Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6614/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 29 №-li TPM-də təhsil aldığı müddətin iş stajı olaraq nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 29-№li TPM-də təhsil almış və 28089 №-li diplom alaraq təhsilini tam bitirmişdir. Daha sonra xx.xx.1976-cı il tarixində 6 №-li sexə 29 №-li TPM-dən texnoloji qurğunun 3-cü dərəcəli operatoru təyin edilmişdir. xx.xx.1976-cı il tarixində TPM-i bitirdikdən sonra həmin sexə, həmin vəzifəyə təyin olunmuşdur. xx.xx.1977-ci ildən 3 №-li sexə kimyəvi analiz lobarantı keçirilmişdir. xx.xx.1980-ci il tarixində Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixində 450 3 №-li əmrlə 4 №-li sexə proses şagirdi təyin edilmişdir. xx.xx.1980-ci il tarixində 511 №-li əmrlə 3-cü dərəcəli fəhlə kateqoriyasına keçirilmişdir. xx.xx.1981 -ci il tarixli 43 №-li əmrlə Azərbaycan SSR YSN xx.xx.1981-ci il tarixli 7 №-li əmrinə əsasən 2 №-li Bakı Ayaqqabı fabrikinə keçirilmişdir. xx.xx.1981-ci il tarixində 511 №-li əmrlə 1 №-li ayaqqabı fabrikindən köçürülmə yolu ilə proses fəhləsi işinə təyin edilmişdir. xx.xx.1982-ci il tarixində 39 №-li əmrlə Azərbaycan SSR-nin ƏQM-nin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1982-ci il tarixində 97 №-li əmrlə 4 №-li sexə şagird vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixində 221 №-li əmrlə 2-ci dərəcə üzrə fəhlə kateqoriyasına keçirilmişdir. xx.xx.1999-cu il tarixində 24 № əmrlə Azərbaycasn Respublikasının ƏQM-nin 68-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. Bu səbəbdən də o, əmək pensiyasının təyin olunması üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır və ona pensiya hüququ yaranan tarixdən əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-52802/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, № 3-17-1/2-52802/2025 saylı iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ə.X2 müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlilliyə görə pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və "xxxx" ASCnin xx.xx.2007-ci il tarixli arayışına əsasən adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 7 ay 11 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Həmin Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 3 ay 11 gün sığorta stajına uyğun olaraq 16217,15 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (4 ay sığorta stajına uyğun) 223,99 manat olmaqla, ümumilikdə 16441,14 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya hüququ yaranan tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü Əliyeva X1 hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə təhsil almış və işləmişdir; xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilədək 29 №li TPM-də təhsil almışdır. 6 №-li Texnoloji Sexdə (iş stajı: 04 il, 01 ay, 01 gün) xx.xx.1976-cı il tarixdə texnoloji qurğunun 3-cü dərəcəli operatoru təyin edilmişdir; xx.xx.1977-ci il tarixdə 3 №-li texnoloji sexə kimyəvi analiz laborantı keçirilmişdir; xx.xx.1979-cu il tarixdə laboranta 2-ci dərəcə verilmişdir. xx.xx.1980-cı il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir; 1 №-li Bakı Ayaqqabı Fabrikində (iş stajı: 19 il, 10 gün) xx.xx.1980-ci il tarixdə proses fəhləsi vəzifəsinə təyin edilmişdir; xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir; xx.xx.1982-ci il tarixdə 4 №-li sexə şagird qəbul edilmişdir; xx.xx.1982-ci il tarixdə 2-ci dərəcə üzrə fəhlə kateqoriyasına keçirilmişdir; xx.xx.1999-cu il tarixdə AR ƏQM-nin 68-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2024cü il tarixli 3-17-1/2-Ə-266439/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinizin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyə görə pensiya işi qovluğunuzda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığınız illər və "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli arayışına əsasən adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajınız 21 il 7 ay 11 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 21 il 3 ay 11 gün sığorta stajınıza uyğun olaraq 16217,15 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək (4 ay sığorta stajınıza uyğun) 223,99 manat olmaqla, ümumilikdə 16441,14 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya hüququnuz yaranan tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021 -ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” Məhkəmənin müvafiq sorğusuna əsasən: Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 62955/2025 №-li məktubu ilə təqdim edilmiş; - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Arayış”da göstərilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi 1 saylı Bakı Ayaqqabı fabrikində işləmişdir. xx.xx.1998-ci il tarixdən fabrik özəlləşərək "xxxx" ASC yaradılmışdır. xx.xx.1999-cu il tarixdə "xxxx" ASC-yə verilmişdir. Fabrik varisinin möhürü təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli, 2128 №-li qərarından müəyyən olunur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən İİ qrup əlilliyə görə 2007-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-245138/2024 №-li qərarından müəyyən olunur ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbləri haqqında: xx.xx.1995-ci il tarixindən əmək haqqı hesablanmadığından xx.xx.1995-xx.xx.1999-cu illər sosial sığorta stajına daxil edilmir. Tələb olunan sosial sığorta stajı və xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı olmadığına görə yaşa görə əmək pensiya hüququ yaranmır. Sosial müavinət alır. TƏTBİQ EDİLƏN HÜQUQ. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə): ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ... - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. ... - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: ... Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: … 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; … 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir … 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; … 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir;
MƏHKƏMƏNİN MÖVQEYİ.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1958-ci il təvəllüdlü iddiaçının xx.xx.2019-cu il tarixində 61 yaşı tamam olmuşdur. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı) Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1976cı il tarixədək təhsil almışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət xx.xx.1973-cü il tarixdən nəzərə alınır. Ümumməlum arqument odur ki, SSR dövründə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Göründüyü kimi iddiaçının təhsil müddəti xx.xx.1973-xx.xx.1976-cı il tarixləri əhatə edir ki, həmin müddət (02 il 11 ay) iddiaçının iş stajına əlavə olunmalıdır. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə qeyd edir ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Belə ki, iddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Əmək kitabçasında olan qeydlərdən də göründüyü kimi iddiaçının 6 №-li Texnoloji Sexdə iş stajı 04 il, 01 ay, 01 gün və 1 №-li Bakı Ayaqqabı Fabrikində iş stajı 19 il, 10 gün olmaqla ümumilikdə əmək kitabçasında qeydlər əsasında iş stajı 23 il 01 ay 11 gün təşkil edir. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsasını isə "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli arayışına əsasən adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 21 il 7 ay 11 gün təşkil etməsi təşkil edir. Bununla bağlı isə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş arayışa baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən arayışda həm də İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi 1 saylı Bakı Ayaqqabı fabrikində işləməsi ilə bağlı mötəbər qeydlər vardır. Eyni zamanda məhkəmə həm də onu qeyd edir ki, xx.xx.1998-ci il tarixdən fabrik özəlləşərək "xxxx" ASC yaradılmışdır. xx.xx.1999-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən əmək haqqı cədvəllərinin natamam təqdim edilməsi iddiaçının ziyanına şərh edilsə bilməz. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq sənədlərin idarədə arxivində saxlanılması və ya arxivə təhvil verilməsi vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Eyni zamanda məhkəmə bir daha qeyd edir ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1980-1999-cu illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Qeyd olunmalıdır ki, iddiaçının təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (təhsil müddəti - xx.xx.1973-xx.xx.1976 (02 il 11 ay) + əmək kitabçasında qeydlər əsasında iş stajı 23 il 01 ay 11 gün = 26 il 11 gün) çox təşkil edir. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunasından imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Belə olan halda cavabdeh inzibati orqanın üzərinə iddiaçıya 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-Ə-245138/2024 №-li qərarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya ona xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir.
İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev