Məhkəmə qərarları › İş №2-1(112)-6623/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6623/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6623/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əskik hesablanmış məbləğin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyaları hesablanarkən pensiya kapitalının qeyri-qanuni olaraq 2-ə bölünməsi nəticəsində əskik hesablanmış məbləğin (indeksasiya və artımlar nəzərə alınmaqla) pensiyalarına əlavə edilməsi və 01 iyul 2017-ci il (müvafiq fərmanın müvafiq bəndinin qüvvədən düşdüyü) tarixdən indiyədək olan müddətdə pensiyalarına əskik hesablanmış məbləği (indeksasiya və artımlar nəzərə alınmaqla) hesablayaraq onlara ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6623/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əskik hesablanmış məbləğin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş iddiaçı X2 aid hissədə ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh ona təyin edilmiş pensiyanı hesablayarkən fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalını səhv hesablamışdır. Ona pensiya hesablanmasında toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinə (144 aya) bölündükdən sonra qeyri-qanuni olaraq yenidən 2-yə bölünmüş və beləliklə, 50% əskik hesablanmışdır. O, bu barədə cavabdehə müraciət etsə də, cavabdeh cavab məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli fərmanının 2.9-cu bəndinin2017-ci ilin 01 iyul tarixinədək qüvvədə olmuş mətninin tələbi ilə izah etmiş və xahişi təmin edilməmişdir. Qeyd olunan bənddə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alındığı göstərilmişdir. Onun pensiya kapitalı 2-yə bölündüyü üçün indeksasiya və artımlar nəzərə alınmaqla hər ay üçün 29,98 manat əskik hesablanıb. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun 1.0.5-ci maddəsi hərbi qulluqçulara aiddir və mülki şəxslərə şamil edilə bilməz. Buna baxmayaraq, həmin fərmanın həmin bəndinin qüvvədən düşdüyü 01 iyul 2017-ci il tarixədək olan dövr üçün iddialı deyil və iddia edir ki, ən azından həmin 01 iyul 2017-ci ildə həmin fərmanın həmin bəndinin qüvvədən düşdüyü tarixdən pensiyasının əskik hesablanmış hissəsi bərpa edilməli və həmin tarixdən indiyədək əskik hesablanmış məbləğ indeksasiya və artımlar nəzərə alınmaqla ona qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2016cı il tarixdə təyin edilmişdir. İddiaçının sosial sığorta stajı xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək fəaliyyət dövrü, xx.xx.1971 -ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı dövr, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilməklə 35 il 3 ay 10 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində 10605.47 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçının əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 35 il 3 ay 10 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital (2019-cu il üzrə) və sığorta hissə: SH=(35.25x170+8.3%+16.7%20.8%+1.5%+5.7%+7.9%+1.1%+2.4%+1.4%+4%+12.4%+5 .7%)/144=95.53. 2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın məbləği xx.xx.2019-cu il tarixinə indeksləşdirilməklə 5235.43 manat təşkil edir: SH=5083.2/144=35.30. Pensiyanın ümumi məbləği: xx.xx.2019- 119.76+39.23+95.53=254.52; xx.xx.2020 - 254,52+16,6%=296.77; xx.xx.2021 - 296.77+11,4%=330.61; xx.xx.2022-330.61+3.4%=341.85. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən əmək pensiyasının məbləği düzgün hesablanmış, iddiaçının hər hansı hüququ pozulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 21 dekabr 2021-ci il tarixdə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına, 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabına sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Araşdırma məlumatına əsasən bildiririk ki, Sizə hüququnuzun yarandığı xx.xx.2016-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək 35 il sığorta stajınız və 2006-cı il 1 yanvar tarixindən sonrakı dövrə fərdi hesabınızda toplanmış 8529,86 manat pensiya kapitalı («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli fərmanının 2.9-cu bəndinin 2017-ci ilin 01 iyul tarixinədək qüvvədə olmuş mətninə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınırdı) nəzərə alınmaqla 219,41 manat məbləğində təyin edilmiş yaşa görə əmək pensiyanız hazırda 329,81 manat təşkil edir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyası). 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. (10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “ 170” rəqəmi “ 306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Həmin maddənin indiki redaksiyasında deyilir: fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir). Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərmanına əsasən xx.xx.2017-ci il tarixə qədər əmək pensiyaları hesablanarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi vətəndaşların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Qanuna edilmiş dəyişikliklərdən sonra əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən sonra yaranmış vətəndaşların pensiya məbləği hesablanarkən fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi qeydə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2006-cı ilədək sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə isə fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası hesablanaraq təyin edilmişdir. İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə uyğun olaraq ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasını və yaranmış fərq məbləğinin ona ödənilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçıya əmək pensiyası xx.xx.2016-cı il tarixdə təyin edilmiş və həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq hesablanmışdır. Bu səbəbdən də məhkəməyə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar