Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6611/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ləğvi, doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə Almaniya FRda doğulmuş X3 (X8) doğumu haqqında apardığı qeydin düzgün olmamasının müəyyən edilməsi və Cavabdeh tərəfindən onun adına verilmiş 333045 saylı xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X10 xx.xx.2014-cü il tarixdə Almaniya FR-da (Nordhornda) doğulmuşdur. İlk dəfə 4 yaşında Azərbaycan Respublikasına gələn M.Yunusova 2022-ci ildə Azərbaycan Respublikası vətəndaşları olan valideynləri İddiaçı və X11 ilə Azərbaycana gəlməyə hazırlaşarkən “stick visa” sistemində maneələr yaranmışdır. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında Məryam həmçinin Almaniya vətəndaşı, Almaniya FR-da isə Azərbaycan Respublkası vətəndaşı olaraq görünür (ikili vətəndaş kimi). Valideynlərinə bu maneə yaranandan sonra məlum olmuşdur ki, Məryam Yunusovanın adına Bakı şəhəri Cavabdeh tərəfindən də 333045 saylı xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Uşağın öz valideynləri ilə birlikdə Azərbaycana gəlib-getməsi üçün müəyyən sənədləşmə çətinlikləri yarandığı üçün iddiaçı tərəfin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 333045 saylı xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsi və elektron sistemdə də müvafiq ləğvin həyata keçirilməsinə dair Cavabdehnə müraciəti olmuş, lakin müraciətə imtina cavabı verilmişdir. Bundan əlavə X14 (Samirə) qızı (Almaniya qanunvericiliyinə uyğun olaraq “Yunusov” və hər iki valideynin adı qeyd olunmuşdur, “ata qrafası” ayrıca olaraq yoxdur) soyadı Cavabdeh tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə “Yunus” olaraq qeyd olunmuşdur. Bildirilir ki, ata soyadı Yunusov olduğu üçün Məryamın soyadı qrafası Yunusov olaraq qeyd edilmişdir (Almaniya FR qanunvericiliyinə uyğun olaraq “ova” sonluğu qeyd olunmamışdır). Məryam Yunusova faktiki olaraq Almaniya Federativ Respublikasında doğulmuş, Azərbaycan Respublikasına ilk dəfə 4 yaşında olarkən gəlmişdir. Qeydiyyat Şöbəsi tərəfindən verilən imtina məktubu uşağın mənafelərinə zidd olmaqla, daimi olaraq Azərbaycana gəlib-gedən valideynlərindən ayrı qalmasına, onlarla birlikdə gəlib-getməsinə çətinlik yaradır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, imtinada qeyd olunur ki, X8 doğum akt qeydi Cavabdeh tərəfindən 1907 nömrəsi ilə xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, lakin Almaniya FR Nordhorn VVAQ İdarəsində doğum aktı xx.xx.2019-cu il tarixdə qeyd olunmuşdur. Bu səbəbdən doğum akt qeydinin ləğvi mümkün deyildir. Bu barədə bildirilir ki, Almaniya FR qanunvericiliyinə əsasən uşaq doğulduğu ildən hər il yuxarıda qeyd olunan sənəd yeniləndiyi üçün ən köhnə tarixə- 2019-cu ilə olan sənədi təqdim etmək mümkün olmuşdur. Lakin faktiki olaraq uşaq Azərbaycan Respublikasında doğulmamış, hətta 4 yaşına kimi Azərbaycana gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim olunmuş qısa məzmunlu yazılı münasibətdə iddiaya etiraz edildiyi və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tərəfindən X4 (X12) doğumu haqqında aparılmış akt qeydinin ləğv edilməsi və onun adına verilmiş 333045 saylı, xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş mübahisələndirmə növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, X8 doğum akt qeydi Cavabdeh tərəfindən 1907 saylı xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, lakin Almaniya Federativ Respublikası Nordhorn WAQ İdarəsində doğum aktı 25.01,2019-cu il tarixdə qeyd olunmuşdur. Bu səbəbdən doğum akt qeydinin ləğvi mümkün deyildir. -ASAN 3 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. -ASAN 3 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 444045 №-li Doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə Sabirabad rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 02 dekabr 2014-cü ildə 1907 nömrə ilə qeyd edilmişdir. Uşağın X2, anası İddiaçıdır. -Nordhorn VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi G168/2015 olan Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Yunusov Məryam xx.xx.2014-cü il tarixdə Almaniya Federativ Respublikasının Nordhorn şəhərində doğulmuşdur. X2, anası İddiaçıdır. -Doğum haqqında akt qeydinin və həmin qeydin aparılması üçün əsas olmuş sənədlərin göndərilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən yalnız xx.xx.2014-cü il tarixli Doğum haqqında akt qeydinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin akt qeydindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə Sabirabad rayonunda doğulmuşdur. Atası xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan X9r. Anası xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, M.Sübhi küçəsi 122də qeydiyyatda olan İddiaçıdır. Akt qeydinin 10-cu bəndində uşağın doğumunu təsdiq edən sənəd olaraq tibb müəssisəsindən arayış – X1 xx.xx.2014-cü il tarixli, ********** №-li arayışı qeyd edilmişdir. Doğum haqqında qeydin əsasları bölməsində məlumat verən şəxs kimi X11 qeyd edilmişdir. Qeydin sonunda 1AZ-İ seriyalı 444045 nömrəli, xx.xx.2014-cü il tarixli şəhadətnamənin verildiyi qeyd edilmişdir. -Müvafiq sorğu ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı, X6 və X3 (X13) 2014-2023-cü illər ərzində sərhədkeçmə məlumatları məhkəməyə təqdim edilmişdir. Həmin məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı, xx.xx.1979-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü Yunusov (Yunus) Məryəm Azər qızı 2014-cü ildən sonra ilk dəfə xx.xx.2019-cu il tarixdə sərhədindən giriş etmişlər. -AR TƏBİB Sabirabad Rayon Mərkəzi X7 Şəxsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sabirabad RMX-nın Perinatal Mərkəzində araşdırılma aparılmış və aşkar olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-ci il tarixdə Sabirabad Mərkəzi Rayon Xəstəxanasında oğlan və ya qız uşağı dünyaya gətirməmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adlı şəxs 2014-cü il tarixdə Sabirabad rayon Perinatal Mərkəzdə uşaq dünyaya gətirməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən övladı X4 doğumu haqqında aparılmış akt qeydinin ləğvini və onun əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Cavabdehnə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -163.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. -166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. -166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. -166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydanın hazırkı iddia ilə mübahisələndirilən doğum akt qeydinin aparıldığı zaman qüvvədə olan 2.1-ci bəndinin redaksiyasına əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə yeni redaksiyada verilmişdir), doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydanın 2.2-ci bəndinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Həmin Qaydanın 2.24-cü bəndinə əsasən, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini, qeydiyyatın aparılması üçün tələb olunan sənədləri aydın şəkildə göstərmişdir. Lakin hazırkı halda cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən doğum akt qeydinin aparılması zamanı qanunvericiliyin qeyd olunan göstərişlərinə əməl edilməsi müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu qənaətin əksini təsbit edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, işin məhkəmə araşdırması ilə Binəqədi rayon Qeydiyyat çöbəsi tərəfindən aparılmış xx.xx.2014-cü il tarixli, 0017 1 1907 saylı doğum haqqında akt qeydində uşağın doğumunu təsdiq edən tibb müəssisəsindən sənəd qismində X5 tərəfindən verilmiş arayış göstərilsə də, həmin arayışın mövcudluğu öz təsdiqini tapmamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, istinad olunan Qaydalar müvafiq tibbi sənədin olmasını doğumun qeydiyyatı üçün məcburi göstərişlə şərtləndirlmişdir. Bundan başqa qeyd olunan akt qeydindən məlumat verən şəxsin uşağın X2 olduğu və imzalandığı görünsə də, Dövlət Sərhəd Xidmətinin məlumatı ilə Rafiq Yunusovun 2014-cü ildən sonra ilk dəfə 2019-cu il tarixdə ölkəyə gəldiyi müəyyən edilmişdir. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 23-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü Məryəmin Cavabdeh tərəfindən doğumunun qeydə alınması ilə bağlı qanunverciliyin tələblərinə əməl edilməsi sübut olunmadığından həmin qeydiyyat şöbəsində aparılmış qeyd qanunsuz inzibati akt olaraq ləğv edilməli və belə olan halda, həmin qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X4 (X12) doğumu haqqında aparılmış xx.xx.2014-cü il tarixli akt qeydi ləğv edilsin və həmin qeyd əsasında onun adına verilmiş 444045 saylı, xx.xx.2014cü il tarixli doğum haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6611/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6611/2023
30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver