də zavod üsulu ilə vurulmuşdur. Qeyd edilən avtomobil uçot göstəriciləri üzrə BDYPİ-nin Qİİ-nin X1 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Toyota Avalon” minik markalı, 2014-cü il buraxılışlı, ban nömrəsi 4T1BD1EB8EU026015, mühərrik nömrəsi X049249 olan avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. “Toyota Avalon” minik markalı, 2014-cü il buraxılışlı, ban nömrəsi 4T1BD1EB8EU026015, mühərrik nömrəsi X049249 olan avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar