Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6603/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qarajın iddiaçının istifadəsinə verilməsinin təmin edilməsi barədə inzibati aktın - qərarın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının onun istifadəsinə verilməsinin "xxxx" MMC, "xxxx" MTK və "xxxx" MMM tərəfindən təmin edilməsi barədə inzibati aktın-qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC, "xxxx" MTK və "xxxx" MMM tərəfindən istehlakçı kimi onun hüquqlarının pozulması ilə əlaqədar 2023-cü ilin may ayında o, cavabdehə müraciət edərək, istehlakçı kimi onunla icraçı kimi "xxxx" MTK arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən 55 saylı mənzilin alqı-satqısı barədə 27 dekabr 2007-ci il tarixli müqavilənin 2.3-cü bəndinin və digər bəndlərinin şərtlərinin icra edilərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının dərhal binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə verilməsinin "xxxx" MMC-yə, "xxxx" MTK-ya və "xxxx" MMM-yə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun ərizəsi mahiyyəti üzrə araşdırılmadığından və ona xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilmiş xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmədiyindən, o, 2023-cü ilin avqust ayında cavabdehə qarşı araşdırma aparılması öhdəliyinin qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən ona göndərilmiş 2-1(112)-13624/2023 nömrəli xx.xx.2023-cü il tarixli hüquqi yardım haqqında məktubda idida tələbinin hüquqi marağına uyğun olaraq təmin olunduğu təqdirdə fərdi müəyyən inzibati aktın qəbul edilməsinə yönəlmiş hüquqi nəticə yaratmağa xidmət etməli olması göstərilmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli hüquqi yardım haqqında məktubunda göstərilmiş tələblərə uyğun olaraq cavabdehə qarşı inzibati aktın-qərarın qəbul edilməsi barədə hazırkı iddia ərizəsi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin halları: İş materiallarında olan: Xidmət tərəfindən İddiaçı ünvanlanmış: - 3-21-1/2-11635/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" МММ ilə aralarında yaranmış mübahisə haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətlərinə Xidmətdə aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MTK-nın rəhbərliyi tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2007-ci il tarixində sözügedən şirkət ilə müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196.4 kv. m. olan, 4 otaqlı, 55 saylı mənzili aldığı, təmir edərək hal-hazırda istifadəsində olduğu bildirilmiş, həmçinin xx.xx.2007-ci il tarixli müqavilənin 2.3-cü bəndində göstərildiyi kimi, "Payçı” qarajdan istifadə etmək istəyən zaman, bu münasibətlərin müqaviləyə "xxxx" ilə tənzimlənəcəyi qeyd edilmişdir. Göründüyü kimi, qarajdan istifadə etmək üçün MTK ilə müqaviləyə "xxxx"nin imzalanmasının zəruri olduğu, digər "xxxx"larla olan razılaşmaya əsasən həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajların dəyəri ödənilməklə satıldığı (çıxarışlar sakinlərə təqdim edilmişdir) və hazırda qeyd olunan binada boş qarajın olmadığı bildirilmişdir. Eyni zamanda onun yaşadığı mənzilə dair 10 ildən artıq müddətdir ki, hər hansı kommunal haqqı ödəmədiyi qeyd edilmiş və bu səbəbdən "xxxx" МММ tərəfindən Yasamal Rayon Məhkəməsində ona qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. "xxxx" MTK-nın mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur. - 3-21-1/2-12/230/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" МММ ilə aralarında yaranmış mübahisə haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətinə Xidmətdə aidiyyəti üzrə baxılmışdır. Daha əvvəl daxil olmuş müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən baxılmış və nəticəsi haqqında xx.xx.2023-cü il tarixli 3-21- 1/2-11635 nömrəli məktubla ona cavab verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən aidiyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. - 3-21-1/2-17504/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş "xxxx" MTK tərəfindən Xidmətə ünvanlanmış BM-05 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı şikayətinə cavab olaraq bildirilmişdir ki, tərəflərindən heç bir istehlakçı hüququ pozulmamışdır. İddiaçı və "xxxx" MTK arasında imzalanan xx.xx.2007-ci il tarixli müqaviləyə, həmçinin MTK-ya yazdığı həmin tarixli ərizəyə əsasən ona, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzil ayrılmışdır. Həmin mənzil hazırda həmin şəxsin istifedəsindədir və təmir işləri aparılıb. İddiaçı iddia edir ki, həmin binanın yeraltı hissəsindəki qarajdan istifadə etməlidir, lakin, MTK ona şərait yaratmır. xx.xx.2007-ci il tarixli müqavilənin “2.3.-” bəndində göstərilib ki, "xxxx" qarajdan istifadə etmək istədikdəbu münasibətlər müqaviləyə "xxxx" ilə tənzimlənəcək. Yəni, qarajdan istifadə etmək istəyən "xxxx" MTK ilə müqaviləyə "xxxx" imzalamalıdır. Digər “Payçı’larla olan razılaşmalara əsasən (həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajlar satılmışdır və hazırda həmin binada boş, yəni sahibi olmayan qaraj qalmamışdır) həmin qarajlar müqaviləyə "xxxx" əsasında sakinlərə dəyəri ödənilməklə satılıb və sakinlər tərəfindən mülkiyyətlərinə qəbul edilib. Həmin sakinlər əldə etdikləri qarajlara dair “çıxarış”lara malikdir və həm sahiblik, həm sərəncam, həm də istifadə hüquqları mövcuddur. Lakin, İddiaçı "xxxx"lar qarajdan istifadə etmək istədikdə, tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər” müddəasını elə başa düşmək istəyir ki, qarajlar təmənnasız və ancaq istifadə hüququ ilə sakinlərin, daha doğrusu İddiaçı ixtiyarına verilməlidir. Belə bir güzəştli şərait "xxxx" MTK tərəfindən nəzərdə tutulmamışdır və onların imkanları xaricindədir. İddiaçı tərəfindən hazırkı problem, onun tərəfindən ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı mənzili üzrə 10 ildən artıq dövr üçün kommunal xidmət haqqı məbləğini ödəmək istəməməsindən sonra qaldırılmışdır. Belə ki, həmin binaya və İddiaçı mənzilinə qanuni əsaslarla kommunal xidmət göstərən təşkilat "xxxx" МММ Yasamal Rayon Məhkəməsində İddiaçı qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. Həmin iddia tələbindən sonra İddiaçı dayanmadan dövlət orqanlarına çoxsaylı şikayətlər yazmaqla məşğuldur və həmin şikayətlərin bir surətini də onların və ya partnyor şirkətlərin əməkdaşlarına göndərirlər. İddiaçı özü hüquqşünas olsa da, istifadəsində olan mənzil üzrə kommunal xidmət haqqını ödəmək istəmir. Halbuki, o, bununla bağlı müqaviləyə də imza atıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət edərək inzibati orqan kimi Xidmətin İstehlakçı kimi ona göndərilmiş “Müraciətlərinə baxılmasının nəticəsi haqqında” 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun inzibati aktının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və "xxxx" MMM tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (İstehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəyli Qutqaşınlıə küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar yenidən araşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsinin Xidmətə həvalə edilməsi, inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi Xidmətdən onun xeyrinə 50000 manat pul məbləğinin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, hazırki işdən görünür ki, iddiaçının hüquqi marağı MTK ilə bağladığı müqaviləyə əsasən (hesab edir ki, istehlakçı kimi) hüquqlarının müdaiə edilməsi ilə bağlıdır və iddiaçının cavabdeh inzibati orqana müraciətinə cavab olaraq ona müqavilə münasibətlərindən irəli gələn hüquqlarının müdafiə edilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi hesab edilən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir (bənd 12). Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə razı olmayan iddiaçı həmin qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermiş və qeyd olunan iş 2-1(102)-1423/2024 nömrə altında hazırda həmin Kollegiyanın icraatındadır (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13624/2023 saylı iş üzrə elektron məhkəmə sistemində olan məlumata əsasən). İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin müvafiq qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardadda qeyd olunmuş hallar aradan qaldırılmamışdır. Həmin qərardaddan verilmiş apelyasiya şikayətinin təmin olunmaması barədə qəbul edilmiş qərardaddan sonuncu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən həmin iş hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6603/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6603/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver