Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6606/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “fərq məbləğinin dövlət büdcəsinə ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanlışlığa yol verilərək maliyyə sanksiyası ilə ödənilməmiş 2.000 manat fərq məbləğinin Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən maliyyə sanksiyası ilə bağlı akt tərtib edilmiş və bu işə məsul şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli №**********655500 müraciətə baxılması barədə cavab məktubunda bildirilir ki, ünvan 1 ünvanında yerləşən fiziki şəxs X1 (obyekt kodu **********-13001) məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri keçirilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX 032231 seriyalı və xx.xx.2024-cü il tarixli DVX 032939 seriyalı aktlarla rəsmiləşdirilmiş və aşkar edilmiş qanun pozuntusu üzrə vergi ödəyicisi barədə qanunamüvafiq tədbirlər görülməsi təmin edilmişdir. Onun xx.xx.2023-cü il tarixli müraciətinə cavabdeh tərəfin verdiyi xx.xx.2023-cii il tarixli müraciətə baxılması haqqında cavab məktubunda göstərilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və həmin təsərrüfat subyektində (obyektdə) fəaliyyət göstərən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********461400 nömrəli məktubunda göstərilən maliyyə sanksiyasının tətbiqində yanlışlığa yol verilərək Vergi Məcəlləsinin 58.7.2-ci maddəsi əvəzinə 58.7.1-ci maddəsi tətbiq edilmiş və bununla büdcəyə ödənilməli olan məbləğ 2.000 (iki min) manat azaldılmışdır.
3. Cavabdehin iddiaçının müraciətinə olan məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən fiziki şəxs X1 (Obyekt kodu: **********-13001) məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri keçirilərək, nəticəsi xx.xx.2023-cü il tarixli DVX 032231 seriyalı və xx.xx.2024-cü il tarixli DVX 032939 seriyalı aktlarla rəsmiləşdirilmiş və aşkar edilmiş qanun pozuntusu üzrə vergi ödəyicisi barədə qanunamüvafiq tədbirlər görülməsi təmin edilmişdir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının İnzibati Prosessua Məcəlləsinin 33-cü maddəsinin müddəalarına istinad edərək, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bildiyini qeyd etmişdir. Hazırkı iş üzrə iddiaçının öz iddia tələbini İPM-in 33.1-ci maddəsində göstərilən məcburetmə haqqında iddia növünə aid etdiyini nəzərə alaraq qeyd etməliyik ki, iddiaçı həmin iddia tələbini əsaslandırmadığı halda Dövlət Vergi Xidmətinə qarşı mübahisə qaldırması prosessual normaların pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçının tələbin cavabdehin üzərinə "maliyyə sanksiyası ilə ödənilməmiş 2.000 manat fərq məbləğinin Dövlət vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən maliyyə sanksiyası ilə bağlı aktı tərtib etmiş və bu işdə məsul şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməsi öhdəliyinin" qoyulması olsa da, iddiaçı həmin tələbin qanunvericiliyin norması baxımından əsaslandırmamış, hansı inzibati aktın onun hansı hüquqlarını pozduğuna dair dəlillər gətirməmişdir. Başqa sözlə, iddiaçı hansı hüquqların və ya qanunla qorunan hansı maraqlarının Dövlət Vergi Xidməti tərəfindən pozulduğuna, cavabdehin yerinə yetirməsini tələb etdiyi öhdəliyinin qanunvericiliyin konkret olaraq hansı normasında nəzərdə tutulduğuna dair dəlil və ya sübutlar təqdim etməmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmişdirlər.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. Qeyd olunmalıdır ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
11. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə başqa bir fiziki şəxsin təqvim ili ərzində birinci dəfə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə 1.000 manat məbləğində maliyyə sanksiyasının cavabdeh tərəfindən tətbiq edilməsindən şikayət edərək 2.000 manat fərq məbləğinin maliyyə sanksiyası kimi dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı qeyd olunan iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün hüquqi marağını təsdiq edən, subyektiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
12. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva