Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6606/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (X3) Türkiyə Respublikasının Atatürk Universitetində “ictimaiyyətlə əlaqədar və təqdimat” ixtisası üzrə qiyabi təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə dərslərdə davamlı olaraq iştirak etmiş, diploma əlavədə qeyd edilən təhsil yükünü tam olaraq mənimsəmişdir. Təhsil forması açıq yəni distant olmuşdur. Türkiyədə hər il fərqli tarixlərdə, yay aylarında belə yalnız imtahanlarda iştirak etmişdir. Lazım olan təhsil materialları və proqramı kifayət qədər mənimsəmək üçün bəzən dərslər və imtahanlar 3-cü kursda Bakı şəhərində Anadolu Litseyində keçirilmişdir. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 24 iyun 2020-ci il tarixdə 46468 nömrəli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universtitet tərəfindən verilmiş 46468 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. İddiaçı 22 mart 2021-ci il tarixdə cavabdeh AR Təhsil Nazirliyinə rəsmi internet səhifəsi vasitəsi ilə elektron ərizə ünvanlayaraq, həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, bununla bağlı cavabdehə müvafiq sənədləri təqdim etmişdir. Müraciət **********8 nömrəsi ilə qeydiyyata alınaraq, icraata qəbul edilmişdir. 12 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən müraciətdə göstərilən məsələnin həllindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılmışdır ki, ali təhsil sənədlərinin araşdırılması zamanı onun açıkögretim təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində sözügedən təhsilalma forması üzrə təhsilin təşkili və qiymətləndirmə mexanizmi nəzərdə tutulmamışdır. AR Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən **********8 nömrəli müraciətim üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə plaraq 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin “Müraciətə dair mənfi qərar qəbul edilməsi barədə” 12 aprel 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməli vəTürkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş 24 iyun 2020-ci il tarixli 46468 nömrəli diplom üzrə aldığı ixtisas ölkə ərazisində tanınaraq, ekvivalentliyi haqqında şəhadətnamə verilməlidir. Belə ki, «Təhsil haqqında» AR Qanununun 13-cu maddəsinin 1.2 və 1.3-cü bəndlərinə əsasən Azərbaycanda qiyabi və əlavə olaraq distant (məsafədən) təhsil almaq formaları tanınır. AR Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə görə ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, cavabdeh işin faktiki hallarını, qanunvericiliyin normalarına düzgün tətbiq etmədən, qanunsuz və əsassız olaraq müraciəti «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə istinad etməklə təmin etməmişdir (imtina etmişdir), sözügedən Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş əsasları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun İİ maddəsinə, İPM-in 2.2.2, 33-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 11, 24-cü maddələrinə, «Təhsil haqqında» AR Qanununun 13.1. maddəsinə, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1.1, 1.6, 3.2, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş “ictimaiyyətlə əlaqədar və təqdimat" ixtisası üzrə bakalavr dərəcəsinə dair 24 iyun 2020-ci il tarixli 46468 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 13-cü maddəsunə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 6 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuşdur. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda aşağıdakıları bildirir: - Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi, «Təhsil haqqında» AR Qanununun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. «Xarici dövlətlərin ali rənsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərii rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Təhsil haqqında» AR Qanununun 6-cı maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 6 noyabr 2020-ci il tarixli 192-VİQD nömrəli Qanunu ilə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinə dəyişiklik edilmişdir. Həmin maddə dəyişiklikdən əvvəl və dəıyişiklik edildikdən sonra aşağıdakı məzmunda olmuşdur: - (1.0.36-cı maddə əvvəlki redaksiyada) nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur; - (1.0.36-cı maddə hazırda qüvvədə olan redaksiyada) xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; - (27.4-cü maddə əvvəlki redaksiyada) Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - (27.4-cü maddə hazırda qüvvədə olan redaksiyada) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində müvafiq ixtisas üzrə “açıq öyrətim”, yəni “açıq təhsil” formasında təhsil almışdır. İddiaçı həmin təhsil təhsil müəssisəsi tərəfindən ona verilmiş diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh məsələnin həllidən imtina etmişdir. İddiaçı hazırda imtinanı mübahisələndirir. Məhkəmənin mövqeyi isə belədir ki, nə qədər ki, iddiaçının aldığı təhsil forması (açıq təhsil) təhsil haqqında Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş təhsil formalarının heç birinə aid deyil və bu xüsusat onun aldığı təhsilin Azərbaycan Respublikasının təhsil standartlarına uyğunsuzluğunu ehtiva edir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Türkiyə Respublikasının Atatürk Universitetinin ona verdiyi 24 iyun 2020-ci il tarixdə 46468 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtina olunması qanuna zidd sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14, 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6606/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6606/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver