Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6608/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı və Əskərova (Feyziyeva) Xoşbəxt Əliniyaz qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və İstismarı Birliyi ilə aralarında bağlanmış 30 dekabr 2003-cü il tarixli müqavilələr əsasında iddiaçılara ayrılmış hər birinin ümumi sahəsi 0,12 ha olan 465 və 465 a saylı saylı bağ sahələrinə dair müvafiq olaraq İddiaçı və Əskərova (Feyziyeva) Xoşbəxt Əliniyaz qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, həmçinin onların adına plan və ölçünün tərtib olunaraq verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 2-1(112)- 6608/2024 nömrə altında qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6608/2024 №li xx.xx.20204-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6608/2024 saylı iş üzrə iddiaçı Əskərova (Feyziyeva) Xoşbəxt Əliniyaz qızının cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işin ayrı icraata ayrılması, İddiaçı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayonu, Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 465 a №-li bağ torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə adının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alımaqla çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işin isə icraatda saxlanılmaqla, baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı Əskərova (Feyziyeva) Xoşbəxt Əliniyaz qızının cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə iş 2-1(112)-8223/2024 nömrə altında qeydə alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar 1987-ci ildə nikaha daxil olmuş və 1988-ci ildən Bakı şəhərində yaşayırlar. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X3 Departamenti X5 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli, 27430 saylı müqaviləyə əsasən Binəqədi rayonu, Göradil qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan 465 a nömrəli bağ sonuncunun istifadəsinə, eyni təşkilatla onun (Əsgərova (Feyziyeva) Xoşbəxt Əliniyaz qızı) arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli, 10926 saylı müqaviləyə əsasən isə Göradil ərazisindəki ümumi sahəsi 0,12 ha olan, 465 nömrəli bağ onun (Əsgərova (Feyziyeva) Xoşbəxt Əliniyaz qızı) istifadəsinə verilmişdir. Torpaq sahələri Birliyin əməkdaşları tərəfindən ölçülərək onlara təhvil verilmişdir. Həmin tarixdən, yəni təxminən 20 ildir ki, göstərilən bağ sahələri iddiaçıların istifadəsindədir. Bu dövr ərzində bağ sahələrini abadlaşdırmış, çoxlu sayda ağaclar əkmiş, ev tikmiş, yaşayış üçün şərait yaradılmışdır. Qonşu bağ sahələri ilə iddiaçılar arasında mişar daşından hasar vardır. Həmçinin, müqavilələr üzrə iddiaçılara ayrılmış 465 və 465 a nömrəli bağ sahələrinin arasında da arakəsmə mövcuddur. Sözügedən bağ sahələrinin istifadələrində olduğu 20 ilə yaxın müddət ərzində hər hansı etiraz, iddia və mübahisə ilə qarşılaşmamışlar. Ərazidə yaşayan sakinlər də onları bağın mülkiyyətçiləri kimi tanıyır. Bütün bu qeyd olunanlara baxmayaraq, o vaxtdan hazıra kimi bağ sahələrini iddiaçıların adlarına rəsmiləşləşdirə bilməmişlər. Hesab edir ki, bunun üçün tam hüquqi əsas var. Bu bağ sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqanın 3-213-30/2-K02-029, **********618/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, “idarənin mühəndisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahələrinin ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən ümumi ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Arxiv bölgü sxemi ilə faktiki sahələr arasında fərq mövcuddur. Belə ki, cizgidə qeyd edilən “A” tikilisi arxiv bölgüsünə əsasən “465” torpaq sahəsinin ərazisində göstərilsə də, “465a” saylı torpaq sahəsinə dair müqavilədə qeyd olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd – icarə müqavilələri inzibati orqana təqdim edilmişdir. Bundan əlavə imtina məktubunda qeyd edilən “elektron kadastr məlumatlarına əsasən ümumi ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi” faktına münasibətdə bildiririk ki, torpaq sahələri iddiaçılara ayrılan zaman sözügedən elektrik xətti mövcud deyildi. Həmin xətt sonradan çəkilmişdir. Nəticə etibari ilə, inzibati orqanın bu əsası qanunsuzdur. Arxiv bölgü sxemi ilə fakriki sahələr arasında fərqin mövcud olması, cizgidə qeyd edilən “A” tikilisinin arxiv bölgüsünə əsasən “465” torpaq sahəsinin ərazisində göstərilsə də, “465a” saylı torpaq sahəsinə dair müqavilədə qeyd olunması, arxiv bölgü sxemi ilə faktiki sahələr arasında fərq mövcuddur. Belə ki, cizgidə qeyd edilən “A” tikilisi arxiv bölgüsünə əsasən “465” torpaq sahəsinin ərazisində göstərilsə də, “465a” saylı torpaq sahəsinə dair müqavilədə qeyd olunması xüsusatı isə tamamilə əsassızdır. Belə ki, iddiaçıların müraciəti torpaq sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. Hər hansı biri tikiliyə münasibətdə iddiaçıların inzibati orqana qarşı bir tələbi yoxdur. Bir sözlə inzibati orqan tamamilə formal mülahizələrə əsaslana bir imtina məktubu vermişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 20 fevral 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahələrinin ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən ümumi ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa arxiv bölgü sxemi ilə faktiki sahələr arasında fərq mövcuddur. Belə ki, cizgidə qeyd olunan A tikilisi arxiv bölgüsünə əsasən “465” saylı torpaq sahəsinin ərazisində göstərilsə də, “465a” saylı torpaq sahəsinə dair müqavilədə qeyd olunmuşdur. Həmçinin keçid yolu üzərində tikili mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X11 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Neftçala rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X6 xx.xx.1987-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sora ərə Feyziyev, aravada isə Feyziyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X3 Departamenti X5 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli 27430 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 547 saylı Sərəncamına əsasən Binəqədi rayonu, Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 465 a saylı bağ İddiaçı istifadəsinə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********57 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktın surətindən müəyyən olunur ki, 465 saylı bağ (icarə müqaviləsi-10926) hüquq müəyyənedici sənəd üzrə 1200,0 kv. metr, faktiki 1200,0 kv. metr, 465 a saylı bağ (icarə müqaviləsi-27430) hüquq müəyyənedici sənəd üzrə 1200,0 kv. metr, faktiki 1200,0 kv. metr təşkil edir. 465 və 465 a saylı bağ sahələri ümumi hasar daxilindədir. Ara sərhəddinə metal tor çəkilib. Ümumi sahədə bir mərtəbəli (köhnə) ev, bir mərtəbəli mansardlı ev, köməkçi tikililər və hovuz var. 465 a saylı bağ sahəsinin icarə müqaviləsində göstərilən 1 y/ot=14,13 kv. metr olan ev taxta konstruksiyalıdır (dranka). Arxiv çizgisində bağ sahələrinin yeri texniki səhv olaraq dəyişik göstərilib, belə ki, köhnə 1 mərtəbəli taxta konstruksiyalı ev olan hissə 465 saylı bağ kimi göstərilib. Vətəndaş hər 2 bağ sahəsinin eyni ailə üzvlərinə aid olduğunu bildirdi. Sahənin yol tərəfindən hasarın çölündən 6 kV elektrik xətti keçir. X2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, X5 və İstismarı Birliyi ilə bağlanmış 30 dekabr 2003-cü il tarixli 27430 saylı müqavilə üzrə İddiaçı istifadəsinə verilmiş Göradil bağ masivində yerləşən 0,12 ha sahəsi olan 465 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********618/2023 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mühəndisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahələrinin ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən ümumi ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Arxiv bölgü sxemi ilə faktiki sahələr arasında fərq mövcuddur. Belə ki, cizgidə qeyd edilən “A” tikilisi arxiv bölgüsünə əsasən “465” torpaq sahəsinin ərazisində göstərilsə də, “465a” saylı torpaq sahəsinə dair müqavilədə qeyd olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ...
139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin halları üzrə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha-dan ibarət 465 a saylı bağ torpaq sahəsinin iddiaçıya məxsus, yəni 2003cü ildən qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 547 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X3 Departamenti X5 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2003cü il tarixli 27430 saylı müqavilə ilə iddiaçıya verilmişdir. Həmin sərəncam və müqavilə müvafiq olaraq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş və bağlanılmış və halhazıradək qüvvədədir. Həmin sərəncamın və müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni torpaq sahələrinin ümumi hasar daxilində olması, elektron kadastr məlumatlarına əsasən ümumi ərazinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, arxiv bölgü sxemi ilə faktiki sahələr arasında fərqin mövcud olması, belə ki, cizgidə qeyd edilən “A” tikilisinin arxiv bölgüsünə əsasən “465” torpaq sahəsinin ərazisində göstərilsə də, “465a” saylı torpaq sahəsinə dair müqavilədə qeyd olunması hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi İddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Məhkəməyə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da müəyyən olunur ki, arxiv çizgisində bağ sahələrinin yeri texniki səhv olaraq dəyişik göstərilib, belə ki, köhnə 1 mərtəbəli taxta konstruksiyalı ev olan hissə 465 saylı bağ kimi göstərilib. Yəni qeyd olunan hal iddiaçının iradəsindən asılı olmayaraq yaranmış bir haldır ki, bu da onun mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Bundan əlavə məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş ərizədən də göründüyü ki, 465 saylı bağın istifadəçisi olan X1 Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 30 dekabr 2003-cü il tarixli 27430 saylı müqavilə üzrə İddiaçı istifadəsinə verilmiş Göradil bağ masivində yerləşən 0,12 ha sahəsi olan 465 a saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 ilə İddiaçı rəsmi nikahda olmaqla, qeyd olunan bağ torpaq sahələrindən ailə üzvləri kimi birgə istifadə edirlər. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X3 Departamenti X5 və İstismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 547 saylı Sərəncamına əsasən bağlanmış 30 dekabr 2003-cü il tarixli 27430 saylı müqavilə əsasında İddiaçı istifadəsinə verilmiş Binəqədi rayonu, Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 465 a saylı bağ torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün tərtib olunaraq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev