Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6627/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanin ödənilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbirz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı 1986 kq əmlakının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi tarifə uyğun yəni bir kiloqramı üçün 1 manat 20 qəpik, ümumilikdə 2383 manat 20 qəpik pulun kompenssasiyasının ona ödənilməsinin Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Naxçıvan şəhərindən Bakı şəhərinə daşıdığı 1986 kq əmlakının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi tarifə uyğun yəni bir kiloqramı üçün 1 manat 20 qəpik ümumilikdə 2383 manat 20 qəpik pulun qalan hissəsini yəni 1488 manat 80 qəpik pul kompenssasiyasının ona ödənilməsinin Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində əsasən öz arzusu ilə Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. 2008-ci ildən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrdə xidmət etmiş və ailə üzvləri ilə birlikdə Naxçıvan MR ərazisində yaşamışdır. Ehtiyata buraxılarkən əmlakını Naxçıvan şəhərindən Bakı şəhərinə daşımışdır. Naxçıvan şəhərindən Bakı şəhərinə 1986 kq əmlakı 2383 manat 20 qəpik müqabilində (VÖEN nömrəsi **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə göndərmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 28 mart 2014-cü il tarixli, 132 nömrəli əmrinin 21-ci maddəsinə əsasən hərbi qulluqçulara 3000 kiloqramadək əmlakın daşınması üçün çəkilmiş xərcin ödənişi yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Azərbaycan Respublikası müdafiə nazirinin göstərilən əmrinin tələblərinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ******* nömrəli qaimə-fakturasını, 161328 nömrəli mədaxil qəbzini, yükdaşıma müəssisəsinin verdiyi göndəriş cədvəlini və çeki ehtiyata buraxıldığım hərbi hissəyə təqdim etmişdir. Bir müddət sonra hərbi hissədən daşıdığı yükün N (bir) kiloqramı üçün 40 qəpik ödəniləcəyi bildirilmişdir. Həmin məbləğ əmlakının daşınması üçün çəkdiyi xərcdən dəfələrlə az olduğundan o, xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə heç bir əsas olmadan yəni Müdafiə nazirinin əmr və qərarlarına zidd olaraq müdafiə nazirinin müvafiq əmrində yükdaşıma müəssisələrinin tariflərinin əsas götürüldüyünü göstərmələrinə baxmayaraq özlərinin yəni Maliyyə və Büdcə İdarəsinin mütəxəssislərinin müvafiq yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tariflərinin müəyyən edildiyi və maliyyələşmələr zamanı həmin tariflərin əsas götürüldüyünü bildirmişlər. Azərbaycan Respublikası müdafiə nazirinin 28 mart 2014-cü il tarixli, 132 nömrəli əmrinin 21-ci maddəsinə əsasən hərbi qulluqçulara 3000 kiloqramadək əmlakın daşınması üçün çəkilmiş xərcin ödənişi yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Burada müvafiq yükdaşıma müəssisəsi onun əmlakını daşıyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdir. Yükün daşınmasının qiymətini yəni yükdaşıma tarifini həmin müəssisə müəyyən etməlidir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin mütəxəssislərinin müvafiq yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması deyil. Qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Naxçıvan şəhərindən Bakı şəhərinə ən aşağı tariflərlə yükdaşıyan müəssisədir. Həmin müəssisə 2008-ci ildən fəaliyyət göstərir və Bakı- Naxçıvan yükdaşıma tarifləri 1 kiloqram üçün 1 manat 20 qəpik nəzərdə tutulmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Cavabdeh inzibati orqanların iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, Qanunlardan, Məcəllələrdən, Prezident Fərmanlarından, Nazirlər Kabinetinin Qərarlarından və beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, həmçinin xidməti yerdəyişmələr zamanı hərbi qulluqçuların əşyalarının daşınması xərclərinin ödənilməsi öz əksini tapmamışdır. Daşınma xərclərin qarşılanması üzrə güzəştlər aşağıdakı normativ hüquqi aktlarda qismən öz əksini tapmışdır: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində qeyd edilmişdir: “Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 № li Qərarının “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 3-cü maddəsində qeyd edilmişdir: “hərbi xidmətdən tərxis olunmuş zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə işdən çıxarma pulu ödənilir.” Yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, həmçinin xidməti yerdəyişmələr zamanı hərbi qulluqçuların əşyalarının daşınması xərclərinin ödənilməsi - Azərbaycan Respublikası müdafiə nazirinin 28 mart 2014-cü il tarixli, 132 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatla və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” (35-ci maddə “Zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdənçıxma müavinəti verilir") ilə tənzimlənir. Qeyd olunan “işdənçıxma müavinəti” hərbi qulluqçunun ehtiyyata buraxılması ilə əlaqədar digər məsələləri və məsrəfləri qarşılamaq məqsədi ilə həyata keçirilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” təlimatın 21-ci maddəsinə əsasən hərbi qulluqçulara 3000 kiloqramadək əmlakın daşınması üçün çəkilmiş xərcin ödənişi yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. İddiaçının tələbinə əsasən, Naxçıvandan Bakıya 1986 kiloqram əmlakın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi tarixə uyğun, yəni 1 kiloqram üçün 1 manat 20 qəpik, ümumilikdə 2383 manat 20 qəpik pulun kompensasiya edilib ödənilməlidir. Yükdaşıma və karqo şirkətlərinin göstərdikləri xidmətlərin qiymətləri 30 may 2003-cü il tarixli 462-İİQ nömrəli “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmədiyi üçün, hərbi qulluqçulara yükdaşıma xərclərinin müəyyən edilməsi və ödənilməsi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin öhdəliyindədir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində satınalmanın ilkin mərhələsində “ehtimal olunan qiymətin müəyyənləşdirilməsi” tələbi qoyulmuşdur. Həmin Qanunun 19-cu maddəsində qeyd olunmuşdur: Satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir. Ehtimal olunan qiymətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 6 №-li Qərarında qeyd edilmişdir: Malların (işlərin, xidmətlərin) ixracı və idxalı əməliyyatları üzrə faktiki tətbiq olunan qiymətlərin reallığını müəyyənləşdirmək məqsədilə həmin ölkələrin müvafiq mallar (işlər, xidmətlər) üzrə bazar qiymətləri barədə məlumat mənbələrindən, habelə dünya bazar qiymətləri barədə məlumat mənbələrindən istifadə edilir. Kargo şirkətinin müəyyənləşdirdiyi tarif dərəcəsi Müdafiə Nazirliyi tərəfindən yaxın keçmişdə yüklərin daşınması ilə bağlı ödənilən kompensasiyaların orta statistik tarif dərəcəsinə əsasən normaldan artıq məbləği əks etdirir. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən ev əşyalarının kargo və ya digər daşınma şirkəti ilə daşınması zamanı statistik göstəricilər və ağlabatan məbləğ nəzərə alınmaqla təminedici maliyyə orqanı tərəfindən hər çəkiyə görə 40 qəpik nəzərdə tutulmuşdur. İddiaçı tərəf hər çəkiyə görə 1 manat 20 qəpik ödəniş edilməsini tələb edir. Bazar qiymətlərini araşdırarkən yükdaşıma və karqo müəssisələrinin müəyyən etdiyi tariflər fərqli məbləğləri əks etdirir. Bu tariflər əvvəlcədən araşdırılmalı, ağlabatan və daha münasib tarif dərəcəsi müəyyənləşdirilmiş yükdaşıma müəssisəsi tərəfindən daşınılmalı idi. Eyni istiqamət üzrə daşımaları həyata keçirmiş digər hərbi qulluqçular tərəfindən təqdim olunmuş sənədlərdə əks olunmuş tariflərlə sizin təqdim etdiyiniz sənədlərdə əks olunan məbləğlər arasında ciddi fərqlər var. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin mütəxəssisləri tərəfindən yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətlərinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tarifləri müəyyən edilmişdir və maliyyələşdirmə zamanı həmin tariflər əsas götürülmüşdür. Bu tariflərin müqayisəli təhlili zamanı daşınmaya görə hər çəkiyə 40 qəpik pul ödənilməsi müəyyənləşdirilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən iddiaçıya verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü iddiaçı Azərbaycan Respublikası, Qəbələ rayonu, Zarağan kəndində doğulmuşdur və xx.xx.2024cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2024-cü il tarixli, 289 nömrəli əmrindən çıxarışın surətində göstərilmişdir ki, “...mayor, maddi-texniki təminat bölməsinin əşya xidməti rəisi – iddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşıma hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilisin, hərbi xidmətdən ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 2024-cü ilin istifadə etmədiyi növbəti məzuniyyətinə 50 (əlli) təqvim günü verilməklə, xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, əşya və pul təminatından çıxarılsın. Hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilsin. - 2024-cü il yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. - Müdafiə nazirinin müavini X2 Komandanının xx.xx.2022-ci il tarixli 012 nömrəli əmri ilə 2 (iki) məharət dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının ehtiyata buraxılması ilə əlaqədar iki misli miqdarında birdəfəlik pul müavinəti və 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. 2024-cü ilin növbəti məzuniyyətindən 40 (qırx) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, AAU seriyalı, 161328 nömrəli mədaxil qəbzi və ******* nömrəli qaimə fakturasının surətlərindən müəyyən olunur ki, ümumilikdə çəkisi 1986 olan əmlakın daşınması üçün iddiaçı tərəfindən 2383 manat 20 qəpik ödəniş edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-19/2-A-22xx-xx/2024 nömrəli cavab məktubundan müəyyən olunur ki, müraciətdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən ev əşyalarının karqo şirkəti ilə daşınması zamanı hər çəkiyə görə 1 manat 20 qəpik ödənişin aparıldığı, lakin təminedici maliyyə orqanı tərəfindən 40 qəpik ayrıldığı bildirilmişdir. xx.xx.2016-cı il tarixli “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən karqo şirkətləri sürətli poçt xidməti fəaliyyəti ilə məşğul olan müəssisələrdir. - Azərbaycan Respublikası müdafiə nazirinin 28 mart 2014-cü il tarixli 132 nömrəli əmrinin 21-ci maddəsinə əsasən hərbi qulluqçulara 3000 kiloqramadək əmlakın daşınması üçün çəkilmiş xərcin ödənişi yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Eyni istiqamət üzrə daşımaları həyata keçirmiş digər hərbi qulluqçular tərəfindən təqdim olunmuş sənədlərdə əks olunmuş tariflərlə iddiaçının təqdim etdiyi sənədlərdə əks olunan məbləğlər arasında ciddi fərqlər vardır. Eyni zamanda təqdim edilən sənədlərə əsasən yüklərin birbaşa daşıyıcı tərəfindən deyil, həmin istiqamət üzrə daşıma işlərini təşkil edən karqo müəssisəsi tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. - Qeyd olunanlar nəzərə alınmaqla müdafiə nazirinin müvafiq əmrində yükdaşıma müəssisələrinin tarifləri əsas götürüldüyündən, Maliyyə və Büdcə İdarəsinin mütəxəssisləri tərəfindən müvafiq yükdaşıma müəssisələrinin göstərdikləri daşıma xidmətlərinin tariflərinin müqayisəli təhlili və bazar araşdırması nəticəsində orta yükdaşıma tarifləri müəyyən edilmiş və maliyyələşmələr zamanı həmin tariflər əsas götürülmüşdür. Məhkəmənin müvafiq sorğusuna əsasən: Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-19/2-2294/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “Naxçıvan şəhərindən Bakı şəhərinə daşınan 1986 kq əmlaka görə daşınma xərcinin, yəni "xxxx" şirkətinin müəyyən etdiyi tarifə uyğun olaraq, 1 kq üçün 1 manat 20 qəpik hesablanmaqla, ümumilikdə 2383 manat 20 qəpik məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. - Qeyd olunan məsələnin araşdırılması məqsədilə, hərbi qulluqçuların xidmət etdiyi N nömrəli hərbi hissəyə cari ildə daşınma xərclərinə görə təqdim edilən sənədlərin surətinin təqdim edilməsi üçün sorğu göndərilmişdir. - Məktubla təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AAÇ seriyalı, 461518 nömrəli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, daşıma xidmətlərinə görə 1 kq üçün 0,60 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-19/2-2386/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “Naxçıvan şəhərindən Bakı şəhərinə daşınan 1986 kq əmlaka görə daşınma xərcinin, yəni "xxxx" şirkətinin müəyyən etdiyi tarifə uyğun olaraq, 1 kq üçün 1 manat 20 qəpik hesablanmaqla, ümumilikdə 2383 manat 20 qəpik məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. - Qeyd olunan məsələnin araşdırılması məqsədilə, hərbi qulluqçuların xidmət etdiyi hərbi hissələrə cari ildə daşınma xərclərinə görə təqdim edilən sənədlərin surətinin təqdim edilməsi üçün sorğu göndərilmişdir. - Məktubla təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Tİ/2 seriyalı, 823620 nömrəli “Malların təhvil-qəbul aktı”nın surətindən müəyyən olunur ki, daşıma xidmətlərinə görə 1 kq. üçün 0,50 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. - Məktubla təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AAÇ seriyalı, 461928 nömrəli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, daşıma xidmətlərinə görə 1 kq. üçün 0,50 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Pul təminatı və maddi təminat hüququ
1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır.
2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
3. Ailəsində adambaşına gəliri Azərbaycan Respublikasında müəyyən edilmiş dolanacaq minimumundan aşağı olan hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və məbləğdə pul müavinəti ödənilir.
4. Hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rüsumlar sahəsində güzəştlərdən istifadə edirlər.
5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
6. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.
7. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Məhkəməni mövqeyi:
İşin hallarından müəyyən edilir ki, ehtiyata buraxılan hərbi qulluqçu olan iddiaçı xidmət etdiyi Naxçıvan şəhərindən Bakı şəhərinə köçərkən əmlakının karqo şirkəti vasitəsi ilə daşınmasına görə həmin yüklərin 1 kiloqramı üçün 1 manat 20 qəpik olmaqla, ümumilikdə 1986 kiloqram yük üçün ödədiyi 2383 manat 20 qəpik məbləğindən, 794,40 manatının cavabdeh tərəfindən ona ödənildiyinin nəzərə alınmaqla qalan 1488,80 80 manat məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdehin etirazından müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 mart 2014-cü il tarixli, 132 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatda göstərilir ki, Təlimat: 1.1. Azərbaycan Respublikasının Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin hərbi daşınmalar zamanı hüquq və vəzifələrini; 1.2. Müdafiə Nazirliyinin hərbi qulluqçularının, onların ailə üzvlərinin, mülki işçilərinin və onlara məxsus şəxsi əmlakın (ev əşyalarının), hərbi yüklərin daşınması qaydalarını; 1.3. hərbi daşınmalar zamanı nəqliyyat üçün ayrılmış pul vəsaitlərindən istifadəyə maliyyə nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən edir (1). Hərbi daşınmalar müvafiq sənədlər əsasında rəsmiləşdirilir və onlara görə lablaşmalar köçürmə və ya nəğd yolla aparılır (2). Müdafiə Nazirliyinin vəsaiti hesabına gediş-gəliş və ev əşyalarının daşınması üçün hərbi qulluqçulara, (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) onların ailə üzvlərinə, Silahlı Qüvvələrin mülki işçilərinə nəqliyyat xərcləri faktiki çəkilən xərclərə görə, lakin bu Təlimatda nəzərdə tutulan normalardan çox olmayaraq ödənilir (3). Xidməti yerdəyişmə, hərbi hissənin siyahısından çıxarılmaqla təhsilə göndərilmə, hərbi hissənin dislokasiya (yerləşmə) yerinin dəyişilmə və həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmaqla əlaqədar olaraq hərbi qulluqçular və onların ailə üzvləri başqa yerə köçərkən onların ev əşyaları Müdafiə Nazirliyinin vəsaiti hesabına, daşınırlar. Hərbi qulluqçulara 3000 kq-dək əmlakın daşınması üçün çəkdiyi faktiki xərc yükün daşınması barədə qaimə-faktura və kassa mədaxil orderi təqdim edilməklə, müvafiq yükdaşıma müəssisəsinin müəyyən etdiyi tariflər müqabilində ödənilir. Ev əşyalarının daşınması hərbi qulluqçunun əvvəlki xidmət yerindən (ailəsinin yaşadığı yerdən) yeni xidmət (yeni yasavış) yerinədək həyata keçirilir (21).
Cavabdehin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi məbləğ yüksək olmaqla yersiz xərclərin artmasına gətirib çıxarır. Belə ki, statistik göstəricilər və ağlabatan məbləğ nəzərə alınmaqla təminedici maliyyə orqanı tərəfindən yükün hər çəkisinə görə 0,40 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 mart 2014-cü il tarixli, 132 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi daşınmalar və onlara görə hesablaşmalar haqqında” Təlimatın 21-ci bəndində hərbi qulluqçulara məxsus ev əşyalarının daşınması zamanı daşınma xərclərinin onların müvafiq daşıma şirkəti tərəfindən təqdim edilmiş qaimə faktiralar və digər sənədlər əsasında həyata keçirilməsi nəzərdə tutulmuş və həmin daşımalar üçün konkret tariflər nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin yüklərin daşınması zamanı ödənilməli olan daşınma xərclərini müəyyən edərkən təqdim edilmiş sənədlərdə göstərilən məbləğlərin ağlabat olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin bir sıra müddəaları “ağlabatanlıq” prinsipinə əsaslanır və Mülki Məcəllədə, o cümlədən digər qanunvericlik aktlarında “ağlabatan müddət”, “ağlabatan məbləğ”, “ağlabatan kompensasiya” kimi anlayışlardan istifadə olunur. “Ağlabatanlıq” prinsipi qanunvericilikdə müəyyən hüquq münasibətlərində verilməli müddətin, ödənilməli olan məbləğin, icra edilməli olan öhdəliyin həcminin imperativ olaraq təsbit edilmədiyi hallarda dövriyyəyə girir və hüquq münasibətləri iştirakçılarından, o cümlədən məhkəmə mübahisəsi zamanı işə baxan məhkəmədən işin halların uyğun olaraq müddətin, məbləğin, icra edilməli olan öhdəliyin həcminin müəyyən edilməsi üçün normal olan, yəni şişirdilməyən normativlərin müəyyən edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı iddiaçının yüklərin daşınmasını həyata keçirdiyi eyni ərazidən, Bakı şəhərinə hərbi qulluqçulara məxsus ev əşyalarının daşınmasına görə bu fəaliyyəti həyata keçirən şirkətlərə 1 kq. üçün 0,50-0,60 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən olunmuşdur. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, əşyaların daşınmasına görə iddiaçəya əlavə məbləğin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev