Məhkəmə qərarları › İş №2-1(112)-6619/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6619/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6619/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası məcburi köçkün statusuna malikdir. İddiaçı hesab edir ki, ona məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, onun atası məcburi köçkün statusuna malik olduğundan, onun məcburi köçkün statusunu tələb etmək hüququ yaranır. Cavabdehin etirazı: Cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanı xx.xx.2001-ci il tarixdə iddiaçının atası X1 adına qeydiyyata alınmışdır. Həmin arayışa əsasən X3 yuxarıda qeyd olunandan əlavə fərqli tarixlərdə ayrıca yaşayış sahələri əldə edərək sonradan özgəninkiləşdirmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı anadan olmasından əvvəl, yəni xx.xx.2001-ci il tarixdən atası X1 adına qeydiyyata alnmış ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçının atası Ağdam rayonundan məcburi köçkün düşmüşdür. AZE 08919514 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının atası ünvan 2 ünvanında qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş və hal-hazırda aktiv statusda olmayan AZE 11722152 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının atası X3 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Həmin şəxsiyyət vəsiqəsi xx.xx.2003-cü il tarixdə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2001-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və iddia tələbinə münasibətdə təqdim olunan etirazın məzmununda cavab verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı doğulmamışdan əvvəl, yəni xx.xx.2005-ci il tarixədək (xx.xx.2001-ci il tarixdə) atası X3 ünvan 3 ünvanında yerləşən ayrıca yaşayış sahəsini əldə etmiş və həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı maddəsinin tələbi baxımından iddiaçının tələbi əsaslı deyildir. Məhkəmə hesab edir ki, iddiaçı doğulan zaman atasının mülkiyyətində mənzil olmaqla həmin ünvanda qeydiyyatda olduğundan, onun məcburi köçkün kimi qəbul edilməsi qanunvericilik baxımından mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin 2-1(102)-3300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən məktubdan göründüyü kimi iddiaçı doğulmamışdan əvvəl, yəni xx.xx.2003-cü il tarixədək (xx.xx.1997-ci ildə) atası Nümayəndə ünvan 3 ünvanında yerləşən ayrıca yaşayış sahəsi əldə etmiş və həmin ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarının 4.2.6-cı maddəsinin tələbi baxımından iddiaçının tələbi əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı doğulan zaman atasının mülkiyyətində mənzil olmaqla həmin ünvanda qeydiyyatda olduğundan, onun məcburi köçkün kimi qəbul edilməsi qanunvericilik baxımından mümkün deyildir.” İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar