Məhkəmə qərarları › İş №2-1(112)-6617/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6617/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6617/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Səbail Rayon İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Səbail Rayon İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi, ev 21 A ünvanında yerləşən sahəsi 128,94 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Səbail Rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 2016-cı ildə hərrac vasitəsilə ünvan 1 ünvanında yerləşən faktiki ölçüsü 128,94 kv.m. olan qeyri-yaşayış sahəsini almışdır, həmin qeyri-yaşayış sahəsi təxminən 60-70 ilin tikilisidir və iddiaçı alarkən həmin ölçü mövcud olmuşdur, lakin daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda qeyri-yaşayış sahəsi 88,1 kv.m göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tələb olunan bina və qurğuların layihələndirilməsinə lisenziya verilən “Mülkiyyətçi-Layihə“ Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 19 yanvar 2017-ci il tarixli, İN \L-60\2017 qeydiyyat nömrəli lisenziyası əsasında qeyri-yaşayış sahəsinin mövcud dəqiqləşdirmə planı hazırlanmışdır. Həmin planda da qeyri yaşayış sahəsinin mövcud 128,94 kv.m olduğu müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiya tərəfindən 19 fevral 2021 -ci il tarixində tərtib edilmiş aktdan da görünür ki, yerində yenidən ölçmə zamanı müəyyən edilmişdir ki, Səbail rayonu, Mirzə Mustafayev küçəsi 21 A ünvanında yerləşən texniki norma qaydalarına uyğun aparılmış işlər nəticəsində qeyr-yaşayış sahəsinin faktiki olaraq ümumi sahəsi 128,94 kv.metrdir. Həmçinin Səbail rayon İcra Hakimiyyəti başçısının 18 mart 2021 -ci il tarixli, 46 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 128,94 kv.metr hesab edilməsi və sərəncamın sürətlərini ona, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Səbail rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasına əlavə inşa edilmiş hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli və xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına sonradan inşa edilmiş əlavə sahəyə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi) təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, ünvan 4 ünvanında yerləşən sahəsi 88.1 kv.m olan qeyri-yaşayış binası (0.00652 kv.m torpaq sahəsi üzərində mülkiyyət növü: xüsusi, hüququn növü: mülkiyyət) İddiaçı olunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013- cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdınlmasını və təsdiqlənməsini təmin edir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surəti. - xx.xx.2016-cı il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının Texniki Pasportunun surəti. - Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 46 saylı Sərəncamın surəti. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi, ev 21 A ünvanında yerləşən 88.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 46 saylı Sərəncamına əsasən İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 123.94 kv.m hesab edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi, ev 21 A ünvanında yerləşən sahəsi 128,94 kv.m olan, yəni əlavə olaraq inşa edilmiş 40.84 kvm tikiliyə dair qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənədi (artırılmış sahənin tikintialtı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi, müvafiq icra hakimiyyəti orqanının tikintiyə və istismara icazəni və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə, Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. İddiaçı həmin sahəyə dair hüquq müəyyənedici sənəd kimi Səbail RİH başçısının xx.xx.2021-ci il tarixli, 46 saylı sərəncamına istinad edir. Göründüyü kimi qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə istinad edilən Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını, qeyri-yaşayış sahəsinin istismara qəbul aktını, habelə əlavə tikilinin yerləşdiyi topraq sahəsinə dair hüquqmüəyyənedici sənədi təqdim etməli olduğu halda bunu etməmişdir. İddiaçının təqdim etdiyi sərəncam (qeyri-yaşayış sahəsinin ölcülərinin dəqiqləşdirilməsinə dair) isə hüquqi təbiətinə görə hüquqların qeydiyyata alınması üçün yuxarıda sadalanan hüquqmüəyyənedici sənədləri əvəz edə bilməz. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi, ev 21 A ünvanında yerləşəni sahəsi 128,94 kv.m olan qeyri-yaşayış sahəsinə dair hüquqların qeydə alınması üçün yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlər mövcud olmadığından hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 7 ünvanında yerləşəni sahəsi 128,94 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar