Məhkəmə qərarları › İş №2-1(112)-663/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-663/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-663/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Ə.Nizami ev Ö/T 65), cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 29, mənzil 8; ixtisası hüquqşünas; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük hüquq məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs -X8 qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 44A saylı mənzilə dair iddiaçının, İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında X4 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2003-cü il tarixli 001888 saylı order əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 44A saylı mənzil iddiaçıya verilmişdir. Cavabdehə ərizə ilə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 44A saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla müraicəitdən imtina etməsi qanunsuz və əsassızdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2019cu il tarixli məktubunda bildirmişdir: “ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-756/2018 saylı inzibati işi üzrə məhkəmə icraatının iştirakçısı qismində çıxış etməmisiniz. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); cavabdeh; inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 61-ci maddəsinə əsasən proses iştirakçıları bu məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər; Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq prosessual nümayəndəyə verə bilər.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Sözügedən məsələ ilə əlaqədar ərizənizin icrası qeyri-mümkündür və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 756/2018 saylı inzibati işi üzrə məhkəmə icraatının iştirakçısı (iddiaçı) X4 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi tövsiyyə olunur.” Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh orqanın imtina məktubunda istinad edilən 2-1(81)756/2018 nömrəli inzibati iş məhkəmənin arxivindən qaldırılmış və iş materiallarına baxış keçirələrək surətləri hazırkı işin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 756/2018 saylı inzibati işi üzrə iddia ərizəsinə əlavə edilmiş "xxxx"MTK-nın xx.xx.2017-ci il tarixli 01 saylı Protokoluna əsasən X7 ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 44a-da yerləşən 3 otaqlı və əlavə texniki mərtəbəsi olan ümumi sahəsi 157.8 kv.m olan mənzili və payı X4 adına keçirilmişdir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 756/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə iddia tələbi geri götürülmüş sayılmışdır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-77/2019 saylı hökmünün surətinə əsasən 2014-cü ildən "xxxx" MTK-nın sədri vəzifəsində işləmiş X2 və digərlərinin cinayət işi üzrə İddiaçı Məhərəm qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmün 14-cü səhifəsində göstərilmişdir: “Bundan başqa o, təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 17-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 56,5 kv.m. olan 44a N-li mənzilin Bakı şəhər icra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2003-cü il tarixli 001888 nömrəli orderi əsasında X1 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin Eynur Xuduyevə məxsus olduğunu deməklə Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 01 nömrəli protokolu ilə X6 170000 manata qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Eldar Rüstəmova satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri-Kooperativin iclasının xx.xx.2017-ci il tarixli 01 saylı protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş etməyi barədə eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə Eldar Rüstəmova verib, aldığı 170000 manat pulu qeyrisi ilə aralarında bölməklə...” (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-77/2019 saylı hökmünün 17-ci səhifəsinin 2-ci abzası) Beləliklə, göründüyü kimi, cavabdeh tərəfindən imtina məktubunda 2-1(81)- 756/2018 saylı inzibati işə istinad edərək,1 saylı Bakı Ərazi İdarəsinə X4 müraciət etməsini İddiaçı Məhərəm qızına tövsiyə etməsi əsassız və qanunsuz olmuşdur. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq İddiaçı Məhərəm qızının adına verilmiş xx.xx.2003-cü il tarixli 001888 nömrəli orderin, həmin orderin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, 036337 nömrəli xx.xx.2001-ci il tarixli Ordera əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, ünvanda yerləşən ümumi sahəsi 56.5 kv.m olan, 3 otaqlı, 44A nömrəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə X9 verilmişdir. İşin materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş Maliyyə arayışına əsasən X10 3 otaqlı, 44A nömrəli mənzilin dəyərini tam ödəmişdir. İş materiallarından görünür ki, "xxxx" MTK-nın 16 saylı protokolundan çıxarışa əsasən X10 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, ünvanda yerləşən ümumi sahəsi 56.5 kv.m olan, 3 otaqlı, 44A nömrəli mənzili İddiaçı vermişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 2B saylı xx.xx.2003-cü il tarixli Protokoluna əsasən İddiaçı kooperativə üzv qəbul olunması və bir nəfər ailə üzvünün orderə daxil edilməsinə razılıq verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 001888 nömrəli xx.xx.2003-cü il tarixli Orderinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, ünvanda yerləşən ümumi sahəsi 56.5 kv.m olan, 3 otaqlı, 44A nömrəli mənzil İddiaçı verilmişdir. İş materiallarından görünür ki, Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən çoxmənzilli binanın istismara qəbul edilməsi barədə aktın təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”na Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 (hazırkı ünvan 5 ünvanında yerləşən çoxmənzilli bina istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, ünvanda yerləşən ümumi sahəsi 56.5 kv.m olan, 3 otaqlı, 44A nömrəli mənzilə mülkiyyət hüququ əldə etdiyindən, onun həmin daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 44A saylı mənzilə dair iddiaçının, İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 44A saylı mənzilə dair iddiaçının, İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar