Məhkəmə qərarları › İş №2-1(112)-660/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-660/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-660/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair plan və ölçü sənədində bağların bölgü sxeminə uyğun düzəliş edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair plan və ölçü sənədində bağın naturadakı vəziyyətinə uyğun düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi ərazisində, 13-cü Cənub küçəsində yerləşən 0,10 ha torpaq sahəsi olan 22/2838 nömrəli bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 iyul 2011-ci il tarixdə ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin bağa dair keçmiş Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş koordinatlarda yalnışlığa yol verildiyindən “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlar faktiki istifadə edilən torpaqla üst-üstdə düşmür. İddiuaçı qonşu bağlarla ardıcıllığa uyğun olaraq faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının göstərilməsi və verilmiş plan və ölçü sənədində düzəliş edilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 13 yanvar 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi ərazisində, 13-cü Cənub küçəsində yerləşən 0,10 ha torpaq sahəsi olan 22/2838 nömrəli bağ sahəsinə dair ilkin sənədlər keçmiş DTXK tərəfindən texniki qüsurla tərtib edilmiş kadastr planına əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, kadastr planında göstərilən koordinatlara əsasən bağ sahəsinin bir hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənara düşmüşdür. Cavab məktubunda faktiki düzəliş edilmədiyindən, imtina kimi qəbul edilir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunu poçt vasitəsi ilə 18 yanvar 2021-ci il tarixdə almışdır. O, hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubu əsassızdır. Belə ki, o, öz müraciətində konkret olaraq açıq və aydın formada göstərməyə çalışmışdır ki, bağın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş koordinatlarında yalnışlığa yol verilmişdir. Həmin yalnışlıq aradan qaldırılaraq sənədində düzəliş edilərək koordinatlar düzgün göstərilməklə ona yeni plan və ölçü sənədi təqdim edilsin. Lakin, görünən odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin yalnışlığın olduğunu etiraf edir, lakin icra olunmasından boyun qaçırır. Hazırki vəziyyətdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinata görə onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi yola ərazisinə düşür və bu səbəbdən ona istifadə və sahiblik edə bilmir, istifadə etdiyi sahə isə koordinatda göstərilən hissəyə düşmür. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 0,10 ha torpaq sahəsi olan 22/2838 nömrəli bağ sahəsinə dair iddiaçının adına verilmiş AA 032368 nömrəli 25 iyun 2011ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarında faktiki istifadədə olan naturadakı vəziyyətə yeni koordinatlarla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 6 aprel 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı İdarəyə 31 oktyabr 2020-ci il tarixdə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 22/2838 saylı bağ sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına 12 avqust 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimi qeyd edilmişdir: X=440617.84 Y=4473572.19; X=440636.48 Y=4473562.46; X=440611.76 Y=4473520.45; X=440593.92 Y=4473530.16. İddiaçı mülkiyyətində olan müvafiq daşınmaz əmlaka dair torpaq sahəsinin planı və ölçüsü ləğv edilmiş DTXK tərəfindən verilmiş kadastr planına əsasən **********93 reyestr nömrəsi ilə 25 iyun 2011-ci il tarixdə tərtib edilmişdir. İddiaçı tərəfindən göstərilən sahə ilə sənəd üzrə sahə arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan bağ sahəsinə dair ilkin sənədlər keçmiş DTXK tərəfindən texniki qüsurla tərtib edilmiş kadastr planına əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Həmçinin, kadastr planında göstərilən koordinatlara əsasən bağ hissəsinin bir hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənara yerləşir və bağçılıq yoldaşlığın bölgüsünə uyğun ərazidə digər şəxs tərəfindən yaşayış evi inşa edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, sahənin şərq qonşusu 23/2839, qərb qonşusu isə 21/2837 bağ sahələridir. Müraciətdə qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolu qonşu sahələrdəndir. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.000 kv.m olsa da, faktiki olaraq 1.460 kv.m təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən ölçüsü 0.1 ha olan 22/2838 saylı bağ sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 22 iyul 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 0,10 ha torpaq sahəsi olan 22/2838 nömrəli bağ sahəsinə dair plan və ölçü sənədində bağların bölgü sxeminə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.6) hüquqları dövlət qeydiyyatına almaq, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək, (3.0.31) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələri sırasına daxildir. İş materialları, habelə tərəflərin iddia ərizəsi və etirazda olan dəlilləri əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivindəki 22/2838 saylı bağ sahəsi Bakı ŞİH X4 və İstismarı Birliyi ilə hazırkı İddiaçı arasında bağlanmış 26 aprel 2007-ci il tarixli 40361 nömrəli “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27 sentyabr 2008-ci il tarixdə həmin bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, 22 oktyabr 2008-ci il tarixdə isə, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan bağ sahəsinin faktiki koordinatları ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunmuş koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı həmin uyğunsuzluq aradan qaldırılmaqla “Torpaq sahəsinin planı və ölçüsü”ndə düzəliş olunması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, İdarə məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda sözügedən bağ sahəsinə dair kadastr planının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qüsurla tərtib olunduğu bildirilmişdir. Hazırda İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər və Pirallahı rayonları Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin 2-ci hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 13 sentyabr 2021-ci il tarixli və 6 may 2022-ci il tarixli qərardadları ilə ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki aidiyyəti qurumun mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspetlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Dübəndi bağ massivində iddiaçı X6 ayrılmış 0,10 ha sahəsi olan 22/2838 saylı bağ sahəsinin X2 bölgü sxemindəki koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınarkən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatları üst-üstə düşürmü? Üst-üstə düşmürsə, sahənin bölgü sxemi üzrə koordinatlarının müəyyən edilməsi; 2) Həmin sahənin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarının ərazidəki ümumi istifadədə olan yerə (yol, küçə), yaxud başqa şəxsə məxsus sahəyə uyğunluğunun müəyyən edilməsi; 3) Həmin sahənin yuxarıda qeyd olunan bölgü sxemində göstərilən koordinatlarının hazırda başqa şəxsə məxsus sahəyə və ya ümumi istifadədə olan əraziyə (yol, küçə) düşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 14 dekabr 2021-ci il tarixli 10/5502 nömrəli və 15 avqust 2022-ci il tarixli 10/3522 nömrəli məktubları ilə Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” vəsatətləri təqdim edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə müvafiq sualların cavablandırılması üçün ekspertizanın keçirilməsi mümkün olmasa da, cavabdeh tərəfin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində iddiaçının mülkiyyətində olan bağ sahəsinin planı və ölçüsü sənədində müvafiq uyğunsuzluq etiraf edilmiş və bu, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planının qüsurlu tərtib olunması ilə əsasandırılmışdır, hansı ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi “Torpaq sahəsinin planı və ölçüsü”nü həmin kadastr planı əsasında hazarlamışdır. Diqqət yetirilməlidir ki, cavabdeh tərəfin iddiaya qarşı yazılı etiazında həmçinin kadastr planında göstərilən koordinatlara əsasən bağ hissəsinin bir hissəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənara yerləşməsi də qeyd lunmuşdur. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Bundan başqa, torpaq sahəsinin planı və ölçüsü sənədi inzbati akt olmasa da, «İnzibati icraat haqqında» Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivindəki 22/2838 saylı bağ sahəsinin faktiki və plan və ölçüdəki koordinatları ilə bağlı inzibati məhkəmə icraatında mövcudluğu sübut olunan uyğunsuzluq cavabdeh inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Odur ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası formal mülahizələrə istinad olunan sayılmaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 0,10 ha torpaq sahəsi olan 22/2838 nömrəli bağ sahəsinə dair plan və ölçü sənədində bağların bölgü sxeminə uyğun düzəliş edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 0,10 ha torpaq sahəsi olan 22/2838 nömrəli bağ sahəsinə dair plan və ölçü sənədində bağların bölgü sxeminə uyğun düzəliş edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar