Məhkəmə qərarları › İş №2-1(112)-6629/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6629/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6629/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «iddiaçıya məxsus mənzilin daşınmaz əmlakın dövlət reyestri üzərinə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, 1987-ci ildə iddiaçı (İddiaçı) Bakı şəhəri, M.Cəlal küçəsində yerləşən mənzilini N.Nərimanov prospekti 9 saylı evin 69 saylı mənzilə dəyişmiş və ona 13 iyun 1987-ci il tarixli 080390 saylı order verilmişdir. İddiaçı həmin mənzilin özəlləşdirilməsi ilə əlaqədar 18 oktyabr 2021-ci il tarixdə “ASAN” Xidmətə müraciət edərək, sözügedən orderi təqdim etmişdir. 15 fevral 2022-ci il tarixdə iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 fevral 2022-ci il tarixli bidirişi təqdim edilmiş və həmin bildilirişdə iddiaçıya verilmiş yuxarıda ğöstərilən 080390 saylı orderin Bakı şəhəri Mənzildəyişmə İdarəsinin sənədləri arasında aşkar edilmədiyindən, ona məxsus mənzilin dövlət qeydiyyatına alınmasından imtina edildiyi göstərilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, o, mənzili qanuni şəkildə dəyişərək əldə etmiş və 35 ildən artıq olar ki, bu mənzildə yaşamış, heç vaxt, heç kim tərəfindən ona qarşı heç bir iddia irəli sürülməmişdir. Bakı şəhəri Mənzildəyişmə İdarəsinin sənədləri arasında orderin aşkar edilməməsi onun təqsiri kimi qiymətləndirilə bilməz. Çünki, onun həmin İdarə ilə heç bir əlaqəsi olmamışdır. Cavabdehin ona məxsus mənzilin qeydiyyata alınmasından imtinasının ləğv edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya məxsus mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi ilə əvəz etmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə yenidən əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, «iddiaçının Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 9, 69 saylı mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 18 dekabr 2021-cı il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur kı, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 9 saylı evin 69 saylı mənzilinə dair təqdim edilən 13 iyun 1987-ci il tarixli 080390 saylı orderi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya cavab məktubunda isə, vətəndaş İddiaçı adına verilmiş həmin orderin Bakı şəhəri Mənzildəyişmə İdarəsinin sənədləri arasında aşkar edilmədiyi bildirilmişdir. Bu səbəblərdən ərizənin icrası 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mümkün olmamış və iddiaçıya 8 fevral 2022-ci il tarixli **********02 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Mənzildəyişmə İdarəsi tərəfindən Bakı şəhəri, Mir Cəlal küçəsi, 83 saylı evin 97 saylı mənzilinin Bakı şəhəri, Cənub Sovetski küçəsi, 9 saylı evin 69 saylı mənzilinə dəyişdirilməsi barədə İddiaçı adına 13 iyun 1987-ci il tarixdə 080390 saylı order verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, N.Nərimanov prospekti, 9 saylı evin 69 saylı mənzilində qeydiyyatda olan aşağıdakı şəxslər daşınmaz əmlakın Dövlət Reyestrinə həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərinə dair ayrı-ayrılıqda ərizələr ünvanlamışlar: X6, X5 və X8. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 16 mart 2022-ci il tarixli BA-01496-2020 saylı məktubunda bildirilir ki, vətəndaşlara mənzillərə dair verilmiş orderlər, o cümlədən 13 iyun 1987-ci il tarixli 080390 saylı order Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sorğuya cavab olaraq ünvanlanmış 27 iyun 2022-ci il tarixli 489 saylı məktubunda bildirilir ki, ünvan 4 ünvanında yerləşən dövlət mənzil fonduna aid yaşayış binası Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır, həmin binanın 69/70 saylı mənzili xüsusi mülkiyyətdədir. İş materiallarında olan Bakı ŞİH MKTD Yasamal rayon MKTB 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 6 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, N.Nərimanov prospekti, 9 saylı evin 69 saylı mənzili 13 iyun 1987-ci il tarixli 080390 saylı orderə əsasən İddiaçı adınadır. Göstərilən mənzildə 1949-cu il təvəllüdlü İddiaçı, 1956-cı il təvəllüdlü X5, 1980-ci il təvəllüdlü X6, 1983-cü il təvəllüdlü X7 qeydiyyatdadırlar. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 7 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 9, mənzil 69 və ünvan 9 ünvanlarının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı ŞİH Başçısının Aparatının müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 20 iyun 2022-ci il tarixli 7-2830/17 saylı məktubunda bildirilir ki, Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1987-ci ilə dair sənədləri arasında 13 iyun 1987-ci il tarixli 080390 nömrəli order aşkar edilməmişdir. İş materialarında olan Bakı ŞİH MKTD Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müvafiq sorğu məktubunda cavab olaraq məhkəməyə ünvanlanmış 6 iyul 2022-ci il tarixli 605 nömrəli məktubunda bildirilir ki, ünvan 11 ünvanı Binəqədi rayon MKTB-nin xidməti ərazisində mövcud deyildir, digər ünvan ünvan 13 Birliyin xidmət ərazisinə aid deyildir. İş materialarında olan Bakı ŞİH MKTD Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müvafiq sorğu məktubunda cavab olaraq məhkəməyə ünvanlanmış 6 iyul 2022-ci il tarixli 843/g nömrəli məktubunda bildirilir ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 83, mənzil 97 ünvanı Yasamal rayon MKTB-nin xidməti ərazisinə aid olmadığından, hər hansı bir məlumatın verilməsi imkan xaricindədir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Bakı şəhəri Mənzildəyişmə İdarəsi tərəfindən Bakı şəhəri, Mir Cəlal küçəsi, 83 saylı evin 97 saylı mənzilinin Bakı şəhəri, Cənub Sovetski küçəsi (hazırkı N.Nərimanov prospekti), 9 saylı evin 69 saylı mənzilinə dəyişdirilməsi barədə onun adına verilmiş 13 iyun 1987-ci il tarixli 080390 saylı orderi və mənzildə yaşayan yetkinlik yaşına çatmış şəxslərin müvafiq razılıq ərizələrini təqdim edərək, həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahişi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi isə, iddiaçının adına verilmiş həmin orderin Bakı şəhəri Mənzildəyişmə İdarəsinin sənədləri arasında aşkar edilmədiyini bildirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda həmin İdarənin imtinasını mübahisələndirir və sözügedən mənzilə mülkiyyət hüququnun reyestrd\ qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətlərini həyata keçirir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Yasamal rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) orderini bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş Bakı şəhəri İcraiyyə Komitəsinin Xalq Deputatları Komitəsinin Xalq Deputatları Sovetinin (onun tabeliyindəki Mənzildəyişmə İdarəsi tərəfindən verilmiş) 13 iyun 1987-ci il tarixli 080390 saylı orderi Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 9 saylı evin 69 saylı mənzilin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Nəzərə alınmalıdır ki, sözügedən mənzilə dair 13 iyun 1987-ci il tarixli 080390 saylı orderə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından 13 iyun 1987-ci il tarixli 080390 saylı orderi mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin orderin nüsxəsinin Bakı ŞİH-in arxivində, eləcə də Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililında saxlanılan sənədlər arasında olmaması (arxivə təhvil verilməməsi) hazırkı İddiaçı iradəsidən asılı olan hal deyil və orderin mötəbərliyini təkzib edən xüsusat sayıla bilməz. Məhkəmə xüsusi ilə bir məqama toxunmaq istəyir ki, orderin nüsxəsi həmin qurumlarda aşkar olunmasa da, onun İddiaçı adına verilməsi Bakı şəhəri Yasamal RİH nəznində olan 64 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən də təsdiqlənir. Belə olan halda, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1 və 5-ci maddələrinə, eləcə də Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 9 saylı evin 69 saylı mənzilinə orada yaşayan yetkinlik yaşına çatmış şəxslərin də razılığı ilə mülkiyyət hüququ əldə etmiş sayılır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 17, 19, 24-cü maddələrinə zidd sayılmalı və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 9 saylı evin 69 saylı mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 9 saylı evin 69 saylı mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar