Məhkəmə qərarları › İş №2-1(112)-6609/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6609/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6609/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “AĞ Burun” kooperativinin cavabdeh Azərbaycan Respubilkası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “aktın qüvvədə olma müddətinin uzadılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı “AĞ Burun” kooperativinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respubilkası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 nümayəndəsi X8 iştirakları ilə, iddiaçı “AĞ Burun” kooperativinin cavabdeh Azərbaycan Respubilkası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “aktın qüvvədə olma müddətinin uzadılması” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “AĞ Burun” kooperativi cavabdeh Azərbaycan Respubilkası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (bundan sonra mətndə X10 X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağ burun” kooperativinə “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalı ilə məşğul olmasına icazə verən 01102 saylı, 17 oktyabr 2018-ci il tarixli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddətinin uzadılması vəzifəsinin X10 X3 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Ağburun” kooperativi mişar daşı istehsalı ilə məşqul olur. Sonuncu dəfə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 17 oktyabr 2018-ci il tarixli 1102 saylı Dağ- mədən ayırması aktına əsasən “Ağburun” kooperativinə 5 il müddətinə Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalı ilə məşqul olmaq icazəsi verilmişdir. İcazənin müddəti bitdiyinə görə kooperativin direktoru 05 mart 2024-cü il tarixdə X10 X4 müddətin uzadılması barədə ərizə ilə müraciət etmişdir. Həmin Agentliyin 19 aprel 2024-cü il tarixli 3-14-19/2-581/2024 saylı məktubu ilə müddətin uzadılmasından imtina edilmişdir. Əsas kimi müraciətin müddətin bitməsinə ən azı 30 gün qalmış edilməsi nəzərdə tutulduqda həmin qaydaya riayət edilməməsi göstərilmişdir. Sonradan eyni məqsədlə yenidən X10 X4 müraciət edilmiş və 10 yanvar 2025-ci il tarixli 3- 14-19/2-014/2025 saylı məktubla yenidən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.Cavabdeh X10 X3 iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. “Ağburun” kooperativinə Qaradağ rayonu ərazisində Güzdək əhəngdaşı yatağında 2,07 ha sahədə mişar daşı hasilatı məqsədilə 5 il müddətinə 17 oktyabr 2018-ci il tarixli, 01102 nömrəli “Dağ-mədən ayrıması” aktı verilmişdir. “Dağ-mədən ayırması” aktının müddəti 17 oktyabr 2023-cü il tarixdə bitmişdir. Kooperativ tərəfindən “Dağ-mədən ayırması” aktının müddətinin uzadılması barədə 05 mart 2024-cü il tarixli məktubla Agentliyə müraciət edilmişdir. Onun “Dağ mədən ayırması” aktının müddətinin uzadılmasına dair müraciətinə qanunamüvafiq qaydada müəyyən edilmiş müddət ötürüldüyündən ona verilmiş 17 oktyabr 2018-ci il tarixli, 01102 nömrəli “Dağ-mədən ayırması” aktının müddətinin uzadılmasının qanunamüvafiq hesab edilmədiyi barədə cavab məktubu ünvanlanmışdır. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 23.5-ci maddəsinə əsasən icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi MMC “Dağ-mədən ayırması” aktının müddətinin uzadılması ilə bağlı 05 mart 2024-cü il tarixli məktubla müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti də ötürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli məktubla Agentliyə müraciət edərək müraciət müddətinin gecikdirilməsini üzrlü hesab edib ona verilmiş icazə sənədinin müddətinin uzadılmasını xahiş etmişdir. Agentliyin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müraciətdə müddətin gecikdirilməsi ilə bağlı hər hansı üzrlü hal olmadığından müddətin gecikdirilməsinin üzrlü hesab edilmədiyi iddiaçıya bildirilmişdir və icazə sənədinin müddətinin uzadılmasından imtina edilmişdir. Odur ki, onun icazə sənədinin müddətinin uzadılmasından imtina edilməsi tamamilə əsaslı və qanunidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Ağburun” Kooperativi 17 oktyabr 2018-ci il tarixli, 01102 nömrəli “Dağmədən ayrıması” aktının müddətinin uzadılması ilə bağlı müraciət müddətini buraxdığından 17 oktyabr 2018-ci il tarixli, 01102 nömrəli “Dağ-mədən ayırması” aktının müddətinin uzadılması qanunamüvafiq deyildir. Odur ki, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 23.5-ci maddəsinə əsasən icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “AĞ Burun” kooperativi (VÖEN **********) xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin “Dağ-mədən ayırması” 01102 saylı, 17 oktyabr 2018-ci il tarixli aktının surətindən görünür ki, “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalı məqsədilə 2.07. (iki 0.07) hektar yeraltı boşluğunun sahəsi “Ağ burun” kooperativinə 5 il müddətinə istifadəyə verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2024-cü il tarixli 3-14-19/2-581/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “...“Dağ-mədən ayırması” aktının uzadılması ilə bağlı bildiririk ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 23.5-ci maddəsinə əsasən, icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Sizin “Dağ mədən ayırması” aktının müddətinin uzadılmasına dair müraciətinizdə qanunamüvafiq qaydada müəyyən edilmiş müddət ötürüldüyündən 01102 nömrəli, 17 oktyabr 2018-ci il tarixli “Dağmədən ayırması aktı”nın müddətinin uzadılması qanunamüvafiq hesab olunmur. Əlavə olaraq bildiririk ki, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerin təkindən istifadəyə icazə qeydiyyata alınmış faydalı qazıntı yataqları sahələrindən hərrac (auksion və müsabiqə) vasitəsilə verilir. Qeyd: Mövcud qanunvericiliyə uyğun olaraq hüquqi icazə sənədi olmadan yer təkindən hər hansı istifadə halları qanun pozuntusu hesab olunur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə cərimə hesablanır, cavabdeh şəxs birbaşa məsuliyyət daşıyır”. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekspertiza İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli 3-14-19/2-014/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası “Lisenziyalar və icazələr” haqqında qanuna əsasən “İcazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Qanunla nizamlanmış müraciət müddəti ötürüldüyündən sözügedən Dağ-mədən ayırması aktının müddəti uzadıla bilməz. Həmçinin sizin müraciətinizdə həmin müddəti gecikdirməyinizlə bağlı hər hansı üzrlü hal olmadığından müraciətinizin gecikdirilməsi üzrlü hesab edilə bilməz. Əlavə olaraq qeyd etmək lazımdır ki, mövcud qanunvericiliyə uyğun olaraq hüquqi icazə sənədi olmadan yer təkindən hər hansı istifadə halları qanun pozuntusu hesab olunur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə cərimə hesablanır, cavabdeh şəxs birbaşa məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekspertiza İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilən xx.xx.2024-cü il tarixli 3-14- 19/2-1768/2025 nömrəli məktubunda göstərilmişdir ki, “Ağburun” X6 və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Güzdək” əhəngdaşı yatağında 5 ha sahədə mişar daşı istehsalı məqsədilə 5 il müddətinə 28 dekabr 2006-cı il tarixli, 00024 və 14 may 2012-ci il tarixli, 00574 nömrəli “Dağ-mədən ayırması” aktları verilmişdir. Sözügedən hüquqi şəxsə sonuncu dəfə “Güzdək” əhəngdaşı yatağında 2,07 ha sahədə mişar daşı istehsalı məqsədilə 5 il müddətinə 17 oktyabr 2018-ci il tarixli, 00024 nömrəli “Dağ-mədən ayırması” aktı verilmişdir. Həmçinin qeyd edirik ki, xx.xx.1967-ci il təvəllüdlü X9 “Ağburun” Kooperativinin fəaliyyəti ilə bağlı (yerin təkindən istifadə) inzibati və cinayət məsuliyyətinə cəlb olunub-olunmaması barədə Agentlikdə hər hansı məlumat mövcud deyildir. TƏTBİQ EDİLƏN HÜQUQ “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 9. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri ... Yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi; yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi; yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi; icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. ... Maddə 12. Yerin təkindən istifadənin müddətləri Yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir. Yerin təki aşağıdakı müddətlərə verilir: geoloji öyrənilmə üçün — 5 ilədək müddətə; faydalı qazıntıların çıxarılması üçün — 25 ilədək müddətə; göstərilən istifadə növləri birləşdirildikdə — 30 ilədək müddətə. Faydalı qazıntıların çıxarılması məqsədilə yerin təkindən istifadə müddəti onların işlənilməsinin yerin təkindən səmərəli istifadəni və onun mühafizəsini təmin edən texnikiiqtisadi əsaslandırılmasının nəticəsindən asılı olaraq müəyyən edilir. Yer təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarı, xüsusi mühafizə edilən obyektlərin yaradılması və digər məqsədlər üçün müəyyən müddətə və ya daimi verilə bilər. Yerin təkindən istifadə müddətləri istifadə hüququnun verildiyi gündən hesablanır. Yer təkinin istifadəçisi icazə şərtlərini yerinə yetirərsə, tərəflərin razılığı ilə yerin təkindən istifadənin müddəti uzadıla bilər. ... Maddə 18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. ... Maddə 20. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi Yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. ... Maddə 41. Mineral-xammal bazasının bərpasına ayırmalar Mineral-xammal bazasının bərpasına ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Faydalı qazıntıların yataqlarının axtarışı və kəşfiyyatını öz vəsaiti hesabına aparmış, yaxud faydalı qazıntıların müvafiq ehtiyatlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərcləri tam ödəmiş yer təki istifadəçiləri həmin yataqları istismar edərkən mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilirlər. Ayrımaların dərəcələri Azərbaycan Respublikasının mineral-xammal bazasının bərpasına tələb olunan xərcləri təmin edə biləcək miqdarda müəyyən edilir və eyni növ mineral-xammal çıxaran yer təkinin bütün istifadəçiləri üçün eynidir. Mineral-xammal bazasının bərpasına ayırmaların miqdarı faktiki çıxarılan faydalı qazıntıların dəyərindən faizlə müəyyən edilir. “Lisenziyalar və icazələr haqqında” Qanunun: ... 23.5. İcazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. ... 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.8-1. lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə; 26.1.9. bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda. 26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 26.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. 41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. 45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə bildirir ki, yuxarıda adıçəkilən “İnzibati icraat haqqında” Qanunun giriş hissəsində müvafiq müddəalar sadalanmazdan əvvəl mütərəqqi olaraq qeyd edilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Bu səbəbdəndir ki, adıçəkilən qanunun yuxarıda adıçəkilən müddəalarının qanunun aliyinə nail olunması və insan hüquq və azadlıqlarına əməl olunmasının təmininə münasibətdə riayət edilməsi mütləqdir ki, hazırkı iş üzrə qəbul edilən inzibati aktla bağlı cavabdehin yekun nəticəyə gəlməsi zamanı həmin müddəaların tələblərinin pozulduğu aşkardır. Belə ki, inzibati orqan yerin təkindən istifadə üçün müddətin uzadılmasından imtina etsə də, yuxarıda adıçəkilən prosessual normaların tələblərinə əməl etməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, müvafiq ekspert və mütəxəssis cəlb etmədən, iddiaçının inzibati icraatda iştirakını təmin etmədən, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək müddətin uzadılmasını həyata keçirməmişdir. Halbuki, inzibati orqan əlavə sübutların cəlb edilməsi zərurəti yaranarsa xidməti vəzifəsinə uyğun olaraq həmin araşdırmanın aparılmasını da həyata keçirməli, bundan sonra isə yekun nəticəyə gəlməli idi. Halbuki, cavabdeh müddətin uzadılmasından imtinanın mahiyyəti üzrə istisna edən hallarını hər hansı sənəd və sübutlara təsdiq edə bilmir. Qeyd olunmalıdır ki, cavabdeh tərəf yerin təkindən istifadəyə dair müddətin uzadılması məsələsinə baxarkən, iddiaçının bu məqsədlə etdiyi müraciətin qanunvericiliklə müəyyən edilmiş vaxt çərçivəsindən kənarda təqdim olunduğunu əsas götürərək, onun müraciətinin təminindən imtina etmişdir. Qeyd olunan mövqe formal olaraq “Lisenziyalar və icazələr haqqında” Qanunun 23.5-ci maddəsinə istinadla əsaslandırılsa da, bu yanaşma məsələnin ümumi hüquqi tənzimlənməsini, xüsusən də bu sahədə tətbiq edilən “Yerin təki haqqında” Qanunun normativ çərçivəsini tam əhatə etmir. Belə ki, Qanunun 23.5-ci maddədə göstərilən, yəni icazənin müddətinin başa çatmasına ən azı 30 gün qalmış müraciət edilməli olduğu qayda daha çox inzibati prosedurun təşkili məqsədinə xidmət edir. Bu norma öz-özlüyündə sonrakı imtinanı qaçılmaz və ya alternativsiz edən norma deyil. Başqa sözlə, 30 günlük müddətin ötürülməsi özü-özlüyündə icazənin uzadılmasından imtinaya dair əsas vermir. İşin mahiyyətindən irəli çıxdıqda isə qeyd olunur ki, burada məsələ təkcə icazənin uzadılması üçün müraciətin vaxtında edilib-edilməməsində deyil, həm də iddiaçının faktiki olaraq yerin təkindən istifadəyə dair hüququn davam edib-etmədiyində və bu hüququn hansı halda sona yetmiş hesab oluna biləcəyini müəyyən etməkdən asılıdır. Bu məqamda artıq sadəcə “Lisenziyalar və icazələr haqqında” Qanuna yox, eyni zamanda “Yerin təki haqqında” Qanunun müddəalarına da nəzər yetirilməlidir. Nəzərə alınmalıdır, əgər yer təkinin istifadəçisi müəyyən edilmiş şərtlərə əməl edirsə və istifadə hüququnu pozan hallar baş verməyibsə, tərəflərin razılığı ilə müddətin uzadılması mümkündür. Heç bir norma, 30 günlük müddətin ötürülməsini müddətin uzadılması üçün yeganə əngəl kimi təqdim etmir. Bu isə o deməkdir ki, cavabdehin məsələyə yalnız bu prizmadan yanaşması obyektiv və hüquqi əsaslardan uzaqdır. Digər tərəfdən isə bildirilir ki, lisenziyanın müddətinin bitməsi, həmin lisenziyanın qeyd-şərtsiz ləğv olunduğuna dəlalət etmir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.2-ci bəndinə əsasən lisenziyanın (icazənin) müddəti bitdikdə lisenziya və icazə ləğv edilir. Lakin bu halda həmin Qanunun tələblərinə əsasən lisenziya və icazənin ləğvi inzibati akt ilə həyata keçirilir. Göründüyü kimi yalnız müddətin bitməsi faktı qeydə alındıqdan və ləğv qərarı verildikdən sonra lisenziya qüvvədən düşmüş sayılır. Hazırkı işdə isə belə bir qərarın qəbul edilməsi faktı yoxdur. Əgər lisenziya və icazənin ləğvi ilə bağlı qərarı mövcud deyilsə, deməli, yerindən təkindən istifadə hüququ da öz hüquqi qüvvəsini saxlayır. Bütün bunlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin "müddət ötürülüb" arqumenti yalnız texniki xarakter daşıyır və hüquqi nəticə doğuracaq səviyyədə əsas sayılmamalıdır. Xüsusilə nəzərə alsaq ki, iddiaçının müraciət etməsi faktı var və həmin müraciət konkret məqsəd, yəni istifadə hüququnun uzadılması üçün edilib, deməli, onun hüquqi maraq və iradəsi aydındır. İcazə müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət edilməsi qanunvericiliyin şərti olsa da, bu şərt yerin təkindən istifadə müddətinin uzadılmasından imtina olunması üçün əsas qismində çıxış etmir. Bu halda cavabdehin iddiaçının müraciətinə formal səbəblə imtina etməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Ağ burun” kooperativinə “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalı ilə məşğul olmasına icazə verən 01102 saylı, 17 oktyabr 2018-ci il tarixli “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddətinin uzadılması ilə bağlı yeni aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respubilkası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar