Məhkəmə qərarları › İş №2-1(112)-6617/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6617/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6617/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 65 saylı evin 107 saylı mənzilin üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan mənzildə X2 yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin müraciətə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 243/2 saylı, xx.xx.1992-ci il tarixli 25 hərbiçiyə orderin yazılması haqqında sərəncamında mənzilin daimi və ya xidməti verildiyi barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 65 saylı evin 107 saylı mənzilinin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 65 saylı evin 107 saylı mənzili ona məxsusdur. Belə ki, bəhs edilən mənzil Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 243/2 saylı sərəncamı ilə ona ayrılmış və həmin sərəncam əsasında 04 may 1992-ci il tarixli 004721 nömrəli order verilmişdir. Mənzili hərbçi olaraq almış, lakin mənzil xidməti mənzil olmamaqla Müdafiə Nazirliyinin balansında deyil. Həmin sərəncam, order və tələb olunan digər sənədləri toplayaraq mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh təşkilat hüquqlarını qeydiyyata almaq əvəzinə ərizənin icrasından imtina etmişdir. İmtina əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İlk növbədə, mənzil xidməti olduqda buna dair xüsusi order verilir və həmin orderdə mənzilin xidməti mənzil olduğu öz əksini tapır. Orderdən görünür ki, bəhs olunan mənzil xidməti mənzil deyil. Bundan əlavə yuxarıda mənzil Müdafiə Nazirliyinin mənzil fonduna da daxil deyil. Cavabdeh təşkilat inzibati orqan olaraq bu halı yoxlamaq imkanına malik idi və yoxlamağa borclu idi. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və qeyd etmişdir ki, qeyd olunan mənzildə X2 yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin müraciətə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 243/2 saylı, xx.xx.1992-ci il tarixli 25 hərbiçiyə orderin yazılması haqqında sərəncamında mənzilin daimi və ya xidməti verildiyi barədə hər hansı məlumat qeyd edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 69.9 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 243/2 nömrəli sərəncamından görünür ki, “Nümunəvi Qaydalar”ın 33-cü bəndinə əsasən Bakı qarnizonu nəzdində hərbiçilərinə verilmiş 25 mənzilin siyahısı təsdiq edilmiş və adları siyahıda olan 25 hərbiçiyə order yazılması qərara alınmışdır. Yasamal rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 004721 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında 3 otaqlı, yaşayış sahəsi 39,6 kv.metr olan 107 saylı mənzil İddiaçı Mehdi oğlunun istifadəsinə verilmiş, orderdə onun, arvadı V.Allahyarova, oğulları A.Allahyarov və G.Allahyarovun adı qeyd edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyinin 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin xx.xx.2018-ci il tarixli, 378 nömrəli arayışından görünür ki, Krilov küçəsi 65, mənzil 107 hal-hazırda Ə-Cəmil küçəsi 65, mənzil 107-dir. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, H.Məcidov küçəsi (Ə.Cəmil küçəsi) ev 65 mənzil 107-nin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 39.6 kv.metr, faktiki 39.7 kv.metr təşkil edir. Mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Mənzil layihəyə uyğun tərtib edilib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli,18/2-26216/2024 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 107 saylı mənzildə hazırkı tarixədək qeydiyyatda olan şəxslər, onların qeydiyyata alınma və qeydiyyatdan çıxma tarixləri barədə heç bir məlumat aşkar olunmamışdır. İddiaçı hazırda müvafiq sərəncam və orderə istinad edərək, 107 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İstinad olunan normalardan görünür ki, dövlət tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş mənzillərin özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu ilə tənzimlənir. Həmin qanuna görə isə yalnız Azərbaycan Respublikasının vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzillərin özəlləşdirilməsi hüququ mövcuddur. Belə ki, Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının deyil, Qazaxıstan Respublikasının vətəndaşıdır və o, mübahisəli mənzildə yaşamamış, yaşayış yeri üzrə həmin mənzilə qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən ona dövlət mənzil fondundan ayrılmış 107 saylı mənzili özəlləşdirmək hüququna malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar