Məhkəmə qərarları › İş №2-1(112)-6591/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6591/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6591/2024 29.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 29 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə Naxçıvan MR Milli Müdafiə Komitəsinin X5, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək isə “Naxçıvan” X4 (keçmiş N №-li hərbi hissə) müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Hərbi Komissarlığı Şərur Rayon Hərbi Komissarlığının xx.xx.2002-ci il tarixli 425 №-li arayışına əsasən İddiaçı 1991-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – cavabeh) müraciət etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb, xx.xx.1991-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. Xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hücum edildiyi xəbərini aldıqdan sonra dərhal xidmət etdiyi Sovet ordusunun hərbi hissəsini tərk edərək Naxçıvan MR-a qayıdıb və onun müraciəti əsasında Şərur rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinə göndərilərək xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonradan Şərur rayon Regional Hərbi Qərargahı ləğv olunduqdan sonra, Şərur rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə təkrar çağırılaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (əvvəl Azərbaycan Respublikasının MTN-nin SQ) Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsinin tərkibində xidmətini davam etdirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N saylı əmrinə əsasən hərbi hissədə qranatatan köməkçisi, hərbi-hissə komandirinin xx.xx.1993cü il tarixli, 284 saylı əmrinə əsasən isə "Çavuş" hərbi rütbəsi verilməklə həmin hərbihissədə "Bölmə komandiri" vəzifəsinə təyin edilib, xx.xx.1995-ci il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşdur. Daha sonra Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.1995-ci il tarixli, 1518 saylı əmrinə əsasən könüllü olaraq müdətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, xx.xx.1997-ci il tarixinədək (əmr №1011) Azərbaycan Respublikasının MTN-də "kiçik gizir" rütbəsi daşımaqla xidmət etmişdir. Sadaladığı bütün hallar ona məxsus ******* nömrəli hərbi biletin müvafiq səhifələrində öz əksini tapmışdır. xx.xx.1993-cü il tarixdən, xx.xx.1994-cü il tarixinə kimi hərbi xidmətə çağırılmış və xidmətdə olduğu müddətdə erməni təcavüzkarları tərəfindən edilmiş hücumların qarşısının alınması üçün gedən döyüşlərdə iştirak etmişdir. Onun döyüşlərdə iştirak etmə faktını N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 32 nömrəli əmrində döyüşlərdə iştirak etməyi və qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməyim, eyni zamanda ona məxsus ******* nömrəli hərbi biletin, 6-cı səhifəsində müvafiq qeydin aparılması təsdiq edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının İ Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirakla bağlı müraciətinə əsasən müvafiq arxiv sənədləri toplanılmış və məlum olmuşdur ki, həqiqi hərbi xidmətə çağırılmış əsgər İddiaçı 11 may 1993-cü il tarixdə N saylı hərbi hissənin (indiki “Naxçıvan” X7) şəxsi heyətinin siyahısına daxil edilmiş və xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. İddiaçı xx.xx.1992xx.xx.1993-cü il tarixlərdə Naxçıvan MR Milli Müdafiə Komitəsinin X5, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək isə “Naxçıvan” X4 (keçmiş N №-li hərbi hissə) müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı tərəfindən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciəti əsasında müvafiq arxiv sənədləri toplanmış və xx.xx.2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmışdır. Komissiyanın 01 mart 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 №-li Qərarı lə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq barəsində daxil olmuş arxiv sorğularına əsasən xidmət müddətində döyüş əməliyyatlarında iştirakı barədə məlumatlar (döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı döyüş zonasına ezam olunma və ezamiyyətdən geri qaytarılma) mövcud olmadığından “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2024-cü il tarixli 3-38-4/2-91/2024 №-li məktubla ünvan üzrə məlumat verilmişdir. “Naxçıvan” X2 daxil olmuş məktubda qeyd edilmişdir ki, əsgər İddiaçı xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. İddiaçı xidmət etdiyi müddət ərzində döyüş əməliyyatlarında iştirakı əmrlərlə (döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı döyüş zonasına ezam olunma və ezamiyyətdən geri qaytarılma) təsdiq olunmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətlə bağlı hərəkətsizlik etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı əvvəllər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tələblərinə əsasən hazırkı iddia tələbinə cavab verməli olan şəxs Dövlət Sərhəd Xidmətidir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. … Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Naxçıvan MR Milli Müdafiə Komitəsinin X5, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək isə “Naxçıvan” X4 (keçmiş N №-li hərbi hissə) müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Hərbi Komissarlığı Şərur Rayon Hərbi Komissarlığının xx.xx.2002-ci il tarixli 425 №-li arayışına əsasən İddiaçı 1991-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı 1991-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktına istinad edərək ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciənin təmin etməkdən imtina etmişdir. İmtina əsası kimi cavabdeh ona istinad edir (etiraz ərizəsində) ki, toplanılmış arxiv sənədlərində və məlum olmuşdur ki, həqiqi hərbi xidmətə çağırılmış əsgər İddiaçının xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Naxçıvan MR Hərbi Komissarlığı Şərur Rayon Hərbi Komissarlığının xx.xx.2002-ci il tarixli 425 №-li arayışına əsasən İddiaçı 1991-1992ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məhkəmə sorğusna cavab olaraq icra edilmiş tələbnamədən görünür ki, iddiaçının məhkumluğu olmamışdır. Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Hərbi Prokurorluğunun elektron məktubuna əsasən iddiaçının barəsində Prokurorluqda cinayət işi istintaq olunmamış, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Yuxarıda sadalanan normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi mübahisə doğurmur. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi Azərbaycan Respublikası Naxçıvan MR Hərbi Komissarlığı Şərur Rayon Hərbi Komissarlığının xx.xx.2002-ci il tarixli 425 №-li arayışına əsasən müəyyən edildiyindən ona müharibə veteranı adı verilməlidir. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh etiraz ərizəsində Naxçıvan X2 daxil olmuş məktuba istinad edərək iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatların olmamasını qeyd edir. Lakin, cavabdeh nəzərə almır ki, iddiaçı 1991-1992-ci iilərdə Şərur rayon Hərbi Komisarlığından göndərilərək döyüş bölgəsinə gedərək döyüş əməliyyatlarında könüllü olaraq iştirak etmişdir. Cavabdeh isə iddiaçının sonrakı dövlərdə hərbi qulluq keçdiyi qurumlardan əldə edilmiş məlumatlara istinad edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adının verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin iddiaçıya müharibə veteranı adının verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar