Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6590/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – mühəndis, işləmir), cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssis) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyin 2021-ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, diaqnozu bəhanə gətirərək mərkəzi VTEK-in komissiyası iddiaçının əlilliyini ləğv etmişdir. 18 nömrəli poliklinika elektron qaydada göndəriş verməsinə baxmayaraq, komissiya əlillik vaxtını uzatmamış, halbuki qanuna görə ömürlük əlillik təyin olunmalı idi, çünki 2008-ci ildən iddiaçının əlillik dərəcəsi var. Komissiyanın əlilliyin ləğv etməyə heç bir hüququ yoxdur. 10 ildən sonra avtomatik ömürlük əlillik təyin olunur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının postoperasion düzələn yırtığı. Həzm funksiyasının pozulması ilə gedən bitişmə xəstəliyi. NSD qarışıq tip; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı venrtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 -Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı venrtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqrenə olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür. 066232 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 136 nömrəli xx.xx.2003-cü il tarixli qərarının surətinə əsasən Bakı şəhəri Nərimanov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət keçərkən, aldığı xəstəliyin diaqnozu: “Ağ xəttin iri ölçülü residiv yırtığı” səbəbindən X2.02.1996-cı ildən xx.xx.1996-cı ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Xəstəlik hərbi xidmət dövrü ilə əlaqədardır. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyən edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi”. Növbəti müayinə tarixi xx.xx.2010-cu il tarixinə təyin edilmişdir. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2014-cü ildə qəbul edilmiş qərara əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi təkrar müəyən edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının postoperasion düzələn yırtığı. Həzm funksiyasının pozulması ilə gedən bitişmə xəstəliyi. NSD qarışıq tip”. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2015-ci ildə qəbul edilmiş qərara əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi təkrar müəyən edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi”. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, təkrar müayinə zamanı iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyyən edilərək, növbəti müayinə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi”. İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatına əsasən, iddiaçıya xx.xx.2021-ci ildə qiymətləndirmə əsasında əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb isə “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” kimi göstərilmişdir. Diaqnozun mətni: “Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008)”. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti 18 nömrəli şəhər Poliklinikası 0074003AACGQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı sualları qoymuşdur: “1) xx.xx.1957-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan müayinə zamanı onda aşkar olunan hansı xəstəlik, travma və qüsurlar aşkar olunur? 2) İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əlillik (birinci, ikinci və ya üçüncü dərəcə) müəyyən edilməsi meyyarlara uyğundurmu? 3) Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir?” Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 T 339/2021 nömrəli ekspert rəyinə əsasən komissiya aşağıdakı nəticəyə gəlmişdir: “1-3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdə qeyd edilən hazırda onun əziyyət çəkdiyi “qasıq yırtığı, qarnın ön divarının cərrahi əməliyyatdan sonrakı residiv ventral yırtığı, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, residiv göbək yırtığının ləğvi, Alloplastika cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid emək mümkün deyil. Qeyd edilən xəstəliyin iki forması olur: travmatik və qetri-travmatik. Qeyri-travmatik mənşəli yırtıqlar qarın boşluğunun divarlarında olan anadangəlmə zəif yerlərdən qarındaxili təzyiqin artmasına səbəb olan xəstəliklər nəticəsində qarın boşluğu üzvlərinin, əsasən də bağırsaqların qarın boşluğundan xaric olunmasıdır. Travma mənşəli yırtıqlar isə travmatik qarın divarı defektlərindən orqanların qarın boşluğunda xaric olmasıdır.” İddiaçı həmçinin iş üzrə sübut qismində epikrizlərin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyin bərpa olunmasından imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyinin normalarına zidd olmuş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8, 13.1, 13.2, 13.3-cü maddələrində nəzərdə tutulmuş qarşılıqlı etimad prinsiplərini pozmuşdur. Hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mövcud inzibati praktikaya uyğun hərəkət etməməsi işin faktiki halları ilə təsdiqlənir, belə ki, iddiaçı 1996-cı ildən yırtıq xəstəliyindən əziyyət çəkir, 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu tarixli göndərişi əsasında ona hərbi xidmət dövrü ilə əlaqədar alınmış xəstəliyə görə İİİ dərəcə əlillik müəyyən edilmiş, həmin xəstəlik “X1”nın Xİ Sinifə uyğundur (Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan). 2014-cü ildən 2015-ci ilədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə yenidən təyin edilmiş, 2016-ci ildə iddiaçıya 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) İİİ dərəcə əlillik müəyyən edilmişdir. Belə olan halda 2021-ci ildə həmin diaqnozun qoyulması iddiaçıda xəstəliyin mövcud olmasını sübut edir və iddiaçının tam reabilitasiya olunmasını istisna edir Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6590/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6590/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver