Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-662/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən ona verilmiş xx.xx.2014-cü il tarixli, 027382 nömrəli diplomun, verilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi əsasında ilk cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-cı ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olmuş, hal-hazırda öz ailəsi ilə birlikdə yaşayır. 2005-ci ildə Ağsu şəhər 3 caylı orta məktəbini bitirmiş, hal-hazırda Bakıda 5 nömrəli doğum evində tibb bacısı işləyir. Universitetdən əvvəl 2 saylı tibb kollecini qırmızı diplomla bitirmişdir. 2007-ci ildə imtahan verərək Xarkov Milli Tibb Universitetinin “Müalicə İşi” ixtisasına daxil olmuş və 2013-cü ildə həmin universiteti bitirərək xx.xx.2014-cü il tarixli Dİ № 027382 nömrəli diplomu almışdır. Hal-hazırda isə o, həmin diplomla ixtisası üzrə heç bir yerdə işləyə bilmir, səbəb isə onun diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır. O, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etsə də, cavab olaraq imtina verilmişdir. Təhsil Nazirliyindən diplomun tanımamasına səbəb isə onun ali təhsil sənədlərinin araşdırılması zamanı Ukrayna Respublikası Xarkov Milli Tibb Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması və həmin müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyin qeyri-mümkün olması əsas gətirilmişdir. Lakin o, Ukrayna Respublikası Xarkov Milli Tibb Universitetinin tələblərinə və qaydalarına uyğun olaraq təhsil almış, təhsil müddəti ərzində isə o, hər bir kurs üçün tələb olun tədris müddəti qədər həmin ölkədə, təhsil aldığı Xarkov şəhərində olmuş, buna görə də ona diplom verilmişdir. Hazırda ona verilən diplomun da Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması onun təhsil hüquqlarının pozulması deməkdir. Hesab edir ki, Təhsil Nazirliyinin ona verilən diplomun tanınmasından imtina etməsi qanunsuz və əsassızdır, diplomun tanınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddia ərizəsinə əlavə olunan diplom və qiymət cədvəllərindən də görünür ki, o, Ukrayna Respublikası Xarkov Milli Tibb Universitetinin “Müalicə işi” ixtisasında təhsil almış və bu barədə ona xx xxxx 2014-cü il tarixdə diplom verilmişdir. Həmçinin həmin diplomla yanaşı onun təhsil müddəti ərzində imtahanlardan aldığı qiymətləri əks etdirən qiymət cədvəli verilmişdir. Həmin diplom Ukrayna Respublikasında x xxxxxxx 1961-ci il Haaqa Konvensiyasına əsasən Təhsil Nazirliyi adından Kiyev şəhərində Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil olunmuşdur. Azərbaycan Respublikası x xxxx 2005-ci ildə həmin Konvensiyaya qoşulmuşdur. Həmçinin Ukrayna Respublikası həmin Konvensiyaya qoşulmuşdur. Haaqa Konvensiyasına qoşulan ölkələrdə verilən diplomlar “apostil" möhürü ilə leqallaşdırılmalıdır. Konvensiyanın tələblərinə uyğun olaraq Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 027382 nömrəli diplomu elə həmin ölkədə apostil möhürü ilə Ukraynanın Təhsil və Elm Nazirliyi tərəfindən leqallaşdırılmışdır. Bu artıq həmin diplomun Ukrayna Respublikasında tanınması deməkdir. Çünki Konvensiyaya görə apostil (fr.Apostile)-rəsmiləşdirmə formasının tələb etdiyi ölkələrdə sənədin təqdim edilməsi üçün onun qanuniliyinə dair məlumatların doldurulması üzrə beynəlxalq standart formadır. Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 027382 nömrəli diploma elə həmin ölkənin səlahiyyətli qrumu (Təhsil nazirliyi) apostil vurduğuna görə, bu artıq həmin diplomun Ukrayna Respublikasında tanınması deməkdir. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Respublikası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Ukrayna Respublikasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilin 1-ci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Ukrayna Respublikasının qanunvericiliyinə əsasən qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifıkasiyaya uyğun olaraq tanınır. Hal-hazırki məqamda Təhsil nazirliyi universitetin tədris sisteminə müdaxilə edə bilməz. Hər bir fəaliyyət göstərən universitet həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənir. O isə hal-hazırda universitetin tədris yükünü mənimsəmiş və lazımı peşə biliklərinə yiyələnmişdir. Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydalarının 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Hesab edir ki, ali təhsil müəssisəsi kimi Ukrayna Respublikasında qanuni şəkildə fəaliyyət göstərən Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 027382 nömrəli diplom Ukrayna Respublikası tərəfindən tanınırsa və apostil möhürü ilə təsdiq olunursa, cavabdeh qurum qanuni əsas olmayan bəhanə ilə diplomu tanımaqdan imtina edə bilməz. Bu səbəbdən cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı mütəxəssis diplomu (2007-2013) üzrə aldığı “Ümumi tibb” ixtisasının ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilmişdir ki, Xarkov Milli İqtisad Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Müvafiq icra hakimiyyəti orqanından əldə edilən məlumata əsasən, iddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 7 ay 24 gün, İİ il - 4 ay 4 gün, İİİ il - 2 ay 18 gün, İV il - 4 ay 5 gün, V il - 2 ay 11 gün, Vİ il - 2 ay 19 gün). Göründüyü kimi, Ukraynanın qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. İddiaçı tədris prosesində az iştirak etdiyi üçün onun təhsilinin mənzmunu dövlət təhsil standartlarına uyğun hesab olunmur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan X6 Tibb Universiteti tərəfindən xx xxxx 2014-cü ildə verilmiş Dİ seriyalı 027382 nömrəli mütəxəssis diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2007-ci ildə X7 Universitetinə daxil olmuş, 2013-cü ildə X7 Universitetini bitirərək “Müalicə işi” ixtisası üzrə tam ali təhsil almışdır. xx xxxx 2014-cü il tarixli Dövlət İmtahan Komitəsinin qərarı ilə ona Tibb elmləri doktoru titulu ilə “Həkim” ixtisası verilmişdir. X8 və Təhsil Nazirliyi tərəfindən xx xxxxxx 2016-ci il tarixdə A-58067-16 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifiksaiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-cı il tarixli 1397/ANİ saylı məktubda qeyd edilir: Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Xarkov Milli Tibb Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyrimümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən Sizin adınıza verilmiş Dİ 027382 nömrəli xx.xx.2014-cü il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi xx.xx.2017-ci il tarixli ekspert rəyində qeyd olunur: Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən İddiaçı adına verilmiş Dİ 027382 nömrəli xx.xx.2014-cü il tarixli ali təhsil haqqında sənəddə tədrisin müddəti 2007-2013-cü illər qeyd olunmaqla həkim ixtisası üzrə təhsil aldığı bildirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Xarkov Milli Tibb Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, Ukrayna Respublikası Xarkov Milli Tibb Universiteti tərəfindən İddiaçı adına verilmiş Dİ 027382 nömrəli, xx.xx.2014-cü il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli 33/3789 saylı məkubundan görünür ki, İddiaçı 2007-2016-cı illər ərzində Ukrayna Respublikası istiqamətində dövlət sərhədindən hərəkəti barə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2007-ci il çıxış Ukrayna - xx.xx.2007-ci il giriş Ukrayna, xx.xx.2008-ci il çıxış Ukrayna - xx.xx.2008-ci il giriş Ukrayna, xx.xx.2008-ci il çıxış Ukrayna - xx.xx.2008-ci il giriş Ukrayna, xx.xx.2009-cu il çıxış Ukrayna - xx.xx.2009-cu il giriş Ukrayna, xx.xx.2009-cu il çıxış Ukrayna - xx.xx.2009-cu il giriş Ukrayna, xx.xx.2010cu il çıxış Ukrayna - xx.xx.2010-ci il giriş Ukrayna, xx.xx.2010-ci il çıxış Ukrayna xx.xx.2010-cu il giriş Ukrayna, xx.xx.2010-cu il çıxış Ukrayna - xx.xx.2010-cu il giriş Ukrayna, xx.xx.2011-ci il çıxış Ukrayna - xx.xx.2011-ci il giriş Ukrayna, xx.xx.2011-ci il çıxış Ukrayna - xx.xx.2011-ci il giriş Ukrayna, xx.xx.2011-ci il çıxış Ukrayna - xx.xx.2011-ci il giriş Ukrayna, xx.xx.2011-ci il çıxış Ukrayna - xx.xx.2011-ci il giriş Ukrayna, xx.xx.2012ci il çıxış Gürcüstan - xx.xx.2012-ci il giriş Ukrayna, xx.xx.2012-ci il çıxış Ukrayna xx.xx.2012-ci il giriş Ukrayna, xx.xx.2013-cü il çıxış Ukrayna - xx.xx.2013-cü il giriş Ukrayna, xx.xx.2014-cü il çıxış Ukrayna - xx.xx.2014-cü il giriş Ukrayna, xx.xx.2015-ci il çıxış Ukrayna - xx.xx.2015-ci il giriş Rusiya. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir; 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır; 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi; 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir; 1.5-ci bəndinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir; 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir; 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər; 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-ci bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Məhkəmə tərəfindən müəyyən edildi ki, X5 Tibb Universiteti tərəfindən xx xxxx 2014cü ildə verilmiş Dİ seriyalı 027382 nömrəli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı 2007-ci ildə X7 Universitetinə daxil olmuş, 2013-cü ildə X7 Universitetini bitirərək “Müalicə işi” ixtisası üzrə tam ali təhsil almışdır. İddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etsə də, Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğu üçün, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilmədiyi üçün cavabdeh tərəfindən müraciəti təmin edilməmiş, imtina cavabı verilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli ekspert rəyi də tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X6 Tibb Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün həmin ölkədə qısa müddət ərzində olmuşdur. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, bu baxımdan qısa müddətə tədris proqramını yerinə yetirmək qeyri-mümkündür. İddiaçı ali təhsil müəssisəsinin normativi qarşılığında həmin ölkədə qısa müddət olduğu üçün tədris proqramının yerinə yetirilməsi baxımından təhsilin müddətinin yetərli olmaması səbəbi ilə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-662/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-662/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver