Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6613/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarına əsasən İddiaçı MMC-ə 104.482,18 manat əsas vergi və 52.361,09 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı həmin qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına zidd olduğundan, qanunsuz hesab edir. Belə ki, vergi orqanının hesablama əsası kimi MMC-nin e-qaimə ilə aldığı malların qarşı tərəflərdə alışında olmaması ilə əlaqədardır. Bunun nəticəsində Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşmələr qəbul edilməmiş və xərc sənədləri qəbul edilməyərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilərək əlavə mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən hal-hazırkı vergilərin hesablanmasına əsas olmuş maddələr iddiaçının əməliyyatların aparıldığı dövrdə olmamışdır. Belə ki, məsuliyyətə cəlb etmə qərarına baxdıqda açıq aydın görünür ki, AR Vergi Məcəlləsinin 109.9 və 175.10-cu maddələri həmin Məcəlləyə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanununa əsasən əlavə edilmişdir. Yəni, vergi ödəyicisi belə çıxır ki, qanunvericiliyə edilmiş dəyişiklikləri qabaqcadan görməli və ona uyğun hərəkət etməli idi. Bundan başqa, riskli əməliyyatlar anlayışının özü 2020-ci ildə müəyyən edilmişdir. Belə ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı 28 iyul 2020-ci ildə qəbul edilmişdir. Belə olan halda hansı əməliyyatın riskli, hansının əmtəəsiz kimi qiymətləndirilməsi vergi orqanları tərəfindən faktiki sübut edilməli idi. Lakin vergi orqanı sonrakı qanunvericiliyi İddiaçı MMC-yə birbaşa tətbiq etmişdir. İddiaçı MMC bütün bunları vergi orqanına məsuliyyət qərarı qəbul edilməmişdən qabaq bildirmişdir. Lakin vergi orqanı heç bir əsas gətirmədən ona vergiləri hesablamışdır. Bundan başqa, İddiaçı MMC Dövlət Neft Şirkətinin Metanol Zavodunu mallar ilə təchiz edir. Vergi orqanının mövqeyinə görə MMC əmtəəsiz əməliyyat aparmışdır. Belə olan halda, vergi orqanlarının hüququ vardır ki, qarşılıqlı sürətdə yoxlama ilə bağlı Metanol zavoduna sorğu ilə müraciət etsin və onlara mal təchiz edilib-edilməməsini müəyyənləşdirsin. Qarşı tərəfin mal alışının olmaması ilə bağlı isə bildirilməlidir ki, İddiaçı MMC Vergi Məcəlləsində müəyyən edilmiş qaydada e-qaimə və hesab faktura ilə malları almışdır. Müqavilələr, təhvil-təslim aktları var. Həmin mallar isə sonradan Zavoda təqdim edilmişdir. Həmin malların qarşı tərəfin alışında olmaması isə artıq İddiaçı MMC-nin nöqsanı kimi qəbul edilə bilməz. Vergi orqanı həmin müəssisələri yoxlayarkən onlardan soruşmalıdır ki, həmin malları onlar hardan almışdır, bazardan alıb, kimdənsə götürüb və.s. Yəni, İddiaçı MMC digər şəxsin uçotsuz mal satışı və alışına görə cəzalandırıla bilməz. Vergi orqanı bütün bu nüansları nəzərə almadan iddiaçıya qanunsuz vergilər hesablamışlar. Vergi orqanına hər hesabat dövrləri üzrə mənfəət və ƏDV bəyannamələri təqdim edilmişdir və bütün hesabatlar kameral vergi yoxlamasından keçmiş və hər hansı uyğunsuzluq gəlməmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmçinin Məcəllənin 175-ci maddəsinə uyğun olaraq bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının Vİİ maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Vergi Məcəlləsinin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq, cavabdehin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Sahibkarlıqla Baş İdarəsinin məhkəməyə ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, İddiaçı MMC-nin iddiasına İPM-in 47-ci maddəsinə uyğun olaraq etiraz edilir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 5 iyul 2021-ci il tarixli **********148016 nömrəli qərarına əsasən İddiaçı MMC barəsində səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 22 iyul 2021-ci il tarixdə başlanmış və 25 noyabr 2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri 26 noyabr 2021-ci il tarixli **********148518 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktın nəticələri ilə razı olmamış, onu imzalamaqdan imtina etmiş və bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Göstərilənlərlə əlaqədar, Vergi Məcəlləsinin 56.1ci maddəsinin tələbləri nəzərə alınmaqla 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə İddiaçı MMC faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Yoxlama ilə 2018 – 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələbləri pozulmuşdur. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı üzrə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMC-nin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2018 və 2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərə aid edilən məbləğlər üzrə Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələblərinin pozulması, eyni zamanda təsdiqedici sənədlərin yoxlamaya qismən təqdim edilməsi ilə əlaqədar olaraq gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 15 sentyabr 2018-ci il tarxli 003 nömrəli alqı-satqı müqaviləsi, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 44.200 manat olan 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 İt” və ƏDV-sİz dəyəri 198.290 manat olan 25.100 ədəd ‘Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 14 sentyabr 2018ci il tarxli 002 nömrəli alqı-satqı müqaviləsi, 24 sentyabr 2018-ci il tarixli EAAM 272378 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 68.000 manat olan 1 ədəd “Qapaq bağlayan aparat” və ƏDV-siz dəyəri 81.600 manat olan 1 ədəd “Yaxalama aparatı”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarxli 004 nömrəli alqı-satqı müqaviləsi, 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 005 nömrəli alqı-satqı müqaviləsi, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında ƏDV-siz dəyəri 18.258 manat olan 5.370 ədəd “tünd rəngli şüşə tara 1ltr” və ƏDV-siz dəyəri 74.023 manat olan 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” alınması göstərilmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMCdən (VÖEN **********) 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 198.290 manat təşkil edən 25.100 ədəd “Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında alınmış ƏDV-siz dəyəri 74.023 manat təşkil edən 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” (cəmi 395.000 manat) İddiaçı MMC tərəfindən təqdim edilmiş 2018-ci il mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 221.4-cü malın dəyəri sətiri üzrə xərclərə aid edilmişdir. Bundan başqa, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF əsasında "xxxx" MMC-dən (VÖEN **********) alınmış ƏDV-siz dəyəri 44.200 manat təşkil edən 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 litr”, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF əsasında "xxxx" MMCdən (VÖEN **********) alınmış ƏDV- siz dəyəri 18.258 manat təşkil edən 5.370 ədəd “tünd rəngli şüşə tara 11tr” (cəmi 62.458 manat) İddiaçı MMC tərəfindən təqdim edilmiş 2019-cu il mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin 221.4-cü malın dəyəri sətiri üzrə xərclərə aid edilmişdir. Lakin alqı-satqı sənədlərində qeyd olunmuş malların, o cümlədən 13.000 ədəd reaktiv metanol üçün 1 litrlik tara şüşə və 25.100 ədəd reaktiv metanol üçün 2,5 litrlik tara şüşənin "xxxx" MMC tərəfindən, 1 ədəd qapaq bağlayan aparat və 1 ədəd yaxalama aparatının "xxxx" MMC tərəfindən, 15.530 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən, 5.370 ədəd 1 litrlik tünd rəngli şüşə taranın və 9.370 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən alışı uçot-baza məlumatlarına (EOF, EVHF və gömrük məlumatlarına) əsasən öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ƏDV-siz dəyəri 242.490 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 149.600 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 122.687 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 92.281 manat, ümumilikdə cəmi ƏDV-siz dəyəri 607.058 manat təşkil edən əməliyyatlar zamanı mallar faktiki olaraq həmin müəssisələr tərəfindən təqdim edilməmiş və əmtəəsiz əməliyyatlar aparılmışdır. Buna görə də yuxarıda qeyd olunan əməliyyatlar yoxlama ilə Vergi Məcəlləsinin 108 və 109-cu maddələrinin tələblərinə müvafiq olaraq 2018 və 2019-cu illər üzrə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə aid edilmədi. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron fayllartn onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı İmzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Vergi ödəyicisi tərəfindən ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi məqsədi ilə analoji vergi ödəyicisinin müəyyən edilməsi istiqamətində tədbirlər görülmüş, lakin səyyar vergi yoxlaması ilə bağlı əlaqəli məlumatlara əsasən hesablanmalı vergilərin müəyyənləşdirilməsi üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesabı üzrə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMC-nin mənfəət vergisi bəyannamələrinin 220-ci sətirində çıxılmalardan sonra ümumi gəlirin (o cümlədən 200-cü sətirdə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlirin) 2018-ci il üzrə 397.500 manat və 2019-cu il üzrə 87.500 manat olması müəyyən edilmiş, lakin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin gəlirləri müəyyən edilərək 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 2018-ci İl üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Nəticədə yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergitutma məqsədləri üçün mənfəətinin (həmçinin vergiyə cəlb edilən mənfəəti) 66.250 manat və mənfəət vergisinin 13.250 manat olması müəyyən edilmiş, 2018-ci il üzrə büdcəyə əlavə olaraq 13.125,60 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı qərar) qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Nəticədə yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergitutma məqsədləri üçün mənfəətinin 14.583,33 manat, azadolmalar və güzəştlər (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq) üzrə 10937,50 manat, mənfəət üzrə azadolma, güzəşt və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəətinin 3.645,83 manat və mənfəət vergisinin 729,17 manat olması müəyyən edilmiş, 2019-cu il üzrə büdcəyə əlavə olaraq 716,56 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin bank hesabı üzrə hərəkəti barədə hesabın yerləşdiyi bankdan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara əsasən İddiaçı MMC-nin 2020-ci il üzrə mənfəət vergisi üzrə zərər məbləğinin 27868,96 manat və nəticədə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmaqla 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə zərər məbləğinin 14,90 manat artıq hesablanması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 108, 109 və 130-cu maddələrinin tələbləri pozulmaqla mənfəət vergisinin 2018-ci il üzrə 13.125,60 manat və 2019-cu il üzrə 716,56 manat olmaqla, cəmi 13.842,16 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə,vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış 13.842,16 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 6.921,08 manat (o cümlədən 2018-ci il üzrə 6.562,80 manat və 2019-cu il üzrə 358,28 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, vergi orqanında olan uçot-baza məlumatları və bank əməliyyatları barədə məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi əvəzləşdirilən ƏDV-nin düzgün müəyyən olunmaması ilə bağlıdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin 308-ci sətrində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar (1 yanvar 2020-ci il tarixdən elektron qaimə fakturalar) nağdsız qaydada ödənilmiş məbləğ üzrə cəmi ƏDV məbləği 90.640,02 manat artıq hesablanmışdır. Belə ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 15 sentyabr 2018-ci il tarxli 003 nömrəli alqı-satqı müqaviləsi, 3 sentyabr 2018-ci il tarixli EAAL 780673 nömrəli EQF və 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF əsasında cəmi ƏDV-siz dəyəri 242.490 manat olan 13.000 ədəd “Reaktiv metanol üçün tara şüşə 1 İt” və 25.100 ədəd “Reaktiv metanol üçün tara şüşə 2.5 İt”, "xxxx" MMC-dən (VÖEN **********) 14 sentyabr 2018-ci il tarixli 002 nömrəli alqı-satqı müqaviləsi, 24 sentyabr 2018-ci il tarixli EAAM 272378 nömrəli EQF və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF əsasında cəmi ƏDV-siz dəyəri 149.600 manat olan 1 ədəd “Qapaq bağlayan aparat” və 1 ədəd “Yaxalama aparatı”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarixli 004 nömrəli alqı-satqı müqaviləsi, 9 dekabr 2018-ci il tarixli EAAO 239015 nömrəli EQF və 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF əsasında ƏDV-siz dəyəri 122.687 manat olan 15.530 ədəd “Tünd rəngli şüşə tara (2.5 litr)”, "xxxx" MMC-dən (VÖEN **********) 30 noyabr 2018-ci il tarxli 005 nömrəli alqı-satqı müqaviləsi, 24 dekabr 2018-ci il tarixli EAAO 627599 nömrəli EQF və 29 dekabr 2018-ci il tarixli HW 550602nömrəli EVHF əsasında ƏDV-siz dəyəri 92.281 manat olan 5.370 ədəd “tünd rəngli şüşə tara 11tr” və 9.370 ədəd “Tünd rəngli şüşə tara 2.5 litr” alınması göstərilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı MMC tərəfindən 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF üzrə 43.648,20 manat və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF üzrə 24.922,80 manat olmaqla, 2018-ci ilin sentyabr ayında cəmi 68.571 manat, 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF üzrə 2018-ci ilin dekabr ayında 22.069,02 manat, nəticədə 90.640,02 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin alqı-satqı sənədlərində qeyd olunmuş malların, o cümlədən 13.000 ədəd reaktiv metanol üçün 1 litrlik tara şüşə və 25.100 ədəd reaktiv metanol üçün 2,5 litrlik tara şüşənin "xxxx" MMC tərəfindən, 1 ədəd qapaq bağlayan aparat və 1 ədəd yaxalama aparatının "xxxx" MMC tərəfindən, 15.530 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən, 5.370 ədəd 1 litrlik tünd rəngli şüşə taranın və 9.370 ədəd 2,5 litrlik tünd rəngli şüşə taranın "xxxx" MMC tərəfindən alışı uçot-baza məlumatlarına (EQF, EVHF və gömrük məlumatlarına) əsasən öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən ƏDV-siz dəyəri 242.490 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 149.600 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 122.687 manat, "xxxx" MMC-dən ƏDV-siz dəyəri 92.281 manat, ümumilikdə cəmi ƏDV-siz dəyəri 607.058 manat təşkil edən əməliyyatlar zamanı faktiki olaraq mallar təqdim edilməmiş və əmtəəsiz əməliyyatlar aparılmışdır. Buna görə də 2018-ci ilin sentyabr ayında 4 sentyabr 2018-ci il tarixli HU 288797 nömrəli EVHF üzrə 43.648,20 manat və 29 sentyabr 2018-ci il tarixli HU 760055 nömrəli EVHF üzrə 24.922,80 manat, 2018-ci ilin dekabr ayında 25 dekabr 2018-ci il tarixli HW 469683 nömrəli EVHF üzrə 22.069,02 manat, nəticədə yoxlama ilə əhatə edilən dövr üzrə cəmi əvəzləşdirilməsi həyata keçirilmiş 90.640,02 manat ƏDV məbləği üzrə əvəzləşmələr yoxlama ilə Vergi Məcəlləsinin 175.2ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Yoxlama ilə ƏDV bəyannamələrinin 324cü sətiri üzrə büdcəyə ödənilməli ƏDV məbləğinin 2018-ci ilin sentyabr ayı üzrə 68.589 manat, 2018-ci ilin dekabr ayı üzrə 35.775 manat və 2019-cu ilin aprel ayı üzrə 4.824,15 manat olmaqla, yoxlama ilə əhatə edilən dövr üzrə cəmi 109.188,15 manat olması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləğinin 90.640,02 manat əskik (o cümlədən 2018-ci ilin sentyabr ayı üzrə 68.571 manat və 2018-ci ilin dekabr ayı üzrə 22.069,02 manat) hesablanması müəyyən edilmiş və büdcəyə əlavə olaraq 90.640,02 manat ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış 90.640,02 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 45.320,01 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin 4-cü rübü üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalar öz təsdiqini tapmamışdır. Nəticədə yoxlama ilə müəyyən edilmişdir ki, məcburi dövlət sosial sığorta məbləği 2019-cu ilin 4-cü rübü üzrə 62,50 manat artıq hesablanmışdır. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən maliyyə sanksiyası: Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi, 2018-ci ilin 2-ci rübü üzrə MDSS – işəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) hesabatı və 2018-ci ilin 2ci rübü üzrə işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə cəmi 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1.1, 24.0.1, 94.0.2-ci maddələrinə, İPM-in 58.7ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarının MDSS üzrə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi» qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddə yeni redaksiyada verilmiş və 109.9, 175.9, 175.11-ci maddələr əlavə edilmişdir. həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (109.9-cu maddə) Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. - (175.1-ci maddə dəyşikliyədək) Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir. - (175.1-ci maddə dəyişiklik edildikdən sonra) bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir. - (175.9-cu maddə) qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - (175.11-ci maddə) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. burada: M1 – vergi ödəyicinin mənfəəti, G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R – şərti rentabellik normasıdır. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı hallarda, mənfəət vergisinin müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar əsasında (şərti rentabellik norması əsasında) hesablanmasını nəzərdə tutmuşdur. Hazırkı işin hallarına görə cavabdeh tərəfindən İddiaçı MMC 2018 – 2019-cu illərdə alqısatqı əməliyyatları üzrə fəaliyyətində müvafiq təsdiqedici sənədlərin olmaması əsası ilə, mənfəətini şərti rentabellik norması tətbiqi edilməklə mənfəəti müəyyənləşdirlmiş və həmin mənfəətə müvafiq 104.482,18 manat mənfəət vergisi məbləğləri hesablanmış, eləcə də müvafiq əməliyyatlar ödənişlər ƏDV əvəzləşdirilməsini kimi qəbul olunmadan, ona 90.640,02 manat ƏDV məbləğləri hesablanmışdır. Cavabdeh inzibati orqan İddiaçı MMC-yə göstərilən məblğlərdə mənfəət vergisi və ƏDV hesablanması, həmin vergi məbləğlərinə 50% həcmində maliyyə sanksiyası, eləcə də əlavə olaraq 120 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyası tətbiq edilməsinə dair 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarı “məcburi dövlət sosial sığorta haqqı üzrə 120 manat maliyyə sanksiyasının tətbiqi” hissəsi istisna olmaqla qalan hissədə mübahisələndirir. İş üzrə tərəflərin dəlilləri nəzərə alınmaqla və onların istinad etdikləri normaların tələbləri işin faktiki hallarına tətbiq edilməklə məhkəmə belə qənaətə gəlir ki, vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC müvafiq dövr üzrə xərc sənədlərinin mövcud olmaması səbəbindən Vergi Məcəlləsinin 67.14cü maddəsini rəhbər tutmaqla “şərti rentabellik norması” əsasında mənfəətini və ona müvafiq mənfəət vergisini hesablayıb bəyan etməkdə haqlı olmuşdur. Hazırkı iddianın növünə görə (mübahisələndirmə haqqında) sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın mövqeyinə gəldikdə isə, məhkəmə vurğulayır ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlar əsasında vergilərin hesablanması vergi orqanının hüququ qismində müəyyən edilsə də, həmin Məcəllənin 67.14-cü maddəsinin tələbləri 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərinin müəyyən edildiyi təqdirdə, mənfəət (gəlir) vergisinin “şərti rentabellik norması” əsasında hesablanmasını bu orqanın hüququ kimi təsbit etməmiş və belə hallarda həmin əsasla mənfəət vergisinin hesablanmasını birmənalı nəzərdə tutmuşdur. Məhkəmə vurğulayır ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilər Vergi Məcəlləsinin 109.9, 175.1, 175.9, 175.11-ci maddələrinin hazırda qüvvədə olan tələblərini rəhbər tutularaq 2018 və 2019-cu illər üzrə əməliyyatlara münasibətdə hesablanmışdır. Lakin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin sadalanan müddəaları 1 yanvar 2020-ci il tarixdən qüvvədədir və bu müddəaların idduiaçı İddiaçı MMC-nin 2018 – 2019-cu illər üzrə fəaliyyətinə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Qeyd olunan xüsusatların məcmusunda məhkəmə hesab edir ki, İddiaçı MMC-yə 90.640,02 manat məbləğdə ƏDV və 104.482,18 manat məbləğdə mənfəət vergisi hesablanması, həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi «İnzibati icraat haqqında» Qanununun 11.1, 16.1, 24, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 58, 67-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələri üzrə yuxarıda qeyd olunan əsaslarla qəbul etdiyi **********153651 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı həmin hissələrdə qanunsuz sayılmalıdır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 19 yanvar 2022-ci il tarixli **********153651 nömrəli qərarı müvafiq hissədə qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqnda” **********153651 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı “məcburi dövlət sosial sığorta haqqı üzrə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqnda” **********153651 nömrəli 19 yanvar 2022-ci il tarixli qərarı “məcburi dövlət sosial sığorta haqları üzrə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6613/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6613/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver