Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6603/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “torpaq sahəsinə və üzərində yerləşən yaşayış evinə sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 ildən artıq istifadəsində olan və şəxsi vəsaiti hesabına əvvəlcə bağ salıb, sonra tikib məskunlaşdığı evə və torpaq sahəsinə sahiblik hüququnun tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, zəbt etdiyi torpaq sahəsi yarğan formasında idi, oradan yeraltı və yerüstü kommunikasiya xəttləri keçmir və yüksəkgərginlikli işıq dirəkləri yoxdur. Ərazi və tikili heç kəsə maneəçilik törətmir. Şəxsi vəsaiti hesabına oranı yararlı vəziyyətə gətirmiş və üzərində yaşayış evi tikərək, hazırda orada ailəsi ilə birgə məskunlaşmışdır. Eyni zamanda zəbt etdiyi vaxtdan bu günədək Pirşağı bələdiyyəsinə torpaq vergisini ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavadehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsinə heç bir hüququmüəyyənedici sənəd olmadan sahiblik edərək həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Hazırda həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin adına rəsmiləşdirilməsini istəyir, lakin heş bir hüquqmüəyyənedici sənədi olmadığından sahiblik hüququnun tanınmasını tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci maddəsinə əsasən özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, daşınmaz əmlaka sahiblik hüququnun tanınması barədə iddiaya əgər özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmişsə və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün deyilsə, mülki mühakimə icraatı qaydasında xüsusi icraat, özbaşına tikililər olduqda isə onun üzərində sahiblik faktının tanınması üçün iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-ci yarımbəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); 4.11.11.2-ci yarımbəndinə əsasən memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıqplanlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 2.0.6-cı yarımbəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Xidmətin əsas fəaliyyət istiqamətlərinə aiddir. Xidmət bu səlahiyyəti ərazi idarələri vasitəsilə həyata keçirir. İddiaçı hazırda iddia tələbi ilə müraciət edərək eyni zamanda iki inzibati orqanı cavabdeh qismində göstərmişdir. Lakin eyni məsələ üzrə yalnız bir inzibati orqan qərar qəbul edə bilər. Məhkəmə iddiaçıya izah edir ki, əgər onun hüquqi marağı daşınmaz əmlaka sahiblik hüququnun tanınması deyil, torpaq sahəsinin istifadəsinə verilməsi və ya daşınmaz əmlaka hüququnun qeydə alınmasıdırsa, bununla bağlı aidiyyəti orqana müraciət etməli, həmin orqan müraciəti təmin etməkdən imtina etdiyi halda müraciətinə uyğun olaraq həmin orqana qarşı tələblə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6603/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6603/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver