Məhkəmə qərarları › İş №2-1(112)-66/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-66/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-66/2022 19.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən ediməsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazsində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Bununla əlaqədar, cavabdeh verdiyi imtina məktubunu belə əsaslandımışdır. Tərəfinizdən göstərilən əraziyə mütəxəsis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sisteminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini mümkün etmək olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1074/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1240/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının bağ sahəsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina barədə məktubu. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 36/251 nömrəli xx.xx.2015-ci il tarixli Arxiv Arayışının notarial qaydada təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyinin 33 saylı Orderi. - məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3845 nömrəli Ekspert Rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi”ni tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, təqdim olunan sənədlərin bağ nömrələrində uyğunsuzluq var. Belə ki, orderdə bağ nömrəsi 1487 kimi, arxiv arayışında isə 1486 kimi qeyd olunmuşdur. Bundan əlavə, göstərilən bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtina üçün gətirdiyi dəlillər əsassızdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 36/251 nömrəli xx.xx.2015-ci il tarixli Arxiv Arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə Qasımova (Nağıyeva) Bəhriyyə Qurban qızına Şüvəlan bağ massivi ərazisində yerləşən 1486 saylı bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı əsasında Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyi tərəfindən Qasımova (Nağıyeva) Bəhriyyə Qurban qızının adına verilmiş 33 saylı Orderdə bağın nömrəsi Sərəncamdan fərqli olaraq 1487 göstərilməsi iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Beləliklə, cavabdehin “təqdim olunan sənədlərin bağ nömrələrində uyğunsuzluq var. Belə ki, orderdə bağ nömrəsi 1487 kimi, arxiv arayışında isə 1486 kimi qeyd olunması” ilə bağlı dəlili əsassızdır. Cavabdeh inzibati orqanın “göstərilən bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, digər fiziki şəxsin, yəni hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X1 adına daşınmaz əmlakın dövlət reyestrində hazırkı iddianın predmeti olan “1486” nömrəli bağ sahəsi deyil “1476” nömrəli bağ sahəsi qeydiyyatdan keçmişdir. Odur ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının naturada göstərdiyi bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı Sərəncamı ilə ona ayrılmış 1486 nömrəli bağ sahəsi deyil, digər şəxsə məxsus 1476 nömrəli bağ sahəsinin ərazisi olması 1486 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, iddia olunan bağ sahəsinin naturada yerləşdiyi yerin və koordinatlarının müəyyən olunması, mövcud uyğunsuzluğun qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırması və hüquqların qeydiyyatının aparılmasının təmin edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Göründüyü kimi, cavabdehin imtina məktubunda göstərilən dəlilləri iddiaçının iradəsindən irəli gələn hallar deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli 113 nömrəli Azərbaycan Respublikası Fərmanının 2-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh iddiaçının torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmamasını sübut edə bilməmişdir. Bəhs olunanlara əsasən məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar