Məhkəmə qərarları › İş №2-1(112)-6596/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6596/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6596/2024 29.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür. ИТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək (5 il 4 ay 8 gün), xx.xx.1991-ci il tarixindənm xx.xx.1992-ci il tarixinədək (7 ay 3 gün), xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək (1 il 2 ay 1 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur (ümumi 7 il 1 ay 12 gün). X3 ilə X4 xx.xx.1990-cı ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir. Birgə nikahlarından 27 oktyabr 2000-ci ildə Elşad adlı oğlanları doğulmuşdur. Elşad Bədəlov sağlamlıq imkanlarının məhdudluğu ilkin olaraq xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və bir il müddətinə (xx.xx.2004-cü ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmiş, növbəti dəfə vətəndaşa xx.xx.2004-cü il tarixində təkrar olaraq təyin edilmiş ümumi xəstəlik səbəbindən 2 il müddətinə (xx.xx.2006-cı ilədək) sağlamlıq imkanları məhdudluğu hər dəfə 2 il olmaqla xx.xx.2008-ci il tarixinədək qüvvədə saxlanılmışdır. Sonuncu dəfə E.Bədəlovun əlillik vəziyyəti xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin arayışına əsasən İddiaçı X6 8 yaşa kimi böyüdüb tərbiyə etmişdir. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 149 №-li, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən İddiaçı xx.xx.2000-ci il təvəllüdlü xəstə oğlu X10 qəyyum təyin edilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, “təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən sığorta stajınız (xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək övladınız X7 qulluq etdiyiniz dövr də nəzərə alınmaqla) 10 il 11 ay 27 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Bildiririk ki, xx.xx.2023-cü il tarixli müraciətiniz zamanı təqdim etdiyiniz Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində İ dərəcə əlilliyi müəyyən edilmiş övladınız X5 qəyyumu atası X3 qeyd edildiyi üçün həmin dövrlərin sizin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İ dərəcə əlilliyi müəyyən edilmiş övladınız E.Bədəlova xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək qulluq etdiyiniz dövrlər sığorta stajınıza daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Bildiririk ki, sizə xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və X2na qulluq etdiyi dövrləri nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdə anadan olan X2 anadangəlmə “Ağır dərəcəli kəmağıllılıq, Kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kobud, nitq və davranış pozuntusu ilə, iki tərəfli neyrosensor kartiq. İki tərəfli xr.İİİ-İV dərəcəli ağır eşitmə. Vegetativ damar distoniyası.ou-müştərək çəpgözlük - Müddətsiz”. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı var*. X2 anadan qüsurlu doğulduğundan və “kənar şəxsin daimi köməyinə ehtiyacı olduğundan”, yəni bir an belə tək qalması mümkün olmadığından, oğlu barədə müvafiq sənədlərin toplanılmasını əri X12 həyata keçirmiş və bu səbəbdən uşağa qulluğu faktiki olaraq o, həyata keçirsə də, oğlunun xəstəliyi ilə bağlı sənədləşmələr ərinin adından icra olunmuşdur. Eyni zamanda əri X3 1999-cu ildən baştayaraq fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, şəxsi avtomobili ilə tikinti bazarında vətəndaşlara yük daşınmasını həyata keçirmiş, 2006-cı ildə nəqliyyat departamenti yarananda, departamentdə qeydiyyata durmuşdur. Əri mütəmadi olaraq səhər saat saat 09-dan, axşam saat 21 radələrinə kimi işdə olmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2/005/-1636/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və İddiaçı xx.xx.2000-ci il təvəllüdlü xəstə X2na qəyyum edilmişdir. İddiaçı tərəfindən təqdim edilən Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində İ dərəcə əlilliyi müəyyən edilmiş övladı X5 qəyyumu atası X3 qeyd edildiyi üçün isə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı tərəfindən təqdim edilən Dost Xidməti Mərkəzi tərəfindən tərtib edilən **********254 nömrəli ərizə qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt tərtib olunarkən şəxsə hansı tarixdən hansı tarixədək qulluq edilməsi və aktın tərtib olunma tarixi qeyd edilməlidir. Eləcə də qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Lakin iş materiallarında belə bir qulluq aktı mövcud deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının müraciətinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı özünün qəbul etdiyi qərar formasında etsə də, hazırkı iddia mübahisələndirmə iddiası deyil, məcburetmə haqqında iddiadır. Çünki iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir ki, bu da müvafiq inzibati aktın (iddiaçıya yaşa görə pensiya təyin edilməsinə dair qərarın) qəbul edilməsinə yönəlmişdir. Cavabdeh tərəfindən imtina barədə qərarın qəbul edilməsi hazırkı iddianın məcburetmə yox, mübahisələndirmə iddiası kimi qiymətləndirilməməlidir. Çünki iddiaçı həmin qərarın formal olaraq ləğvini tələb etsə də, əslində iddiaçının hüquqi marağı qərarın ləğvindən əlavə ona pensiyanın təyin edilmə öhdəliyinin cavadehə həvalə edilməsinə yönəlmişdir. Cavabdehin pensiya təyin edilməsindən imtina qərarının ləğv edilməsi isə özü-özlüyündə iddiaçınya yaşa görə pensiya təyin edilməsi nəticəsində gəlməyə əsas vermir. Ona görə də, hazırkı iddianın növü mübahisələndirmə deyil, məcburetmə haqqında iddiadır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 58 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edir. Cavadeh iddiaçının əlilliyi müəyyən edilmiş uşağına qulluq etdiyi dövrü xx.xx.2019cü il tarixdən (iddiaçının oğlunun faəliyyət qabiliyyəti olmayan hesab edilməsi və iddiaçının onun qəyyumu təyin edilməsinə dair məhkəmə qətnaməsi qəbul edildiyi) hesablayır. Cavabdeh hesab edir ki, iddiaçının oğlunun əlilliklə bağlı sənədlərdə qəyyum kimi atası göstərildiyindən, həmin dövlər iddiaçının oğluna qulluq etdiyi dövrlər kimi qəbul edilə bilməz. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və X2na qulluq etdiyi dövrləri nəzərə alaraq ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassız olmaqla iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; Maddə 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. ... 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7, 8.1ci maddələrndə nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən əmək kitabçasında qeyd olunan iş stajı 7 il 1 ay 8 gün (xx.xx.1983-xx.xx.1988, xx.xx.1991-xx.xx.1992 və xx.xx.1993-xx.xx.1995), əlilliyi müəyyən edilmiş uşağına qulluq etdiyi iş stajı 3 il 10 ay (xx.xx.2019-xx.xx.2023) 19 gündür. Cavabdeh iddiaçının əlilliyi müəyyən edilmiş xx.xx.2000-ci il təvəllüdlü uşağına həmin tarixdən (xx.xx.2000-ci il) xx.xx.2019-ci il tarixədək qulluq etdiyi müddəti sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların surətlərində əlilliyi müəyyən edilmiş övladı X5 qəyyumunun atası X3 qeyd edilmiş və qulluq aktı iş materiallarına əlavə edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı əlilliyi müəyyən edilmiş uşağı doğulduğu tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən əmək stajı dövründə TSEK-nin arayışlarının surətində uşağın qəyyumunun atası olmasına istinad etməsi iddiaçının əlilliyi müəyyən edilmiş uşağına qulluq etməsini faktını inkar etmir. Qeyd edilən hal E.Babayevə qulluğun anası deyil, atası tərəfindən edilməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, həmin TSEK-də müayinə aktından çıxarış adlı sənəd hazır blankda tərtib edilmiş və valindeylərinin mötərizə içərisində isə qəyyumunun adı, soyadı və digər məlumatları qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qrafada iddiaçının əri oğlunun qəyyumu kimi deyil, valideyni kimi qeyd edilmişdir. Belə ki, iddiaçının oğluna qəyyum Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu lil tarixli qətnaməsi və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə təyin edilmişdir. Digər tərəfdən həmin blank, iddiaçının oğlunun müayinəsi ilə bağlı hazırlanmış, blanka uşağın müayinəsi ilə bağlı müraciət edən valideynlərindən birinin adının qeyd edilməsi tələbidir və həmin blank E.Bədəlova kimin qulluq etməsini müəyyən edən sənəd deyildir. Ona görə də, cavabdeh həmin sənədə istinad edərək iddiaçının oğluna atasının qulluq etməsi nəticəsinə gəlməsi absurddur və iddiaçıya pensiya təyin edilməsindən imtinanın heç bir inzibati araşdırmaya söykənməyən formal əsaslandırılmasıdır. İş materiallarında olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin arayışına əsasən İddiaçı X6 8 yaşa kimi böyüdüb tərbiyə etmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçının əri X3 vergi ödəyicisi olmuş və 2006-2009-cu illərdə dövlət büdcəsinə vergilər ödəmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə eyni ünvanda pasport qeydiyyatında olan qonşular tərəfindən tərtib edilmiş notarial qaydada təsdiq edilmiş aktdan müəyyən edilir ki, iddiaçı sağlamlıq imkanları məhdud X8 qulluq edib, övladı doğulandan sonra heç bir yerdə işləməyib və hal-hazırda işsizdir. Digər tərəfdən hamıya bəlli olan haldır, bəzi hallar istisna olmaqla uşağa qulluq edən şəxs anasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi qəyyumluq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir və onları təmsil edirlər. Məhkəmə iddiaçının əlilliyi müəyyən edilmiş uşağa qulluq etməsinə dair icra hakimiyyəti orqanının qulluq aktının olmamasına münasibət bildirərək qeyd edir ki, işdə olan MKİS-in arayışı, qonşuların notarial ərizəsi, iddiaçının əmək kitabçasına əsasən heç bir yerdə işləməməsi və iddiaçının ərinin işləyərək dövlət büdcəsinə vergi ödənişləri etməsi Elşad Bədəlova anasının qulluq etməsi nəticəsinə gəlmək üçün əsasdır. Beləliklə, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (18 il 5 ay 6 gün) əlilliyi müəyyən edilmiş uşağına qulluq etdiyi müddət nəzərə alınmaqla, həmçinin cavabdeh tərəfindən mübahisələndirilməyən 10 il 11 ay 27 gün stajı da daxil edilməklə ümumilikdə 29 il, 5 ay, 3 gün iş stajı vardır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 58 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İddiaçı üçün tələb edilən yaş həddi 63 yaş olduğundan Qanunun 8.1-ci maddəsi tətbiq edilməklə 5 il azaldılmaqla iddiaçı pensiya təyin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X16 pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı oğu X7 qulluq etdiyi dövrləri nəzərə alaraq ona 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar