Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6604/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsinin təmin edilməsi, təminat xərcliyinin 50 faizindən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsində nəzərdə tutulan 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 1 faizində hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilk öncə bildirir ki, o, xx.xx.1966-ci il təvəllüdlüdür. 1984- 1986-cı illərdə təhsil alaraq, Şəki Tibb məktəbini bitirmişdir. xx.xx.1992-ci il tarixdə 5 saylı şəhər klinikasında tibb bacısı vəzifəsində çalışmış, xx.xx.2004-cü il tarixdə Əmək məcəlləsinin 69-cu maddəsinə əsasən həmin təşkilatda əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış müalicə müəssisəsi İV vərəm bölməsinin tibb bacısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-cı il tarixdə vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində tibb bacısı vəzifəsinin icrası 0.5 ştat vahidi üzrə müvəqqəti olaraq ona həvalə edilmişdir. xx.xx.2007-ci il tarixdə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdə yenidən həmin müalicə müsissəsinin Tibb xidməti şöbəsinin tibb bacısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə "Ədliyyə Orqanlarında Qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 38.2-ci və 40.1.10-cu maddəsinə uyğun olaraq qulluqda olmanın son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar tutmuş olduğu vəzifədən azad olunmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Ümumilikdə 55 yaşı 36 il 5 ay 25 gün (16 il 4 ay 22 gün təqvimi xidmət ili, 6 il 10 ay 16 gün güzəştli şərtlərə düşən xidmət ili, 12 il 2 ay 17 gün isə hərbi xidmət sayılmayan iş stajı) vardır. Hərbi vəzifəsi tibb xidməti baş giziri olmuşdur. Hazırda 420,70 manat hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya alır. Almış olduğu bu pensiya məbləğinin cavabdeh tərəfindən düzgün hesablanmaması qənaətinə gələrək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün rəsmi müraciət etmişdir. Cavabdeh tərəfindən 07 dekabr 2021-ci il tarixli, **********2 saylı əmək pensiyasının yenidən hesablanmasından imtina bildirişi verilmişdir. Sözügedən bildiriş məktubunda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.5.2-ci və 20.14.2-ci maddəsinə əsaslanmışlar. Verilmiş olan bu imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin Qanun 20.14.2-ci maddəsində göstərilən müddəallar düzgün tətbiq olunmamışdır. Xüsusəndə hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanması müddəasına düzgün yanaşılmamışdır. Belə ki, onun 25 il hərbi xidmətinin olması qeyd olunub və pensiyası da, təminat xərcliyinin 50 faizinə hesablanıb. Ancaq, həmin maddədə o da, göstərilir ki, 25 təqvim ili və daha çox stajı olan və bu stajın azı 12 il 6 ayını hərbi xidmət keçmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi sözündən sonra "və" bağlayıcısı qoyulmuş bundan sonra 25 ildən yuxarı hərbi xidmət sözü yazılmışdır. Əgər "və" bağlayıcısı əvəzinə "və ya" bağlayıcısı qoyulsaydı təminat xərcliyinin 1 faiz miqdarı ona tətbiq olunmazdı. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il qərarında və aşağıda qeyd etdiyi qərarlarda hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd edə bilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqəsinin 7 və 8-ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət illəri, həm də, güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən edilmişdir. Həmçinin təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə qeyd edilən pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi (təqvimi və güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır. Əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyi müəyyən edilərkən "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli (bundan sonra - Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı) və "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli (bundan sonra - Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı) qərarlarına müvafiq olaraq xidmət illərinin və fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasına, həmçinin "Əmək pensiyaları haqqında" Qanunun 20.14-cü maddəsinin tətbiqi zamanı pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də, məcburi dövlət sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması mütləqdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 4 aprel 2021-ci il tarixli məlumat vərəqəsinə əsasən 3 oktyabr 2021-ci il tarixindən iddiaçıya Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinin tələblərinə uyğun qaydada 36 il 5 ay 25 gün (16 il 4 ay 22 gün təqvimi xidmət ili, 6 il 10 ay 16 gün güzəştli xidmət ili, 12 il 2 ay 17 gün iş stajı) ümumi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin (841,40 manat) 50 (25 ilə görə-50 faiz)-420,70 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 07 dekabr 2021ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 4 aprel 2021-ci il tarixli məlumat vərəqəsinə əsasən 3 oktyabr 2021-ci il tarixindən ona Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinin tələblərinə uyğun qaydada 36 il 5 ay 25 gün (16 il 4 ay 22 gün təqvimi xidmət ili, 6 il 10 ay 16 gün güzəştli xidmət ili, 12 il 2 ay 17 gün iş stajı) ümumi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin (841,40 manat) 50 (25 ilə görə-50 faiz)- 420,70 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 21 iyun 2022-ci il tarixli, **********5 nömrəli “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” məktubla təqdim edilmiş İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli, xx/xx-2514 nömrəli məktubla təqdim edilmiş, İddiaçı barəsində məlumat vərəqəsinə əsasən İddiaçı iş stajı 12 il 02 ay 17 gün, təqvim üzrə xidmət illəri 16 il 04 ay 22 gün, orta ixtisas 01 il, güzəştli xidmə illəri 06 il 10 ay 16 gün, cəmi iş stajı 36 il 05 ay 25 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə son yaş həddi ilə pensiyaya çıxması ilə əlaqədar ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarı ilə İddiaçı Məməd qızına xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 07 dekabr 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçı təminat xərcliyinin 50 faizindən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsində nəzərdə tutulan 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 1 faizinində ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş iddiaçı barəsində məlumat vərəqəsinə əsasən isə müəyyən edilmişdir ki, iddiaçının 36 il 05 ay 25 gün iş stajı olsa da, bu müddətin 16 il 04 ay 22 günü təqvim üzrə xidmət ili, 06 il 10 ay, 16 günü güzəştli xidmət ili, 12 il 02 ay 17 günü iş stajı, 1 il isə təhsil müddətidir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya sözügedən əlavənin təyin edilməsi üçün onun 25 ildən yuxarı hərbi xidmət müddətinə malik olması zəruri olsa da, iddiaçının 25 ildən yuxarı hərbi xidmət illəri mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6604/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6604/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver