Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6598/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannaməsinin ləğv edilməsi və artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********29164 sorğu nömrəli 27.04.2021-ci il tarixli, **********7823 sorğu nömrəli 26.04.2021-ci il tarixli gömrük bəyannamələrinin ləğv edilməsi, ilkin **********2010 sorğu nömrəli 05.04.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd olunan (20883,27 manat) məbləğdən artıq ödənilən 10984 manat gömrük ödənişinin geri qaytarılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-ə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsinə yuxarıda qeyd olunan ekspertizanın aparılması (yəni tədqiqat metodu ilə sənədlər araşdırılmış, İQspektrofotometriya üsulu ilə fiziki-kimyəvi tədqiqatlar aparılmış, 2338/2021-2355/2021 nömrəli sınaq protokolları tərtib olunmuş) üçün akkreditasiya olunaraq akkreditasiya attestatının verilib-verilməməsi barədə sorğu edilmiş, cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin yalnız bir qurumu Azərbaycan Respublikasına idxal olunan avtonəqliyyat vasitələrinə inspeksiya xidməti göstərən orqanı “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən akkreditasiya olunmuş və ona 04.01.2019-cu il tarixli AZ05.0378.01.19 nömrəli akkreditasiya attestatı verilmişdir. X2 İdarəsi uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyəti olmadan, qüvvədə olan qanunun tələblərini pozaraq keçirdiyi ekspertizanın rəyinə əsaslanaraq Bakı Baş Gömrük İdarəsi tərəfindən **********2010 sorğu nömrəli 05.04.2021-ci il tarixli gömrük bəyannaməsi ləğv edilmiş, qanuna zidd olaraq **********29164 sorğu nömrəli 27.04.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən **********7823 sorğu nömrəli 26.04.2021-ci il tarixli gömrük bəyannaməsi də X2 İdarəsinin yuxarıda qeyd olunan rəyinə əsaslanaraq tərtib olunmuş və iddiaçıdan əlavə gömrük ödənişləri alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianı müdafiə edərək tələblərinin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdən görünür ki, iddiaçı gömrük bəyannamələrinin ləğvini və ödədiyi gömrük ödənişinin bir hissəsinin geri qaytarılmasını xahiş edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddialara aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İddiaçının hazırda ləğv edilməsini tələb etdiyi gömrük bəyannaməsi inzibati orqan tərəfindən deyil, gömrük sərhədindən malları keçirilən fiziki və ya hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi formada tərtib edilərək gömrük orqanına təqdim olunan sənəd olmaqla malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirir və inzibati akt kimi qiymətləndirilə bilməz. Belə olan halda, onun ləğvi ilə bağlı iddia da mübahisələndirmə haqqında iddia növünə deyil, öhdəliyin icrası haqqında iddia növünə aiddir. Eyni zamanda iddiaçı ödənilən gömrük ödənişinin bir hissəsinin əsassız hesablanmasına istinad edərək geri qaytarılmasını tələb edir ki, həmin tələb də öhdəliyin icrası haqqında iddiaya aiddir. Yuxarıda qeyd olunduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Məhkəmə inzibati orqanı əvəz etməməklə, inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyini qiymətləndirir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Lakin iş materiallarından İddiaçının bu şərti yerinə yetirməsi, öhdəliyin icrası haqqında hazırkı iddiası ilə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, hazırkı tələblə ilkin olaraq inzibati orqana müraciət şərti nəinki iddianın növünə görə inzibati prosessual qanunvericilikdən, eyni zamanda tələbin mahiyyətinə görə gömrük qanunvericiliyindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. - 150.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. - 152.1-ci maddəsinə görə gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. - 154.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər: 154.1.1. mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda; 154.1.2. fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda. Həmçinin Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Göründüyü kimi, gömrük qanunvericiliyi də həm gömrük bəyannaməsinin ləğvini, həm də gömrük ödənişlərinin qaytarılmasını şəxsin müraciətindən asılı edir, hansı ki, hazırkı iş üzrə iddiaçı cavabdehə belə bir müraciət etməmişdir. Belə olan halda aydın olur ki, iddiaçının hazırkı tələbi İPM-in 35-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6598/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6598/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver