Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6625/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun ekvivalentliyinin müəyyyən edilməsi və ixtisasın tanınması” tələbinə dair iddiası üzrə inzibati işə 19 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi Cəbrayıl Rayon Məhkəməsində tərcüməçi, xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilə kimi Cəbrayıl Rayon Məhkəməsində iclas katibi vəzifəsində işləyib. Cəbrayıl Rayon Məhkəməsinin 01 noyabr 2007-ci il tarixli 10 saylı əmri ilə Ali təhsilli hüquqşünas kimi məsləhətçi (iclas katibi) vəzifəsindən böyük məsləhətçi vəzifəsinə keçirilib və hal-hazırda da Cəbrayıl Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyir. İddiaçıya xx.xx.2003-cü ildə 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2014-cü il tarixdə isə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakültəsinə hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəyə qəbul olub və 2007ci ildə “hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas dərəcəsi alıb. Rusiya Federasiyası Dağıstan Dövlət Unİverisiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdə 591 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* seriyalı diplom ilə ona “hüquqşünaslıq” ixtisası üzrə hüquqşünas dərəcəsi verilmişdir. İddiaçının diplomu Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2008ci il tarixli 90410 nömrəli Apostilə əsasən təsdiq edilmişdir. Apostil xx.xx.2008-ci il tarixli ДИС ******* saylı ali təhsil barədə diploma əlavəyə vurulmuşdur. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ДИС ******* saylı diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması haqqında qərar qəbul etmişdir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, Ə-430/03-TKTA saylı imtinasının əsassız hesab edilərək, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdə verilmiş və 591 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* seriyalı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakultəsində hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbədə oxuduğu vaxtı Dağıstan Dövlət Universitetinin çağırış arayışı əsasında Cəbrayıl Rayon Məhkəməsinin sədrinin daxili əmrləri ilə imtahan sessiyalarında iştirak etmək üçün ona ödənişli əlavə məzuniyyət verilmiş və imtahan sesiyalarında iştirak edib. Cavabdehin verdiyi imtina əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müraciət edən zaman ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında olmadığı məlum olmuşdur. Bundan başqa sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmənin 7.04.2023-cü il tarixli iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün olmaqla ünvan 1 ünvanında məskunlaşmışdır. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Cavabdeh iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək ona xx.xx.2010-cu il tarixli məktubla onun müraciətinin cavablandırıldığı bildirilmişdir. Lakin həmin məktubun iddiaçıya təqdim edilməsinə dair cavabdeh hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu isə iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmış (poçt xəbərnaməsi əlavə edilmişdir) iddiaçı isə iddia ərizəsini xx.xx.2023-cü il tarixdə verərək iddia müddətini ötürməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Baxılan işdə iddiaçı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fakutəsinə hüquqşünaslıq ixtisası üzrə ДИС ******* saylı diplom üzrə ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınmasını xahiş edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iki hala istinad etmişdir. 1) İddiaçı həmin Universitetin Bakı filialında təhsil aldığını qeyd etsə də, onun diplomunda və heç bir sənədində Universitetin Bakı filialında təhsil alması göstərilməmişdir; 2) Həmin Universitetin Bakı filialının lisenziyası olmamış, filial qanunsuz fəaliyyət göstərmişdir. Məhkəmə cavabdehin hər iki dəlili aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı Cəbrayıl Rayon məhkəməsində dövlət qullquçusu kimi işləmiş və təhsil müddətlərində imtahan sessiyalarında iştirak etmək üçün Universitetin çağırış arayışlarına əsasən ona məhkəmə sədrinin əmri ilə məzuniyyətlər verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2006-cı il tarixli məzuniyyət əmrindən görünür ki, iddiaçıya Dağıstan Dövlət Universitetinin Bakı filialında qış imtahan sessiyalarında iştirak etmək üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək haqqı ödənilən məzuniyyət verilmişdir. Bundan başqa cavabehin iddia ərizəsinə yazılı etirazına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Dağıstan Dövlət Universitetindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2010-cu il tarixli 18-22/428 №-li məktubda bildirilmişdir ki, iddiaçı 2001-2007-ci illərdə Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almış, ona hüquqşunsalıq ixtisası üzrə 591 reyestr nömrəli, ДИС ******* saylı, xx.xx.2007-ci il tarixli diplom verilmişdir. Göründüyü kimi iddiaçının Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil alması iş materiallarına əlavə edilmiş, həmçinin cavabdehin etiraz ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Məhkəmə cavabdehin etirazının əsası kimi istinad etdiyi ikinci halla, yəni Universitetin Bakı filialınını lisenziyasının olmaması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına”nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.İstinad edilən normaya görə mənfi rəyin verilməsi üçün üç əsasdan biri olmalıdır: 1) alınmış təhsilin normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) alınmış təhsilə görə diplomda verilən hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda; 3) alınmış təhsilin forması ilə bağlı Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materialları ilə istinad olunan hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı qısaldılmış müddət üzrə qiyabi ali təhsil almış və bununla bağlı ona diplom verilmişdir. Cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Cavabdeh inzibati orqan yalnız iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyini, yəni Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən fəaliyyət göstərdiyini bildirməklə imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, analoji işlər üzrə qanuni qüvəyə minmiş məhkəmə qərarlarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.” Beləliklə, həmin məhkəmə qərarı ilə filial tərəfindən 2007-ci ilədək verilmiş diplomlar, o cümlədən hazırkı işdə iddiaçıya Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bununla bağlı iddiası rədd olunmuşdur. Deməli, həmin diplom hazırda etibarlıdır və qüvvədədir. Digər tərəfdən, 20 iyun 2007-ci il tarixli məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir. Bununla da əslində hüquqi dövlət və şəxsin etimad hüququnun qorunması prinsiplərinə uyğun olaraq həmin məhkəmə qərarı ilə fəaliyyəti dayandırılana qədər təhsil müəssisəsinin fəaliyyətinin və həmin dövrə qədər onun tərəfindən verilmiş təhsil sənədlərinin legitimliyi təsdiq olunmuşdur. Bununla da həmin təhsil müəssisəsində təhsil alan tələbələrin təhsil aldığı dövrlər qanuni sayılmış, buna görə də filialın fəaliyəti dayandırılıqdan sonra onlara təhsillərini başa vurmalarına şərait yaradılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının diplomunun tanınmasından imtina üçün istinad etdiyi bu dəlili də əsaslı sayıla bilməz. Məhkəmənin bu mövqeyi analoji işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən nümayiş etdirilən məhkəmə təcrübəsinə də uyğundur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06 iyun 2007-ci il tarixli qərarı ilə xx.xx.2007-ci il tarixdə verilmiş və 591 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* seriyalı diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6625/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6625/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver