Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6605/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyriyaşayış binasına mövcud vəziyyətdə, yəni ümumi sahəsi 528.25 kv.metr qeyd edilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən qeyri-yaşayış binasının ümumi sahəsi 188.1 kv.metr, ona əlavə edilmiş texniki pasportda isə 244.8 kv.metrdir. xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış binasına əlavə inşa edilmiş sahələrin də daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması üçün müraciət etmişdir. Müraciətə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubunda razılaşdırılmış eskiz layihəsində qeyri-yaşayış binasının əlavə tikililərinin ümumi sahəsinin faktiki olaraq 340 kv.metr təşkil etməsinə, inşa edilən tikililərə dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədinin təqdim olunmamasına istinad edilmişdir. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(007)-347/2022 nömrəli qətnaməsi ilə iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyriyaşayış binasının 340.15 kv. metr hissəsi zəbt edilmiş və həmin qeyri-yaşayış binasının ümumi sahəsi 528.25 kv.metr təşkil etmişdir. Bundan başqa Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyri-yaşayış binasının sənəd üzrə sahəsi 188.1 kv. metr, əlavə tikilisi 340.15 kv. metr, ümumi sahəsi isə 528.25 kv. metrdir. Həmçinin, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyriyaşayış binasının MA seriyalı ******* nömrəli çıxarışından və xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, həmin qeyri-yaşayış binası altındakı torpaq sahəsi dövlət mülkiyyyətində olmaqla onun istifadəsində olmaqla, ərazinin ümumi torpaq sahəsi 589.3 kv. metr, ticarət sahəsinin ümumi tikintialtı sahəsi 279.5 kv. metr, ticarət sahəsinin faydalı sahəsi isə 244.8 kv. metr olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq əmlakla ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, təqdim edilən razılaşdırılmış eskiz layihədə qeyri-yaşayış binasının ümumi sahəsi 283.4 kv. metr göstərilsə də, faktiki 341.2 kv. metr təşkil edir. Həmçinin, qeyri-yaşayış binasının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Belə ki, inşa edilən tikililərə dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmalıdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd edilən ərazinin daxilində X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi mövcuddur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, **********57 nömrəli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasına əsas hesab olunur. “Azərbaycan Respublikasının 1999cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"-nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli, **********57 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, müraciəti ilə əlaqədar olaraq idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, təqdim edilən razılaşdırılmış eskiz layihəsində qeyri-yaşayış binasının ümumi sahəsi 283.4 kv. metr göstərilsə də, faktiki 341.2 kv. metr sahə inşa edilmişdir. Bundan başqa, inşa edilən tikililərə dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 K ünvanında yerləşən ümumi sahəsi 188.1 kv. metr olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti ilə razılaşdırılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 K ünvanında yerləşən ümumi sahəsi 188.1 kv. metr olan qeyri-yaşayış obyektinin eskiz layihəsinin surətinə əsasən sənəd üzrə sahə 188.1 kv. metr, nəzərdə tutulan sahə 340.15 kv. metr, ümumi sahə isə 528.25 kv. metr təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 K ünvanında yerləşən qeyri-yaşayış binasına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətnə əsasən qeyri-yaşayış obyektinin sahəsi 244.8 kv. metr təşkil edir, daxili hündürlüyü 3.00 metrdir. Obyektin koordinatları: X: 410349.042, 410364.073, 410376.327, 410369.628, 410378.533 və 410368.812; Y: 4473719.418, 4473728.404, 4473708.716, 4473704.468, 4473689.601 və 4473683.800. Torpaq sahəsi faktiki istifadədə 0.05893 ha, əsas tikili altında 0.02635 ha, digər tikili və qurğular altında 0.0016 ha, digər isə 0.03098 ha təşkil edir. Qeyriyaşayış binası bir mərtəbəlidir, 14 otaqlıdır, tikilialtı sahə əsas 263.5 kv. metr təşkil edir. Ümumi sahə 244.8, əsas sahə 244.8 kv. metr təşkil edir. Hündürlüyü 3.60, Həcmi 870.0 kub metr, daxili hündürlüyü 3.00 metr təşkil edir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətinə əsasən iddia tələbi qismən təmin edilmiş, İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 K ünvanında yerləşən qeyri-yaşayış binasının zəbt olunmuş 340,15 kv. metr hissəsindən X4 çıxarılması, obyektin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında baglanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 5246 nömrəli, 18 may 2023-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 K ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 574,2 kv.m torpaq sahəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İddiaçının tələbi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı mülkiyyətində olan qeyri-yaşayış binasına ümumi sahəsi 528.25 kv.metr qeyd edilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə, daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.10, 139-1.10.1-ci maddələrinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 K ünvanında yerləşən ümumi sahəsi 188.1 kv. metr olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan həmin qeyri-yaşayış binasında yenidənqurma işlərini aparmış və Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti ilə razılaşdırılmış qeyri-yaşayış obyektinin eskiz layihəsinin surətinə əsasən sənəd üzrə sahə 188.1 kv. metr, nəzərdə tutulan sahə 340.15 kv. metr, ümumi sahə isə 528.25 kv. metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış binasına dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətnə əsasən qeyri-yaşayış obyektinin sahəsi 244.8 kv.metr olsa da, faktiki torpaq sahəsinin faktiki istifadədə 0.05893 ha oldugu qeyd olunmuşdur. Buna görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən iddiaçı arasında baglanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 5246 nömrəli, 18 may 2023-cü il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 K ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 574,2 kv.m torpaq sahəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 və 8.0.10.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd, ilkin tikiliyə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarış, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi) mövcuddur. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin qeyri-yaşayış sahəsinin iddiaçının qanuni istifadəsində oldugunu təsdiq edir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə xüsusilə vurgulayır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi üzrə araşdırma aparmaq əvəzinə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ərizəsini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyri-yaşayış binasına mövcud vəziyyətdə, yəni ümumi sahəsi 528.25 kv.metr qeyd edilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanındakı qeyriyaşayış binasına mövcud vəziyyətdə, yəni ümumi sahəsi 528.25 kv.metr qeyd edilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7
Hakim Mehriban Qarayeva