Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6603/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin yenidən hesablanması, ödənilməyən və pensiyasından tutulan məbləğlərin geri qaytarılması və cavabdeh tərəfindən tutulması nəzərə alınan məbləğin (4667,52 manat) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” 2022ci ildə tərtib etdiyi qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi (919 manat) və pensiya məbləği bərpa edilənədək ona əskik ödənilmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, pensiyasının qanunvericiliyin tələblərinə uyğun hesablanması, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əskik ödənilmiş 22824 manat məbləğində vəsaitin ödənilməsi, pensiya məbləğinin 1722 manat məbləğində təyin edilməsi və 4667,52 manat məbləğində pulun tutulması barədə tərtib olunmuş aktın ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin avqust ayında pensiya yaşına çatmağı ilə əlaqədar pensiyaya çıxmaq üçün Binəqədi rayon Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxt Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq etdiyi "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci bəndinə əsasən pensiyaya çıxan şəxsə pensiya məbləğinin təyin edilməsi üçün o, sonuncu iş yerindən 24 aylıq (iki illik) və yaxud əvvəlki iş yerindən 60 aylıq (beş illik) əmək haqqı barədə arayış təqdim etməlidir. Pensiyanın məbləği isə dövlət qulluqçusunun müvafiq vəzifədə vəzifə maaşının, Dövlət Sosial Sığorta stajına cəlb edilən mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən əlavə pul ödənişlərinin məbləği əsasında yuxarıda qeyd edilən qanunla müəyyələşdirilir. İddiaçı 1995-ci ilin 15 aprel tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Şəraitinin Ekspertizası idarəsində baş ekspert, 1995-ci ilin 01 sentyyabr tarixindən X8 Ekspertizası və Əməyin Mühafizəsi İdarəsinin X8 Ekspertizası şöbəsinin baş eksperti vəzifələrində çalışmışdır. X6 yaradıldıqda yəni 1997-ci ilin 08 sentyabr tarixindən X3 X4 və Statistika Şöbəsində baş mütəxəssis, 06 yanvar 1998-ci ildə X3 X7 Şəraitinin Ekspertizası şöbəsinin baş əmək müfəttişi, 03 yanvar 2000-ci il tarixdən X3 Mərkəzi Aparatında struktur dəyişikliklə əlaqədar X3 Mərkəzi Aparatında texniki məsələlər üzrə nəzarət şöbəsində baş əmək müfəttişi, 2003-cü ilin 13 yanvar tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və elə həmin tarixdən yəni, 2003-cü ilin 13 yanvar tarixindən X3 Mərkəzi Aparatında Sosial Hüquq Məsələləri üzrə nəzarət şöbəsində baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. 2003-cü ilin 01 may tarixindən isə X1 struktur dəyişikliklə əlaqədar 1nömrəli bölgə üzrə X5 keçirilmişdir. İddiaçı pensiyaya X3 baş əmək müfəttişi kimi çıxmaq üçün X6 Xidmətindən Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra DSMF) Binəqədi rayon şöbəsinə Azərbaycan Respublikasının 07 fevral 2005-ci il tarixli 194 saylı "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövət məvacibinin hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən 60 aylıq (beş illik) əmək haqqı barədə arayış təqdim etmiş və həmin arayış əsasında ona 01 sentyabr 2020-ci il tarixdən 919 manat pensiya təyin edilib ödənilir. 2022-ci ilin oktyabr ayında pensiya alarkən pensiyasının məbləğinin 919 manatdan 724 manata azaldığını görmüşdür. DSMF-nin Binəqədi rayon şöbəsinə pensiya məbləğinin nə üçün azaldığını və bu barədə iddiaçıya məlumat verilmədiyini soruşduqda isə DOST mərkəzinə müraciət etməyini bildirmişlər. DOST mərkəzinə ərizə ilə müraciət etmiş, nəhayət bir aydan çox vaxt keçsə də, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından dolğun cavab ala bilməmişdir. Ona görə də təkrar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, mütəxəssislə görüşmüşdür. O, bu barədə heç nə edə bilməyəcəyini deyərək, məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın direktor müavininin imzası ilə cavab məktubu almışdır. Həmin məktubda hesabatın düzgün aparılmadığı açıq aydın görünmüşdür. Bu səbəbdən haqsızlığın aradan qaldırılması üçün aidiyyəti qurumlara və sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya pensiya məbləği hesablanarkən 2-ci dərəcəli dövlət qulluqçusuna ödənilən əlavə haqq 2020-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi" qaydalarının 12-ci bəndinin (2-ci dərəcəli dövlət qulluqçusuna 65 manat) tələbinə uyğun hesablanmışdır. Lakin qulluq stajına görə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydaları"nın tələbi pozularaq 25 il 2 ay 14 gün dövət qulluğunda iş stajının olmasına baxmayaraq vəzifə maaşının 30 faizi nəzərə alınmamışdır, hansı ki, 15 ildən çox iş stajı olan dövlət qulluqçusuna vəzifə maaşının 30 faizi miqdarında əlavə ödənilməlidir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının işçisi qanunvericiliyin tələbini pozaraq 1998-ci ildən 2003-cü ilədək təqdim etdiyi arayışa əsasən 5 ilə uyğun (hansı ki 2003-cü ildə 7 ildən çox dövlət qulluğunda iş stajı olmuşdur və bu dövrə görə 20 faiz hesablanmalıydı) pensiya məbləğinə vəzifə maaşının 5 faizi miqdarında qeyri-qanuni əlavə hesablamışlar. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından aldığı cavab məktubunda iddiaçıya pensiya xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti və həmin dövrdə ödənilən mükafatların əsas götürüldüyü bildirilmişdir. Həmin ildə artıq iddiaçının dövlət qulluğunda 5 ildən çox stajı olmuşdur. Burada da 10 faiz əvəzinə 5 faiz verilmişdir. İddiaçının pensiyasının məbləği hesablanarkən tələb olunan 60 aylıq arayışı X2 alıb DSMF-nin Binəqədi rayon şöbəsinə təqdim etmişdir. Orada pensiyasının məbləği düzgün hesablanmamışdır. Vəzifə maaşı 770 manat hesablanmışdır. İddiaçının pensiyasının məbləği 770 (vəzifə maaşı) + 65 manat (2 dərəcəli dövlət qulluğuna görə) +202,5 (qulluq stajıma görə) + 225 manat (mükafatlara görə) = 1262.5 manat x 80% = 1010 manat. Yenidən iddiaçıya çatacaq pensiya məbləğinin bir hissəsi hal hazırda qüvvədə olan qanunla hesablanmış, bir hissəsi qanunda yazılmayan öz qaydalarına əsasən hesablanmışdır. Pensiya məbləği azaldılarkən ona heç bir xəbərdarlıq edilməmiş, ünvanına bildiriş göndərilməmiş və iddiaçı ilə heç bir söhbətlər aparılmamışdır. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, aparılan araşdırma nəticəsində iddiaçının pensiya məbləği 2022-ci ilin noyabr ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 919,10 manatdan 739,58 manata azaldılmış, həmçinin ona xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4667,52 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı hesablanarkən onun xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti və həmin dövrdə ödənilmiş mükafatlar əsas götürülmüşdür. İddiaçının Mərkəzi Filiala sonuncu müraciəti xx.xx.2023cü ildə olmuşdur. Həmçinin iddiaçı "əmək pensiyasının yenidən hesablanması və pensiyadan tutulan məbləğlərin geri qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan xx.xx.2024-cü il tarixli 2-1(112)-2719/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında **********0 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası dövlət qulluğuna xitam verilməsi ilə bağlı yenidən hesablanmış və ona xx.xx.2020-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək pensiya məbləği 274,13 manatdan 919,10 manata artırılmışdır. İşdən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilərkən 25 il 2 ay 14 gün dövlət qulluğu stajına əsasən xx.xx.1998-xx.xx.2003-cü illərdəki əmək haqqı nəzərə alınmaqla 1148,87 manat orta aylıq dövlət məvacibinə əsasən 919,10 manat pensiya hesablanmışdır. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, İddiaçı dövlət qulluqçusu kimi xx.xx.2020ci il tarixində təyin edilmiş pensiya inventarzasiya əsasında yenidən hesablanaraq, pensiya məbləği 924.48 manatdan 739.58 manata azaldılmışdır. Həmin qərar qəbul edildikdən sonra cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya 1 sentyabr 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 770,33 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavə 38,52 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 50,63 manat olmaqla orta aylıq əmək haqqı 924,48 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay olaraq orta aylıq əmək haqqının (924,48 manat) 80 faizi-739,58 manat məbləğində hesablanmalı olduğu halda, 919,10 manat məbləğində müəyyən edilməklə xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr ərzində ona 4667.52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 4667,52 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-Ə-37761 nömrəli məktubundan görünür ki, Xidmətin Mərkəzi Aparatında işləmiş baş əmək müfəttişinin 2020-ci ilin avqust ayına olan vəzifə maaşı 675.00 (altı yüz yetmiş beş) manat təşkil etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-29283/2023 nömrəli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, aparılan araşdırma nəticəsində pensiya məbləği 2022-ci ilin noyabr ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 919.10 manatdan 739,58 manata azaldılmış, həmçinin iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4667,52 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 4667,52 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında Mərkəzi Filial tərəfindən ona ünvanlanmış 30 dekabr 2022-ci il tarixli **********8 nömrəli məktuba əlavə olaraq, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı hesablanarkən iddiaçının xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti və həmin dövrdə iddiaçıya ödənilmiş mükafatlar əsas götürülmüşdür. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-167448/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 1 sentyabr 2020-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 770,33 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 38,52 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 50,63 manat olmaqla orta aylıq əmək haqqısı 924,48 manat təşkil edib. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqısının (924,48 manat) 80 faizi-739,58 manat məbləğində hesablanmalı olduğu halda, 919,10 manat məbləğində köçürülüb. Bu səbəbdən də xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona 4667,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının 1 yanvar 2023-cü il, 1 yanvar 2024-cü il və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası hazırda 1121,69 manat təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-209651/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 1 sentyabr 2020- ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındakı dövr əsas götürülməklə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 770,33 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 38,52 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 50,63 manat olmaqla orta aylıq əmək haqqısı 924,48 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqısının (924,48 manat) 80 faizi-739,58 manat məbləğində hesablanmalı olduğu halda, 919,10 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona 4667,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının 1 yanvar 2023-cü il, 1 yanvar 2024-cü il və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası hazırda 1121,69 manat təşkil edir. İşdən görünür ki, iddiaçı bu hesablama ilə razılaşmayaraq, onun pensiyasının 1722 manat təşkil etdiyini iddia edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. İddiaçı bu zaman cavabdeh tərəfindən ona pensiya hesablanarkən qulluq stajına görə vəzifə maaşına əlavənin 30 faiz olması və mükafat və müavinətin nəzərə alınmamasına istinad etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçının tələbini əsasız hesab edir. Belə ki, işdə olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xində daxil olmuş 2-1(112)-6603/2025 nömrəli sorğunuza sorğunuza aidiyyəti üzrə baxılmışdır. İddiaçı 1 sentyabr 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr əsas götürülməklə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 770,33 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavəsi 38,52 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 50,63 manat olmaqla orta aylıq əmək haqqısı 924,48 manat təşkil edib. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 2 ay 14 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqısının (924,48 manat) 80 faizi-739,58 manat məbləğində hesablanmalı olduğu halda, 919,10 manat məbləğində köçürülüb. Bu səbəbdən də xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona 4667,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyalarının 1 yanvar 2023-cü il, 1 yanvar 2024-cü il və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası hazırda 1121,69 manat təşkil edir. “Əmək pensiyaları haqqında Qanunun (bundan sonra ƏPQ) 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İstinad olunan normadan görünür ki, qulluq illərinə əlavə müəyyən edilərkən dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçıya xx.xx.1998-xx.xx.2003-cü illərdəki əmək haqqı nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir, hansı ki həmin dövrdə iddiaçının qulluq illərinə görə aldığı əlavə stajına uyğun olaraq 5 faiz olmuşdur. Bundan əlavə, işdən görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən aldığı mükafat və müavinət də nəzərə alınmış, iddiaçıya aldığı məvacibin 80 faizi miqdarında pensiya hesablanaraq ödənilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya 1722 manat pensiyanın hesablanaraq ödənilməsi barədə tələbinin əsası mövcud deyil. İddiaçının 4667,52 manat məbləğində pulun tutulması barədə tərtib olunmuş aktın ləğv edilməsi barədə tələbinə gəldikdə, işdəın görünür ki, cavbdeh tərəfindən belə bir inzibati akt qəbul edilməmiş, həmin məbləğin ödənilməsi iddiaçıya təklif edilsə də, bununla bağlı məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-6603/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6603/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver