Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6598/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.01.2022-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 01.01.2022-ci il tarixdən, yəni 62,6 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1978-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etdmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı 14.01.1978-25.12.2004-cü illər ərzində “Zəngilan rayon İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqaraj”da işləməsinin əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, arxivdə onun işə daxilolma və işdən azad edilmə əmrləri, həmçinin əmək haqql cədvəlləri aşkar edilmədiyindən belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi faktı şübhə doğurur. İddiaçının “Zəngilan rayon İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqaraj”da işlədiyi 14.01.1978-25.12.2004-cü illər ərzində müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. İddiaçının 14.01.1978-25.12.2004-cü illər ərzində işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsidir. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək qadınların pensiya yaşı 62,6 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (62,6 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması, 01.01.2022ci il tarixində, yəni 62,6 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: -14.01.1978-ci il tarixdən 25.12.2004-cü il tarixədək Zəngilan rayonu İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqarajda xadimə işləmişdir. (26 il 11 ay 12 gün) 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, 17.03.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 01.01.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Lakin nəzərə alınmalıdır ki, əgər əmək kitabçasında olan qeydlərin mötəbərliyinin şübhə altına alınması ehtimalı yaranarsa bu zaman məhkəmə tərəfindən müəssisənin mövcudluğu və vətəndaşın mübahisələndirilən dövrdə müəssisədə işləyibişləməməsi müəyyən olunmalıdır. Hazırki mübahisə üzrə iddiaçının Zəngilan rayonu İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqarajda işlədiyi müddətin bir hissəsi şübhə doğurur. Belə ki, işin faktiki hallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, onun işlədiyi müəssisənin dislokasiyası məhz Zəngilan rayonun hüdudları daxilində yerləşirdi. Məhkəmə qeyd etmək istəyir ki, müəssisənin Zəngilan rayonun ərazisində yerləşdiyi təqdirdə iddiaçının 1992-ci ildən sonra həmin müəssisədə işləməsi istisna olunur ki, bununla da əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına alır. Belə ki, ümumməlum olan arqumentdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 20.10.2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi dövrlərdə, yəni 29.10.1993-cü il tarixdən 25.12.2004-cü il tarixədək Zəngilan rayonu İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqarajda xadimə işləməsi mümkün deyildir. Belə ki, müəssisənin həmin dövrdə işğal altında (hazırda işğaldan azad olunan) olan Zəngilan rayonunun ərazisində yerləşməsi artıq iddiaçının 29.10.1993-cü il tarixdən sonraki illər üçün işləmə faktını istisna edir. Məhkəmə tərəfindən araşdırmanın aparılması məqsədi ilə aidiyyəti üzrə inzibati orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktublarından görünür ki: -X2 və ətraf rayonların (o cümlədən Zəngilan rayonu) Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtılə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. (Azərbaycan Respublikası Milli Arxiv İdarəsi) -İddiaçı əmək kitabçasında işlədiyi qeyd olunan Zəngilan rayonu İstehlak Cəmiyyətinin, həmçinin həmin Cəmiyyətin təsərrüfathesablı avtoqarajının fəaliyyət gösərib-göstərməməsi barədə məlumatın təqdim edilməsi mümkün deyildir. (Zəngilan rayon İcra Hakimiyyəti) -Zəngilan rayon İstehlak Cəmiyyəti Azərbaycan X1-“Azərittifaq”ın tabeliyində olmaqla dövlət müəssisəsi hesab edilmir və onunla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) -İdarədə olan reyestrdə Zəngilan rayon İstehlak Cəmiyyəti və Cəmiyyətin təsərrüfat hesablı avtoqarajı adlı kommersiya qurumları aşkar edilməmişdir. (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) -1996-cı ildə yaradılmş Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Zəngilan rayonu İstehlak Cəmiyyəti 23 sentyabr 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Zəngilan rayonu İstehlak Cəmiyyətinin təsərrüfat hesablı avtoqarajına dair məlumat mövcud deyildir. (Dövlət Statistika Komitəsi) Məhkəmə sorğusu əsasında təqdim olunmuş cavab məktublarından müəyyən olunur ki, iddiaçının 14.01.1978-ci il tarixdən 25.12.2004-cü il tarixədək xadimə vəzifəsində işlədiyi Zəngilan rayonu İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqaraj ilə bağlı müəssisənin həmin dövrdə mövcud olmasına və iddiaçının müəssisədə işləməsini təsdiq edən sənəd aşkar olunmamışdır. Doğrudur ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsində bu əsas şəxs üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Lakin, Məhkəmə bir daha da qeyd edir ki, iddiaçının işlədiyini iddia etdiyi müəssisə həmin dövrdə işğal altında (hazırda işğal altından azad edilmiş) olan ərazidə yerləşdiyindən hazırki mübahisə üzrə vəziyyət bir qədər fərqlidir. Bu səbəbdən də müəssisənin mövcudluğunun müəyyən edilməsi mühüm xarakter daşıyırdı. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı isə ümumiyyətlə müəssisənin mövcudluğu və ya Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində müəssisənin faktiki dislokasiyasının dəyişdirilməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, məhkəmə icraatı zamanı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubunda Zəngilan rayonu İstehlak Cəmiyyətinin 23 sentyabr 1996-cı il tarixində qeydiyyata alınması ilə bağlı məlumatın qeyd olunması vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, statik vahidlərin reyestrində müəssisələr barədə məlumatlar məhz 1996-cı il tarixdən sonrakı tarixlərə qeydiyyata alınmışdır və həmin tarixdən əvvəlki tarixlərdə qeydiyyata almalarla bağlı məlumatlar oxşar işlərin heç birində verilmiş sorğulara cavablarda müəyyən edilmir. Nəzərə alınmalıdır ki, Dövlət Statistika Komitəsində olanda məlumata əsasən Zəngilan rayonu İstehlak Cəmiyyətinin 23 sentyabr 1996-cı il tarixində qeydiyyata alınmasından asılı olmayaraq, iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahata əsasən müəssisənin Zəngilan rayonu ərazisində yerləşməsi artıq 1993-cü il tarixdən sonra onun həmin dövrdə müəssisədə işləməsi faktını şübhə altına alır. Bu səbəbdən də Məhkəmə Dövlət Statiska Komitəsi tərəfindən daxil olmuş sorğuya cavab məktubunda olan məlumatları hazırki iddia üzrə hər hansı əhəmiyyət kəsb etmədiyini hesab edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi müəssisə Zəngilan rayonu ərazisində yerləşdiyindən, 29.10.1993-cü il tarixdən 20.10.2020-ci il tarixədək Zəngilan rayonu işğal altında olduğundan, iddiaçının 29.10.1993-cü il tarixdən 25.12.2004-cü il tarixədək Zəngilan rayonu İstehlak Cəmiyyəti Təsərrüfat hesablı Avtoqarajda işləməsi istisna olunur. İddiaçının əmək kitabçasında olan qeydlər əsasında ümumi iş stajını 14.01.1978-ci il tarixdən 29.10.1993-cü il tarixədək nəzərə alsaq belə, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Belə ki, həmin dövrlər əsasında onun ümumi iş stajı 15 il 09 ay 16 gün təşkil edir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı 2004-cü ildən sonraki illərdə işləməmişdir Belə olan halda, onun 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınması halı da istisna olunur. Bu səbəbdən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbləri tətbiq oluna bilməz. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Orxan Həsənov