Məhkəmə qərarları › İş №2-1(112)-6604/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6604/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6604/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsinin iştirakı ilə, iddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ölmüş əri X2 təyin edilmiş 2022-ci ilin yanvar ayına görə ödənilməli olan lakin ödənilməmiş əmək pensiyasının ödənilməsi, həmçinin təyin edilmiş əmək pensiyası üzrə artıq ödənilmiş 72.394,82 manat məbləğində vəsaitin hər ay 120,26 manat olmaqla iddiaçıdan tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə, aparılmış tutulmaların iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən “Əmək pensiyasının ləğv edilməsinə dair” cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının əmək pensiyasından hər ay 120,256 manat pulun tutulmasına qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum ərinə xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçıya mərhum ərinin sabiq dövlət qulluqçusu olması səbəbi ilə xx.xx.2022-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin tarixdən etibarən onun pensiya məbləği azaldılmış, pensiya məbləğindən hər ay 120,26 manat tutulmalar həyata keçirilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən geri qaytarılmalı olan 71.913,16 manat (72.394,82+720-1201,66) manat artıq pul vəsaiti müəyyən edilib. Həmin 71.913,16 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay 120,26 manat məbləğində olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdən ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmiş və pensiyasının məbləği 1.201,66 manat müəyyən edilmişdir. Əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Səttər-zadə Nazim İsrafil oğlunun dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmaması əsası ilə xx.xx.2015-ci il tarixdən təyin olunmuş pensiya ləğv olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Əvvəla qeyd olunmalıdır ki, hazırki iddia tələbi üç hissədən ibarətdir:

1. Əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv edilməsi;

2. Artıq ödəmə adı ilə ondan pul məbləğinin tutulmasına qadağan edilməsi;

3. Artıq ödəmə adı ilə ondan hər ay tutulan pul məbləğinin ona qaytarılmasıdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçının mərhum əri Səttar-zadə Nazim İsrafil oğluna 10 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 18 aprel 2017-ci il tarixdə ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Səttar-zadə Nazim İsrafil oğlunun vəfatından sonra onun arvadına, yəni hazırki iddiaçıya 01 fevral 2022-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh iddiaçının mərhum ərinə xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 72.394,82 manat, həmçinin dəfn xərci kimi müəyyən olunmuş 720 manat birdəfəlik müavinətin artıq ödənildiyini hesab etmiş, bununla da Səttər-zadə Nazim İsrafil oğlunun dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmaması əsası ilə xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixdə təyin olunmuş pensiyanı ləğv etmiş və iddiaçının pensiya məbləğini hər ay 120,26 manat (artıq ödəmə kimi müəyyən olunan məbləğ) azaltmışdır. İddiaçı hazırda əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv edilməsini, pulun tutulmasını qadağan edilməsini və artıq ödəmə adı ilə hər ay tutulan pul məbləğinin ona geri qaytarılmasını xahiş edir. İddia tələbinin birinci hissəsinə (əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv edilməsi) münasibətdə Məhkəmə aşağıdakiları bildirir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdeh inzibati orqan əmək pensiyasının ləğv edilməsi barədə qərarın qəbulu ilə bağlı prosessual pozuntulara yol verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, inzibati orqan tərəfindən adıçəkilən xx.xx.2022-ci il tarixli qərarın (əmək pensiyasının ləğv edilməsi barədə qərar) qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat düzgün aparılmamış, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə qanunvericiliyin tələbləri nəzərə alınmamış, iddiaçının (mərhum pensiya alan şəxsin arvadı) izahatı alınmadan, onun dinləmə hüququ təmin edilmədən, qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda şəxs pensiya təyin etmiş orqana çağrılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Hazırki halda inzibati prosessual qanunvericiliklə tərəfin iştirakı olmadan, məlumatlandırma aparmadan qəbul ediləcək qərar prosessual hüququ baxımından mahiyyəti üzrə düz olsa belə inzibati orqanın qərarının inzibati icraat baxımından qanuniliyindən söhbət gedə bilməz. Necə ki məhkəmə inzibati məhkəmə icraatı gedişində iddiaçıya yardım edirsə, onu dinləyirsə, ərizə və izahatlarına qiymət verirsə, məhkəmə hesab edir ki, həmin tələblər inzibati orqan üçün də keçərlidir. Bu zaman heç bir izahat alınmadan şəxs dəvət edilmədən məhkəmə qərarı mahiyyəti baxımından düz olsa da, necə ki prosessual baxımından qanunilik meyarından uzaqdırsa, məlumatlandırma aparmadan inzibati orqanın maraqlı şəxs barəsində çıxardığı qərarın da qanuniliyindən, mahiyyəti baxımından düz olsa da söhbət gedə bilməz. Məqsəd isə konkretdir. Maraqlı şəxs, xüsusi ilə də hazırki halda pensiya alan şəxs (iddiaçı) pensiya məbləğinin azaldılması və ya dayandırılması barədə pensiya məbləğinin azaldılmasını (iddiaçının mərhum ərinə təyin olunmuş pensiya məbləğinin ləğv olunmaması əsası ilə artıq ödəmə altında pul məbləğinin çıxılması) pensiya kartından pul çəkərkən müəyyən etməsin, ehtimal olunan azaldılma barədə əvvəlcədən məlumatlı olsun ki, minimum yaşayış üçün nəzərdə tutulmuş məbləğin azaldılmasına münasibətdə həyat tərzini, maddi ehtiyaclarla uyğun məbləğ bölgüsünü əvvəlcədən müəyyən edə bilsin. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək ləğv edilməsi ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar (əmək pensiyasının ləğv edilməsi barədə) ləğv edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2207/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız QSC-nin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.” Bundan başqa bu mövqeyə uyğun oxşar kassasiya instansiya məhkəməsinin digər qərarları da mövcuddur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1759/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; 2-1(102)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar) Göründüyü kimi kassasiya instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılıb-aparılmamasına, inzibati icraat zamanı maraqlı şəxsin dinləmə hüququnun təmin olunub-olunmamasına xüsusi diqqət yetirir ki, dinləmə hüququ təmin olunmadığı hallarda məhkəmə həmin inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlir və bu halı iddiaya mahiyyəti üzrə qiymət verdiyi zaman vətəndaşın xeyrinə şərh edir. Məhkəmə iddia tələbinin ikinci və üçüncü hissəsinə münasibətdə bildirir ki, “Əmək pensiyasının ləğv edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarın hüquqi nəticəsi kimi iddiaçıya ödənilən pensiya məbləğindən hər ay 120,26 manat çıxılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmadığından və əmək pensiyasının ləğv edilməsi barədə qərarı ləğv olunduğundan, həmin qərarın hüquqi nəticəsi kimi iddiaçıdan tutulmuş pensiya məbləğləri ona geri qaytarılmalı, ümumiyyətli artıq ödəmə altında ondan pul vəsaitlərin çıxılması qadağan edilməlidir. Beləliklə məhkəmənin qənaətinə görə iddia tələbi ikinci və üçüncü hissədə də əsaslıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. “Əmək pensiyasının ləğv edilməsinə” dair cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı X1 əmək pensiyasından hər ay 120,26 manat pulun tutulmasına qadağan edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar