Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6617/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçınun cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X4 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 3 ünvanında yerləşən şəxsi mənzilində qeydiyyatda olan X2 qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6617/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadına əsasən X4 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ünvan 3 saylı ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Keçmiş gəlini X4 yaranmış zərurətlə əlaqədar 04.02.2005-ci ildə onun mənzilinə qeydiyyata düşmüşdür. Lakin buna baxmayaraq həmin ünvanda heç vaxt yaşamamışdır. Bu hala qonşuluqda yaşayan yaxın qonşuları da şahiddir və bu barədə onlar 11.02.2020-ci il tarixdə səlahiyyətli orqanlara təqdim etmək üçün notarial qaydada ərizə vermişlər. İddiaçı dəfələrlə X1 öz istəyi ilə mənzilindən qeydiyyatdan çıxmasını tələb etsə də, O buna əhəmiyyət verməmişdir. Qərəzli olaraq bu məsələ ilə bağlı heç bir addım atmamışdır. İddiaçı əlavə olaraq bildirir ki, X2 yuxarıda qeyd olunan mənzilə dair heç bir istifadə hüququnun olmadığı Nərimanov rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2 (005)-1674/2020 saylı qətanməsi ilə sübuta yetirilmişdir. Qətnamədən narazı qalan X4 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(103)-2380/2021 saylı qətnaməsi ilə Nərimanov məhkəməsinin məlum qətnaməsi qüvvəsində saxlanılmışdır və artıq qanuni qüvvəsini almışdır. Onun adının iddiaçının mənzilində hazırda qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırdığından o aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək X2 adının mülkiyyətində olan mənzildən çıxarılmasını xahiş etmişdir. Lakin Polis İdarəsi iddiaçının ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hiddiaçı hsab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır. Belə ki, imtina məktubunda qeyd olunur ki, şəxsin adının qeydiyyatdan çıxarılması üçün zəruri olan sənədlərdən biri istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur və belə bir qərar iddiaçıda var. Bu səbəbdən hesab edirlər ki, iddia əsaslıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu ünvan 5 ünvana göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, №116447 saylı qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Moskva prospekti, 105 №li evin 10 saylı mənzili İddiaçınun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 590 №li reyestr kitabında 88552-ci səhifədə 30 N159 saylı qeydiyyat nömrəsilə ilə 02 noyabr 1998-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 03.02.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, 10.07.1975-ci il təvəllüdlü X5, 27.10.1981-ci il təvəllüdlü X10, 18.09.1989-cu il təvəllüdlü X4, 26.08.1997-ci il təvəllüdlü X3, 20.08.2009-cü il təvəllüdlü X11, 04 fevral 2005-ci il tarixdən İddiaçı Əli qızına məxsus ünvan 3 ünvanında qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən verilmiş 01.12.2020-ci il tarixli, 078-28321B saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad olunaraq, qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlərin tələb olunduğu, əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından ünvan 7 ünvanında yerləşən 10 saylı mənzilin hal-hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlərin, həmçinin İddiaçı adına Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 116447 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105 B, 10 saylı mənzilə dair alqı satqı müqaviləsi təqdim edilmişdir. Qeyd olunan 25 oktyabr 1997-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə X7 arasında Bakı şəhəri, Moskva prospekti, ev105 B ünvanda yerləşən 10 saylı mənzilin alqısatqısına dair müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanan 06 may 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılmış və bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2380/2021 saylı 22 fevral 2021-ci il tarixl qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(005)-1674/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıldığı, hal-hazıra kimi qeyd olunan qətnamədən kassasiya şikayətinin daxil olmadığı, mülki işin 28.04.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarıldığı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2380/2021 saylı 22 fevral 2021-ci il tarixl qətnaməsinin Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, H.Əliyev prospekti, ev 105 B ünvanında yerləşən 10 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, 18.09.1989-cu il təvəllüdlü X4 04.02.2005-ci il tarixdən bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin Nərimanov məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən qeyd olunan mənzilə dair heç bir istifadə hüququnun olmadığı, qeydiyyatının formal olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X2 iddiaçıya məxsus ünvan 3 ünvanında yaşamadığı halda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, H.Əliyev prospekti, ev 105 B ünvanında yerləşən 10 saylı mənzildən X2 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6617/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6617/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver