Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6610/2020 14.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncunun xx.xx.2020-ci il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əvvəllər doğum haqqında şəhadətnaməsinin olduğunu, lakin həmin şəhadətnaməyə iki möhür vurulduğu üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini, şəxsiyyət vəsiqəsi olmadığı üçün isə ona təkrar doğum haqqında şəhadətnamə verilmədiyinin nəzərə alınaraq, məhkəmədən iddia tələbinin təmin olunaraq, ona şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx xxxxx 2018-ci il tarixli ******* №li qərarı ilə xx xxxxx 1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bakı şəhəri Suraxanı rayon polis idarəsinin xx xxxx 2020-ci il tarixli “Rəy”i ilə ünvan 1 ünvanında yaşayan İddiaçı Suraxanı RPİ-nin Əmircan qəsəbəsi, Balandin küçəsi 42-də yerləşən inzibati ünvana qeydiyyata alınması məqsədə müvafiq hesab olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 810/05-75 №li imtina məktubunda müraciətçiyə bildirilmişdir ki, doğumu Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixdə 264-B saylı aktla qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydaların 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin həmin Qaydaların 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsi olmadığından ərizənin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyil. Müraciətçiyə həmçinin bildirilmişdir ki, “doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsi”nin Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəkdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/2-7625/13 №li məktubda göstərilmişdir ki, valideynləri Rahim Allahverdiyev və Balaqız Qasımova olan xx.xx.1993-cü il təvəllüdlü Həmidə Allahverdiyevanın doğumu, xx.xx.1995ci il təvəllüdlü Ülkər Allahverdiyevanın doğumu, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı doğumu, xx.xx.1998-ci il təvəllüdlü Oruc Allahverdiyevin doğumu və xx.xx.2001-ci il təvəllüdlü Mənsurə Allahverdiyevanın doğumu xx.xx.2003-cü ildə Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin məktubu ilə məhkəməyə daxil olmuş İddiaçı doğumu haqqında xx.xx.2003-cü il tarixli 264-B nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, sonuncu xx xxxxx 1997-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında uşağın adı “Nabat”, soyadı “Allahverdiyeva”, ata adı “Rahim”, ata-anası haqqında məlumat qrafasında atası kimi X2, anası kimi isə X1 qeyd olunmuşdur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçıa şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, doğumu doğum akt qeydləri kitabında xx xxxxxxx 2003-cü ildə 264-B nömrə ilə qeydə alınmış İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6610/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6610/2020
14.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver