Məhkəmə qərarları › İş №2-1(112)-6628/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6628/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6628/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə Yardımlı rayonu Honuba kəndində anadan olmuşdur. O, 1980-cı ildən 1990-cı ilə qədər Yardımlı rayonu Honuba kəndində yerləşən orta məktəbdə təhsil almışdır. 1991-ci ildə Yardımlı rayonu Honuba kəndindən hərbi xidmətə yollanmışdır. Hərbi xidmət üçün onu Rusiya Federasiyasına göndərmişlər. Bu seçim ondan asılı olmadığı üçün o, Rusiya Federasiyasına yollanmışdır. 1993-cü ildə hərbi xidməti bitirdikdən sonra Rusiya Federasiyasının Anadır mərkəzinin Ugolie Kopi ərazisində yaşamışdır. xx.xx.1998-ci ildə X9 Nikolayevna ilə nikaha daxil olmuşdur. İddiaçının 2 övladı var - xx.xx.1998-ci il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X14. Həm həyat yoldaşı, həm də iki övladı Rusiya Federasiyasının vətəndaşlarıdır. İddiaçı, özü də Rusiya Federasiyasının vətəndaşıdır. 2022-ci və 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən hər dəfə 1 il olmaqla Azərbaycan Respublikasında yaşamaq üçün yaşamaq icazəsi almışdır. İcazəsinin müddəti xx.xx.2024-cü ilə qədərdir. Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Cavabdeh buna səbəb olaraq iddiaçının başqa ölkə vətəndaşlığına malik olmağını təsdiq edən sənədinin olmasını göstərmişdir. İddiaçı halhazırda ünvan 1 ünvanında ailəsi ilə yaşayır. O, hal-hazırda işləmir. Rusiya Federasiyasının vətəndaşı olaraq Rusiya Federasiyası tərəfindən ona əmək pensiya təyin edilmişdir. X16 Rəzdark və anası X1 rayonu Honuba kəndində anadan olmuşlar və elə Yardımlı rayonu Honuba kəndində də vəfat etmişlər. Həm anası, həm də atası Azərbaycan Respublikası vətəndaşları idilər. Dörd qardaşı və 6 bacısı var idi. Bir bacısı vəfat etmişdir. Hamısı Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan Respublikasında yaşayırlar. Rusiya Federasiyasının Anadır mərkəzinin Ugolie Kopi ərazisində 1990-cı illərdə poçt və digər əlaqə vasitələri yox idi. Bu səbəbdən iddiaçı ailəsi ilə əlaqə saxlaya bilməmiş, 2011-ci ildə öz bacı qardaşlarını tapa bilmişdir. İddiaçı 1996-cı ildən artıq Rusiya Federasiyasının vətəndaşıdır. Lakin Azərbaycan Respublikası vətəndaşlığından imtina ilə bağlı müraciət etməmişdir. Sadəcə məcburiyyət qarşısında bir müddət ölkəsindən uzaq qalmışdır. Azərbaycanda doğulmağını və hal-hazırda burada yaşamağını nəzərə alaraq onun vətəndaşlıq mənsubiyyətinin tanınması və ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsini xahiş edir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və cavabeh tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin araşdırmasına qədər Rusiya vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus İ-ЖГ seriyalı 410364 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1973-cü ildə Azərbaycan SSR Yardımlı rayonunda doğulmuşdur, atası azərbaycanlı X5, anası X2r. A seriyalı, 036293 nömrəli orta təhsil haqqında atestatdan görünür ki, iddiaçı 1990-cı ildə Azərbaycan SSR Yardımlı rayonunun Honuba kənd orta məktəbini bitirmişdir. MYİ seriyalı, ******* nömrəli vəsiqəyə əsasən, iddiaçıya xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Rusiya Federasiyası vətəndaşının 66 № ******* nömrəli pasportundan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İşdə olan ərizə-anketdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, ******* saylı qərarından görünür ki, 31 yanvar 1973-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Məhkəmə prose iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, hazırkı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət anlayışları fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 15-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı məsələləri tənzimləyir. Göründüyü kimi şəxs doğulduğu andan Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. Eyni zamanda əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş şəxs yenidən vətəndaşlığa bərpa edilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi isə “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanır. Həmin maddədə qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (1.2.). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (1.3.). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (2.1.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (4.4.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlıdır. Həmin maddədə göstərilir ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Göründüyü kimi “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi” Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması iddiaçının ikili vətəndaşlığının meydana çıxmasına səbəb olar. İddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər ki, bununla bağlı qanunvericilikdə ayrıca prosedur müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar