Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6599/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “güzəştli mənzil növbəsinə alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, cavabdehə şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla onun yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 27 ünvanında yerləşən 29.61 kv.m sahəyə malik olan mənzilə guya digər şəxsləri qeydiyyata salmaqla mənzil şəraitinin süni surətdə pisləşdirilməsi səbəbindən ona şəhid ailəsi kimi mənzilin verilməsinin mümkün olmadığı əsas gətirilməklə onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bununla yanaşı, onun mənzilə ehtiyac olan şəxslər sırasından olmadığı qənaətinə gəlinmişdir. Halbuki qeydiyyata alınmış şəxslər onun gəlini və nəvələridir. Onların sözügedən mənzildən başqa yaşayış yerləri yoxdur. Cavabdehin məhz bu əsasla onun müraciətindən imtina etməsi onun qanunla qorunan hüquqlarına toxunur. xx.xx.1970-ci il təvəllüdlü övladı X3 Qarabağ döyüşlərində iştirak etmiş, xx.xx.1993-cü ildə həlak olmuş, buna dair xx.xx.1993-ci ildə 35 saylı akt qeydi ilə ölüm haqqında şəhadətnamə onlara təqdim edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkədə daim diqqət mərkəzində olan məsələlərdəndir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin mənzil məsələsi barədə ərizənizə baxılmışdır. Ərizənizdə şəhid ailəsi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyatda olduğunuz Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 saylı evin yaşayış sahəsi 29.61 kv.m olan 2 otaqlı 85 saylı mənzilinə digər vətəndaşları qeydiyyata salmaqla mənzil şəraitinizi süni sürətdə pisləşdirmisiniz. Bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: ünvan 4ənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 100 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 nömrəli evin, 29.61 kv.m olan 2 otaqlı 85 saylı mənzilində daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. İddiaçı məxsus Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 nömrəli evin 85 saylı mənzilinə 4 nəfər digər ailə üzvlərini qeydiyyata salaraq mənzil şəraitini süni şəkildə pisləşdirmiş və Azərbaycan Respublikası Mənzii Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyətinə dair yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyindən göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Həmin məktuba əlavə edilmiş Xətai rayon MKTB 85 saylı MKİS tərəfindən verilmiş 100 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında xx.xx.2000-ci ildən daimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “güzətli mənzil növbəsinə alınma” tələbi barədə inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6599/2022 saylı iş üzrə, İddiaçı şəhid ailəsi kimi mənzil növbəsi siyahısına əlavə edilibedilməməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildiririk ki, Zəngilan rayonundan məcburi köçkün, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 saylı evin, 85 nömrəli mənzilində daimi qeydiyyatda olan İddiaçı ailə üzvləri ilə birgə həmin mənzildə müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Qeyd edirik ki, şəhid ailəsi İddiaçı 2020-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə mənzillə təmin olunması ilə bağlı müraciət etmiş və onun adı mənzillə təmin olunması nəzərdə tutulan məcburi köçkün ailələrinin siyahısına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-cİ illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Xətai Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 15 aprel 2016-cı il tarixli 27 nömrəli və 11 dekabr 2020-ci il tarixli 1529 nömrəli məktublarda Sizin adınız qeyd edilməmişdir. Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün müraciətdə qeyd olunan məsələnin həlli ilə bağlı rayon (şəhər) icra hakimiyyətinə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan xx.xx.1993-cü il tarixli İİ-JQ seriyalı 416691 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 29 avqust 1993-cü il tarixdə Zəngilan rayonunun Sobu kəndində ölmüşdür. Ölümün səbəbi: Bədənində çoxsaylı güllə yaraları, döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olub. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 004947 saylı şəhid ailəsi üzvünün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X19, X17, X21, X18, X20 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 6ylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 4 nəvəsi - X17, X21, X18, X19 və gəlini X20 olmaqla ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 27 saylı evin 85 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) X10 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Zəngilan rayonu Mincivan qəsəbə soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş İ-İE seriyalı 533274 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Zöhrə Sadatqulu qızı ilə xx.xx.1968-ci ildə evlənmişdir. Evlədikdən sonra kişi Əliyev, arvad Əliyeva soyadını götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın mövcudluğu barədə arayışının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən X11 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın mövcudluğu barədə arayışının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın mövcudluğu barədə arayışının surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən X8 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı borcalan qismində aktiv öhdəlikləri haqqında məlumat mövcud deyil, bağlanmış öhdəlikləri haqqında məlumat mövcud deyil, hər hansı öhdəliyə zamin olması haqqında məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Xətai Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 03/Ə-1334 saylı arayışının surətindən görünür ki, Xətai rayonu, Sadıqcan küçəsi, ev 27, mənzil 85 ünvanında qeydiyyatda olan İddiaçı və həmin ünvanda qeydiyyatsız yaşayan X20, X12 Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-cı il tarixdə doğulmuşdur, ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Zəngilan rayonu Mincivan qəsəbə soveti tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1970-ci ildə Zəngilan rayonu Mincivan qəsəbəsində doğulmuşdur. X6, anası X2r. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı oğlu X15 29 avqust 1993-cü ildə şəhid olmuşdur. İddiaçı şəhid ailəsi statusuna malikdir. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı ünvan 5 ünvanında xx.xx.2000-ci ildən daimi qeydiyyatdadır. İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuşdur. Göründüyü kimi, iddiaçı şəhid ailəsinin üzvü statusuna malikdir və iddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəhid ailəsinin üzvü kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6599/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6599/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver