Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6602/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin, 8 saylı mənzilinin özəlləşdirilərək xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası 30.06.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 onun anasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin 8 saylı mənzili 1969-cu il tarixdən anasının istifadəsində olmuş, mənzilin kirayəçisi anasının həmin mənzili özəlləşdirmək hüququ olmuş, anası öldükdən sonra isə bu hüquq ona keçmişdir. O, cavabdehə ərizə ilə müraciət edərək, həmin mənzilin özəlləşdirilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən mənzilin onun adına özəlləşdirilməsindən imtina edilmiş, əsas kimi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir. Bununla əlaqədar bildirir ki, həmin mənzil qanuni əsaslarla anası tərəfindən kirayə müqaviləsi əsasında istifadə edilmiş, o, həmin kirayə müqaviləsini cavabdehə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə (müqavilə, forma-2 arayışı, şəhadətnamələr və s.) baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 5 saylı evin, 8 saylı mənzilin kirayəçisi iddiaçının mərhum anası X3 olmuşdur. İddiaçı həmin ünvanda anası ilə birlikdə yaşasa da, onun həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatı olmamışdır. Məhkəmə tərəfindən işin yuxarıda göstərilən halları nəzərə alınaraq, iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, iddia tələbinin “hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” şəklində qaldırılması ilə bağlı təklif irəli sürülmüş, lakin iddiaçının vəkili F.Kazımov dəqiqləşdirilmiş iddia tələbini məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə mövcud vəziyyətdə inzibati icraat qaydasında baxılması mümkün olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi mərhum X1 vərəsəsi İddiaçı mənzilə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi şəklində irəli sürülməlidir. Lakin, iddiaçının vəkili iddianı yuxarıda göstərilən şəkildə irəli sürməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə “hüquqların ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi” barədə ərizə ilə müraciət edilmədiyindən, iddia tələbi dəqiqləşdirilsə iddia belə, nəticə etibarı ilə iddia yenidən mümkün sayılmayacaqdı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından yoxlanılarkən mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edildiyindən, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibat Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6602/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6602/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver