Məhkəmə qərarları › İş №2-1(112)-660/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-660/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-660/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı 25 oktyabr 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşdan, yəni 17 may 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən müraciətinin müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm tikinti materialları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) bəndinin fəhlələr yarımbəndində sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri və yeraltı qalereya fəhlələri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən güzəştli iş stajı yoxdur. “Bakı lnşaat-1' ASC-nin ona dair 17 oktyabr 2023-cü il tarixli 015 nömrəli arayışında xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin baş korpus sahəsində fəhlə, xx.xx.1984xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə qəlibçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi fəhlə və qəlibçi vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək orduda xidmət etmişdir. (02 il 29 gün) Diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almışdır. (01 il 07 ay 16 gün) Əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək betonçu; (09 ay 29 gün) -xx.xx.1984-cü il tarixdə baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə baş korpus sahəsində dəmir-beton konstruksisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmiş, 01 sentyabr 1989-cu il tarixdə baş korpus sahəsində dəmirbeton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmiş və xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. (20 il 04 ay 11 gün) -xx.xx.2014-cü il tarixdə çilingər santexnik qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə 1-ci kateqoriyalı böyük mexanik keçirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ”BBTİ”-nin 1 saylı Evtikmə kombinatında 20 avqust 1984-cü il tarixindən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. 04 dekabr 1984-cü il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir. 01 iyul 1987-ci il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksisiyaları üzrə 2-ci dərəcəli qəlibçi keçirilmişdir. 01 sentyabr 1989-cu il tarixindən baş korpus sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi keçirilmişdir. 30 dekabr 2004-cü il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən işdən azad edilmişdir (ƏmrNo 65/k,xx.xx.20040). Göstərilən dövrdə İddiaçı baş korpus sahəsində dəmir - beton konstruksiyaları üzrə qəlibçi işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 №-li qərarı təsdiq edilmiş güzəştli siyahının 14.10 dəmir-beton və beton məmulatlarının istehsalı üzrə öz əksini tapmışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tikinti materialları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) bəndinin fəhlələr yarımbəndində sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri və yeraltı qalereya fəhlələri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd edilən məlumatlara əsasən iddiaçının güzəştli iş stajı yoxdur. "xxxx" ASC-nin iddiaçıya dair 17 oktyabr 2023-cü il tarixli 015 nömrəli arayışında xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin baş korpus sahəsində fəhlə, xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə qəlibçi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz fəhlə və qəlibçi vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı “BBTİ” -nin 1 saylı Evtikmə Kombinatında 20 avqust 1984-cü il tarixdən baş korpus sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. 04 dekabr 1984-cü il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi vəzifəsinə keşirilmişdir. 01 iyul 1987-ci il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli qəlibçi vəzifəsinə keşirilmişdir.01 sentyabr 1989-cu il tarixdən baş korpus sahəsində dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli qəlibçi vəzifəsinə keşirilmişdir. 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsəasən işdən azad edilmişdir. İddiaçı “BBTİ”-nin 1 saylı Evtikmə Kombinatında işlədiyi 1-ci dərəcəli fəhlə vəzifəsi və 2-ci. 3-cü dərəcəli qəlibçi vəzifəsində yerinə yetirdiyi əmək funksiyaları dəmir- beton və beton məmulatlarını quraşdırmaqdan və digər məmulatları bir yerdən, başqa yerə daşımaqdan ibarər olmuşdur. Formal olaraq vəzifəsi qəlibçi yazılsa da əslində dəmir-beton məmulatlarını fəhlə kimi bir yerdən başqa yerə daşımış və dəmir məmulatlarından istifadə edərək beton istehsal edən fəhlələrin gördükləri digər işləri görmüşdür. Eyni zamanda onun işlədiyi sahə süni isitmə ilə beton məmulatlarınm qurudulduğu sahə olaraq insan səhhəti üçün zərərli iş olmuşdur. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın tikinti materilları istehsalı bölməsinin (14) dəmir- beton və beton məmulatlarının istehsalı(14.10) bəndində öz əksini tapmışdır Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün aşağıdaki halı əsas götürmüşdür: -onun işlədiyi vəzifənin güzəştli pensiya hüququ verən siyahıda nəzərdə tutulmamasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının olmaması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunu ilə həmin maddə yeni redaksiyada verilərək pensiya kapitalı ilə bağlı tələb çıxarılmışdır. İddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olsa da, o, “yeni müddəalar”a əsasən xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürmüşdür. Staja görə şərtlər ödənildiyi halda iddiaçı tələbində haqlıdır. Pensiya kapitalı şərti iddiaçıya şamil edilməməlidir. Buna imkan verən isə, məhz 13 may 2022-ci il tarixli Qanunun yuxarıda qeyd edilən keçid müddəalarıdır. Həmin müddəalarda yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin bu Qanunun qüvvəyə mindiyi gündən (xx.xx.2022-ci il) əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməsi istisna edilmişdir. Sonrakı dövr üzrə tətbiqinə hər hansı qadağa nəzərdə tutulmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, keçid müddəalara əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun sığorta və güzəştli iş stajı ilə bağlı şərtləri ödənilməlidir. Məhkəmə bildirir ki, cavabdeh iddiaçının 25 ildən çox sığorta stajına malik olmasını mübahisələndirmir. Onun mübahisələndirdiyi hal – iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır ki, məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsassız olmuşdur. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “qəlibçi” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materilları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) aid olmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi həmin vəzifənin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğunluğu "xxxx" ASC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Göründüyü kimi, "xxxx" ASC iddiaçının “qəlibçi” peşəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materilları istehsalı bölməsinin (14) dəmirbeton və beton məmulatlarının istehsalı (14.10) bölməsində nəzərdə tutulan fəhlələri ilə funksiolan fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir. Beləliklə, əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tikinti materilları istehsalı bölməsinin (14) dəmir-beton və beton məmulatlarının istehsalı (14.10) fəhlə peşəsinə uyğundur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-697/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “"xxxx" ASC-nin yuxarıda qeyd edilən arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçının 1989-2004-cü illərdə işlədiyi vəzifələrin xüsusiyyətləri, o cümlədən iş şəraiti (vəzifənin adı fərqli ifadə olunsa da) təsvir olunmuş və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifələrinə uyğundur. Odur ki, iddiaçının 2006-cı ilədək işlədiyi “qəlibçi” vəzifəsi üzrə güzəşli iş stajı 12 il 6 aydan artıq (15 il 08 ay 18 gün) təşkil edir. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.” Yuxarıda göstərilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında oxşar mövqeyidən çıxış edilmiş, şəxsin işlədiyi “qəlibçi” vəzifəsinin funksional baxımından Siyahida nəzərdə tutulan “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifəsinə uyğunluğu "xxxx" ASC-nin güzəştli arayış əsasında müəyyən olunmuşdur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2022-ci il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən olunur. Hazırki işin mübahisələndirilən hallarına aid olmasa da, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və vəzifələrə dair məlumatlar əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar